1495484_497576120351809_180516868_n

(Suriyalı uşaq)

Hər şeyi, hər şeyi deyəcəm Allaha
“Allahu-əkbər” deyə- deyə məni öldürdülər, deyə
Və deyəcəm ki,
Uşaqları öldürənlər gedəcəksə cənnətə
O, cənnəti istəmirəm deyə
Atamın kəsilən başı ilə top kimi oynadıqlarını
Cihad, cihad deyə- bacımı zorladıqlarını
Hər şeyi, hər şeyi deyəcəm Allaha

Uçurtma əvəzinə, raketləri seyr etdik
Ulduzların görsənmədi, səmamızda
Köksümüzü qana bulayan
Mərmilərin işiğında
Tutduq son diləyimizi, deyə- deyəcəm.
Şikayət edəcəm hamınızı
Şikayət edəcəm, atamın başına dəyən ayaqları
Hə birdə, ölərəkən silə bilmədim göz yaşlarımı
Cənnətdə yenidən bitirəcənmi?
Əlimdən qopan barmaqları, deyəcəm.

Hər şeyi, hər şeyi deyəcəm Allaha
Əgər, dinləsə məni.

Yeni şeirlər

Dəli kimi sevmək istərdim
və insan kimi yaşamaq
gözəl güllərin olduğu
gözəl bir məmləkətdə

Qaçıb getmək istərdim
və susub, dayanmaq
Və səssizcə yaşamaq
dolaşıb baxışlarına

gəlsə baharlar, yazlar
qaranquşların qanadında
sınsa qanadı ölümün
dodaqlarıma qonmuş adında

Sən ölsən

Sən ölsən
ölərəm mən də, məzarındakı güllərin ətrində
Allahın əmri
şeytanın üsyanı olan
insan həyatında
ölmə sən,
hələ balacayam mən
əmcəyi bərkiməyib sözlərimin
bax, hər sözə kövrəlir
İradəsi özündə deyil gözlərimin

Ölərik illər keçsin, hələ
Yazı qarşılayaq
Çiçəklər şeir yazsın sənə
Çiçəklər böyüsün
mən böyüyüm
boynu bükük çiçəklər əllərimdə
sən gözlərimdə
ölməyək, ölmənə.

Sil məni, qadın

Sənə şeir yazmaq istəyirəm, qadın
Sənin dilin ilə özümü ağlamaq
Məhv olan gəncliyimi
məhv olan həyatına qatıb
sənə olan sevgimi
sənə olan nifrəti
göylərdən atıb
torpaq altında sənə sarılıb
yatmaq istəyirəm qadın.

Oxumayacaq, sənə yazılan şeiri
səni ağladanlar
göz yaşlarını
doldurub badələrə
bədənini satın alıb
ruhlarını satanlar

Ağla məni, qadın
silim özümü, sənin yanaqlarında
sonra, gəl de- mənə
yazım özümü, yenidən
sənin dodaqlarında.