Beynəlxalq arenalarda Azərbaycan bayrağını qürurla dalğalandırıb, himnimizi səsləndirən gənc istedadlardan biri də qol güləşi üzrə dünya çempionu Fuad Qazidir. Azərbaycanda idmana və gənclərə göstərilən dövlət qayğısının nümunəvi bəhrəsi olaraq onun Yaponiyada keçirilən Dünya Çempionatında bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə yüksəlməsini göstərə bilərik.

Fuad Yadigarbəy oğlu Qazi 31 iyul 2011-ci ildə Saatlı rayonunun Qaranuru kəndində dünyaya göz açıb. Bakı şəhərində yaşayan gənc idmançı qol güləşi idman növü ilə peşəkar səviyyədə məşğul olmağa 2023-cü ildə başlayıb. Təcrübəli məşqçi Ruslan Ahıskalının rəhbərliyi altında məşqlərə başlayan Fuad böyük uğurlara imza atıb.İdmana qədəm qoyduğu ilk gündən intizamı və qalibiyyət əzmi ilə seçilən Fuad Qazi qısa müddətdə ölkə daxilində keçirilən yarışların liderinə çevrilib. O, gərgin idman mübarizələri şəraitində 4 dəfə Respublika çempionu adını qazanaraq milli yığmanın əsas heyətində yerini möhkəmləndirib.

2025-ci ildə Azərbaycanda təşkil olunan Dünya Çempionatında 2-ci yerə sahib çıxıb və gümüş medal qazanıb. İdmana gəldiyi ilk gündən qarşısına böyük hədəflər qoymuş qalib gəncimizi Olimpiadaların birincisi olaraq görmək istəyirik.

Gülnar SƏMA, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının TOVUZ Bürosunun Rəhbəri.