
Çoxmu qalır gəlməyinə?
qarşılayan mən olacam!
göz yumaraq hər işinə,
qarışmayan mən olacam,
Ömrün bir son baharında,
köçsəm durna qatarında,
vəfasızlar Divanında
qınanmayan mən olacam,
Qıyma; həyat qəfil sına,
ürəyimin vəfasına,
xəcalətlər boyasına
boyanmayan mən olacam,
Ürəkli ol, vaxta dirəş,
tacsız saman- adi küləş,
nə Ay olsa, nə də Günəş-
sənə yanan mən olacam,
Duymazsan qəlbin ahını?
Adam danmaz Allahını!
Özgə etməz- günahını
bağışlayan mən olacam,
Qurban olum gözlərinə,
rəhm elə bu sərsərinə,
hər dərdinə, hər sərinə
yenə şayan mən olacam,
Çoxmu tutum səni dilə,
yaşlar töküm gilə-gilə?
Üzün məndən dönsə belə-
xatırlayan mən olacam,
Yolların düşdü haradan?
yerimi bilir Yaradan!
Bəxş etdiyin yaralardan
sağalmayan mən olacam,
Satmaqdayam günü-günə,
güman qalmır gəlməyinə,
el desə də- ölməyinə
inanmayan mən olacam…