Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil olunmuş ənənəvi “Beynəlxalq bazar”da iştirak edib.
AZƏRTAC xəbər verir ki, hər il BMT-nin Cenevrə şəhərindəki bölməsində – Millətlər Sarayında təşkil olunan “Beynəlxalq bazar”ın keçirilməsində məqsəd ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsi və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələr verilməsidir.
Builki “Beynəlxalq bazar” “Uşaqlar naminə ittifaq” şüarı altında təşkil edilib. Tədbirdə Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş daimi nümayəndələr, BMT-nin Cenevrə bölməsinin baş direktoru, Cenevrə kantonunun və şəhərinin rəhbərliyi, diplomatlar, ictimaiyyətin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın daimi nümayəndəliyinin ənənəvi olaraq iştirak etdiyi “Beynəlxalq bazar”da milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən eksponatlar nümayiş olunub. Eyni zamanda, Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitablar, jurnallar və digər materiallar iştirakçılara paylanıb. Azərbaycana aid nümunələr böyük maraqla qarşılanıb. Bununla yanaşı qonaqlara Azərbaycandan gətirilmiş peşəkar aşpazların hazırladığı Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.
Ötən illərdən fərqli olaraq, builki tədbirdə Cenevrədə Mariya Xan Xoyskayanın rəhbərliyi altında fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət “İrs” rəqs qrupu tərəfindən Azərbaycanın xalq rəqsləri qonaqlara nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan Respublikası hökuməti adından müəyyən məbləğdə maliyyə vəsaiti BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə yaşayan uşaqların xeyrinə layihələrin həyata keçirilməsi üçün sərf olunacaq.
“Beynəlxalq bazar”dan hər il toplanan təxminən 300 min İsveçrə frankı məbləğində vəsait dünyanın müxtəlif ölkələrində 100 minə yaxın uşağa yardım məqsədilə sərf olunur.
Növbəti “Beynəlxalq bazar”ın 2023-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
Mənbə: https://azertag.az/