***
Hörüyün elə bil qara ilandır,
Gah sinənə düşür, gah boynuna, qız.
Elə yandırmısan bu əyyamı ki,
Vəzir sənə baxır, şah boynuna, qız.
Mənim də canıma od ələmisən,
Gözüm səni görür, özümü görmür.
Yüz ildi yanıram, bir su atan yox,
Kölgən içimdəki dözümü görmür.
Fələk aramıza sədd atsın deyə,
Sənə qucaq-qucaq güd verib, hayıf.
Sənin süd əmdiyin zavalı qadın,
Hayıf ki, mənə də süd verib, hayıf…
***
Göz kimi qaralıb elçi daşları,
Nədən saç ağardır burda elçilər?
Bir az rəhmin olsun, insafsız adam,
Vallah, yem olacaq qurda, elçilər.
Sən də, çox nazlanma, daşürək pəri,
Hər köhnə daxmadan pir olmaz, vallah.
Ayrı küçələrdə sakinik hələ,
Bu il də ruhumuz bir olmaz, vallah.
…Mən də çox çıxmışam günah dağına,
Kölgəm çox əlləşir asdırsın məni.
Balama demişəm, yer tapılmasa,
O qızın gözündə basdırsın məni…