Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur. Əsl tarixi yaddaş şəhidlərimizin keçdiyi döyüş yolunun, göstərdikləri qəhrəmanlığın və Vətən uğrunda çəkdikləri əziyyətlərin gələcək nəsillərə dolğun və düzgün şəkildə çatdırılmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi qazisi Xəzər Abdullayev bildirib.

O qeyd edib ki, Azərbaycan mədəniyyəti dünya mədəni irsində hər zaman özünəməxsus və yüksək mövqeyə malik olub. Bu zəngin irsin qorunması üçün hər bir məsələyə böyük həssaslıqla yanaşmaq lazımdır.

“Tarixi-mədəni abidələrimiz xalqımızın milli kimliyini, mənəvi yaddaşını və yaradıcılıq ənənələrini yaşadan mühüm dəyərlərdir. Onların qorunması yalnız fiziki mühafizə məsələsi deyil, həm də milli düşüncəmizin, tarixi yaddaşımızın və mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə vacibdir. Şəhidlərimizin xatirəsini uca tutarkən onların azadlığı uğrunda canlarından keçdikləri torpaqların tarixi və mədəni simasını qorumaq da hər birimizin mənəvi borcudur”, – deyə Xəzər Abdullayev fikrini yekunlaşdırıb.

Müxbir – Günel Alıyeva

Mənbə: https://azertag.az/