
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
Yanına gəldim, dil açdı
Meşəyə açılan qapı:
–Elə get gəz ki, olmayım
Əməyi puç olan qapı!
O qapını açıb girdim
Möcüzəli bir diyara.
Dırmandım üzü yuxarı
Pöhrəliyi yara-yara.
Yeridikcə cığır boyu
Özlərin ”didib-yedilər”,
Kollar tutub ayağımdan
”Bizi də apar!” – dedilər.
Çıxıb getdikcə, qarşımda
Neçə dik, dolama durdu.
Elə bil ki, sıralanıb,
Ağaclar salama durdu.
Çıxdım gözəl bir talaya,
Hər tərəf güldü, çiçəkdi.
Şəlalə məni çağırdı,
Uzaqdan şaqqanaq çəkdi.
Yel əsdi, uca budaqlar
Sanki mənə əl elədi.
Sıldırımda bitən çiçək
Göz-qaşla gəl-gəl elədi.
Dırmandım uca dağlara,
Yenə əməyim puç oldu.
Gözlərimin qarşısında
Təzə zirvələr açıldı.
Mən getdikcə, yumaq kimi
Cığırlar, yollar uzandı.
Gördüm bu iş mənlik deyil,
Dünyanın işi uzundu.
Düşdü axşam toranlığı,
Qayıtdım üzü aşağı.
Ürəyimdə həyat eşqi,
Gözlərimdə ay işığı.
Neçə çeşmədən su içdim,
Dolanıb neçə dağ gəldim.
Meşəyə açılan qapı,
Yanına üzü ağ gəldim…
13.08.1999. Qusar.