1956-cı ildə Ankarada doğulmuş Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli və mənəvi dəyərlərinə çox bağlı olan və inandığı müqəddəs dəyərləri digər insanlara çatdırmağı insanlıq vəzifəsi qəbul edən Adnan Oktar ideoloji mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin incəsənət fakültəsində təhsil aldığı müddətdə başlamışdır. Universitet dövrü ərzində ətrafında hakim olan materialist fəlsəfi cərəyan və ideologiyaların yanlışlığı haqqında həmin nəzəriyyələrin tərəfdarlarından da artıq məlumatlanaraq hərtərəfli tədqiqatlar aparmışdır. Bu məlumatlar işığında milli və mənəvi dəyərlərə təhlükə törədən darvinizm və təkamül nəzəriyyəsinin dünyaya verdiyi zərərlər və bu nəzəriyyənin müasir elmə məğlubiyyəti ilə bağlı əsərlər yazmışdır. “New Scientist” jurnalının 22 aprel 2000-ci il tarixli sayının ifadəsi ilə təkamül nəzəriyyəsinin yanlışlığını və yaradılışın doğru olduğunu cəmiyyətə çatdırılmasında cənab Adnan Oktar beynəlxalq qəhrəmana çevrilmişdir. Bundan əlavə, müəllif sionizm və masonluğun dünya tarixi və siyasətinə mənfi təsirləri ilə bağlı kitablar da yazmışdır. Bu əsərlərlə yanaşı, Quran əxlaqını və imani mövzuları təbliğ edən əsərlərlə birlikdə 300-dən çox kitabın müəllifidir.
“Cavid Yalçın” təxəllüsündən də istifadə edən Adnan Oktar əsərlərinin böyük əksəriyyətini Harun Yəhya təxəllüsü ilə nəşr etdirmişdir. Bu təxəllüs inkarçı dünyagörüşünə qarşı mübarizə aparan iki peyğəmbərin xatirələrinə hörmətlə onların adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülüb.
Müəllifin kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhüründən istifadə etməsinin simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) də xatəmül-ənbiya (son peyğəmbər) olmasının rəmzidir. Müəllif də nəşr etdirdiyi bütün əsərlərində Quranı və Rəsulullahın (s.ə.v) sünnəsini özünə rəhbər tutaraq inkarçı ideologiyaların bütün təməl iddialarını bir-bir təkzib etməyi və dinə qarşı etirazları tam susduracaq şəkildə son sözü deməyi hədəfləyir. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın (s.ə.v) möhürü bu son sözü söyləmək niyyətinin duası kimi istifadə olunur.
Müəllifin bütün əsərlərindəki ortaq hədəf insanlara Quranın təbliğini çatdırmaq və beləliklə, onları Allah`ın varlığı, birliyi və axirət kimi əsas imani mövzular üzərində düşünməyə sövq etmək və bəzi mühüm mövzuları xatırlatmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya və Hersoqovinaya, İspaniya və Braziliyaya qədər dünyanın bir çox ölkəsində rəğbətlə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, bosnyak, uyğur, indonez kimi bir çox dillərə tərcümə edilən əsərlər dünyada geniş oxucu kütləsi tərəfindən oxunur.
Dünyanın hər tərəfində çox bəyənilən bu əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanda dərinləşməsinə vəsilə olur. Kitabları oxuyan, təhlil edən hər insan bu dərin fərqin və faydanın, əsərlərdəki hikmətli, ağıllı, anlaşıqlı və səmimi üslubun fərqinə varır. Bu əsərlər sürətli təsir, qəti nəticə, təkzibedilməzlik xüsusiyyətləri daşıyır. Əsərlərin hər birində heç kimin təkzib etmədiyi, səmimi, açıq üslub və dəlillər var. Şübhəsiz ki, bu xüsusiyyətlər Allah`ın nəsib etdiyi hikmət və təsirli izahatdan qaynaqlanır.
Bu həqiqətləri nəzərə aldıqda insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasına təşviq etmək, əlbəttə, mühüm xidmətdir.
Bu dəyərli əsərləri tanıtmaq əvəzinə, insanlara şübhə verən, qarışıqlıq törədən, heç bir faydası olmayan əsərləri müdafiə edənlər də var. Bu insanlar müsəlmanların vəziyyətini, çəkdiyi əziyyətləri düşünməlidirlər. Unudulmamalıdır ki, dünyada davam edən zülm və qarışıqlıqdan xilas olmağın yeganə yolu Quran əxlaqı ilə yaşamaq və Quran əxlaqını təbliğ etməkdir. Müəllifin əsərləri bu xidmətdə əsas vəzifəni üzərinə götürmüşdür və bu əsərlər, Allah`ın izni ilə, XXI əsrdə dünyadakı insanları Quranda tərif edilən sülh və əmin-amanlığa, doğruluğa və ədalətə, xeyir və xoşbəxtliyə qovuşdurmağa vəsilə olacaq.
Adnan Oktar nə üçün təxəllüsdən istifadə edir?
Cənab Adnan Oktarın əsərləri qələmə almaqdakı məqsədi Allah`ın rizasını qazanmaq və oxucularını ancaq Qurana və Peyğəmbərimizin (s.ə.v) nümunəvi əxlaqına tabe olmağa dəvət etməkdir. Cənab Adnan Oktarın şəxsini ön plana çıxarmaq kimi məqsədi yoxdur. Əsərlərində də öz adı əvəzinə təxəllüsdən istifadə etməsi Cənab Adnan Oktarın bu xüsusiyyətinin bir dəlilidir.
Adnan Oktar ona tez-tez ünvanlanan sualları cavablayır:
Nə üçün qeyri-müsəlman xanımları televiziya verilişlərinizə çıxarırsınız? Bu, dinə uyğundurmu?
Müsəlmanın vəzifəsi bütün insanları İslam əxlaqına dəvət etmək, İslam dininin gözəlliklərini, Allah`ın sonsuz gücünü və qüdrətini hər kəsə təbliğ etməkdir. Müsəlman hər inancdan olan insana, məsələn, xristianlara, yəhudilərə, buddistlərə, hindulara və ateistlərə belə təbliğ etməlidir. Allah`ın kainatdakı yaradılış dəlillərindən, Quran əxlaqı və Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) sünnəsindən bəhs etməlidir. Peyğəmbərimiz (s.ə.v) də öz dövründə hər dinə mənsub, hər cür düşüncə tərzinə malik insanı İslam dininə dəvət etmiş, onlara sevgi və anlayışla yanaşmış, üstün əxlaqla davranaraq səbirlə onlara İslam əxlaqını təbliğ etmişdir. Biz də verilişlərimizdə hər dindən və inancdan olan insanları qonaq edir, onlara İslam əxlaqının gözəlliklərini və əsl müsəlmanın necə olmasını həm söz ilə, həm də əyani şəkildə göstərməyə çalışırıq. Təbliğdə məqsəd məhz İslam əxlaqını bilməyən, tanımayan bir insanı doğru yola dəvət etməkdir. Əgər “İslam əxlaqı ilə yaşamayan insanla danışmaram, münasibət qurmaram” şəklində yanlış anlayış mənimsənilsə, onda Quranda müsəlmanlara fərz edilmiş təbliğ ibadəti layiqincə yerinə yetirilməz.
Peyğəmbərimizin dövründə də müsəlmanlar və səhabələr hər cür həyat tərzinə malik insana dinimizi təbliğ edirdilər. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında açıq geyimli xanımlara təbliğ edirdi. Hz. Süleymanın Səba məlikəsi Bəlqisə öz sarayında necə təbliğ etməsindən Quranda ətraflı bəhs olunur. Ona görə, bir müsəlmanın açıq geyimli xanımlarla danışmaması, görüşməməsi və ya onlara təbliğ etməməsi Quran əxlaqına uyğun olmayan yanlış inancdır.
İnsanların qarşısında musiqi çalınmasını və rəqs edilməsini dinə əsasən necə açıqlayarsınız?
Müsəlman Allah`ın halal etdiyi bütün nemətlərdən ən gözəl şəkildə faydalanmalıdır. Çünki Allah dünya nemətlərini müsəlmanlara halal edib. Musiqi və rəqs də İslama əsasən halal olan cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərinin hamısını, gözəl geyimləri, zinətləri, rəqsi və bütün gözəl şeyləri yaradan Allah`dır. Bunların hamısını insanlara sevdirmiş, ruhu bu gözəlliklərdən zövq alacaq şəkildə yaratmışdır. Müsəlmanlar dünyada bu nemətlərdən halallar çərçivəsində faydalanar, axirətdə isə cənnətdə əbədiyyən bu nemətlərdən zövq alaraq yaşayarlar.
Tövratda hz. Davudun lira, dəf, qumrov kimi musiqi alətlərinin müşayiəti ilə nəğmə oxuyaraq Allah`ın hüzurunda rəqs etdiyindən bəhs edilir. Hətta hz. Davudun bu rəqsinə paxıllıq edən insanların olduğu da bildirilir. Rəqsi, musiqini, estetikanı, incəsənəti, elmi müsəlmanların əlindən alan və haram kimi göstərən xurafatçı düşüncə tərzidir. Bu nemətlərin haram göstərilməsi İslamın əleyhinə oynanmış oyundur.
Müsəlman dünya həyatındakı bütün gözəlliklərə ən çox layiq olan insandır. Mahnıların sözlərində dinə və müqəddəs dəyərlərə zidd, mənfi sözlərin olmamasına diqqət etdikdən sonra musiqi Allah sevgisini coşduran, insanı fərəhləndirən, qəlbi rahatladan nemətdir. Musiqi də, rəqs də insanın gündəlik həyatındakı nemətlərdəndir. Bundan əlavə, bizim verilişlərimizdə musiqinin, rəqsin, Quran söhbətinin, siyasətin və ya digər mövzuların eyni anda yer alması dinlə həyatın iç-içə olduğunu göstərmək, dinin həyatın hər anına hakim olduğunu insanlara göstərmək məqsədini daşıyır.
Qurana əsasən, bir qadının bu qədər kosmetikadan istifadə etməsi uyğundurmu?
Müsəlmanın ən böyük xüsusiyyətlərindən biri çox keyfiyyətli, tər-təmiz və baxımlı olmasıdır. Müsəlman kişilər də, qadınlar da dünyanın ən gözəl geyimli, ən kübar görünüşlü, ən baxımlı, ən bilikli, ən müasir insanları olmalıdırlar. Kosmetika da baxımlı və gözəl görünməyin halal yollarından biridir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar kosmetikadan istifadə edirdilər. Ancaq həmin dövrün imkanları çərçivəsində edirdilər. O dövrdə müsəlman xanımlar ənlik, kirşan, dodaq boyasından istifadə edir, əllərini və dırnaqlarını xına ilə rəngləyir, saçlarını xüsusi boyalarla boyayırdılar. Peyğəmbərimizin (s.ə.v) dövründə xanımların dırnaq lakı əvəzinə əllərini və dırnaqlarını xına ilə boyadıqlarından və Peyğəmbərimizin də (s.ə.v) xanımları buna təşviq etdiyindən bir çox rəvayətdə bəhs edilir.
Kosmetikadan az və ya çox istifadə edilməsi də tamamilə şəxsi zövqə bağlıdır. Bəzi xanımlar kosmetikadan çox istifadə etməyi xoşlayır, bəzilər isə xoşlamırlar. Bunun ölçüsü tamamilə şəxsi istəyə bağlıdır. Peyğəmbərimizin (s.ə.v) dövründə də müəyyən ölçü qoyulmamışdır. Peyğəmbərimizin (s.ə.v) sürməni nə qədər çəkdiyini, ölçüsünün nə qədər olduğunu da kimsə bilmir.
Qurana əsasən, qadınlar lider ola bilərlərmi?
Qurana əsasən, qadınlar həm lider, həm idarəçi, həm də hakim ola bilərlər. Allah qullarını bərabər yaradıb. İslamda qadının da, kişinin də yeri eynidir. Üstünlük qadın və ya kişi olmaqda deyil, üstünlük təqvaya görədir. Hətta qadınlar bəzi məsələlərdə daha həssas, mərhəmətli, sevgi və şəfqət dolu varlıqlar olduqlarına görə, mükəmməl idarəçilik qabiliyyəti ilə və ədaləti bərqərar etmək sahəsində əhil yaradılıblar.
Ancaq xurafatçı düşüncə tərzində qadınlar alçaldılır. Xurafatçı düşüncə tərzində qadının ağlına güvənməmək, hər sözünə müxalif olmaq kimi yanlış anlayış var. Quran bu batil anlayışı tamamilə aradan qaldırır. Quranda qadınlar hörmət edilən, sözünə etibar olunan, bitki kimi etina ilə davranılan dəyərli qullar kimi tərif edilir. Allah Quranda qadınları hər cür çətin işdən uzaqlaşdırır, hər məsələdə qadınlara asanlıq yaradır, qadınlar hər sahədə qorunurlar. Quranın kişilərə xitab etdiyini bildirərək bunu kişilərin üstünlüyünə dəlil göstərənlər Quranı doğru şərh etməyən insanlardır. Quranın kişilərə daha çox məsuliyyət yükləməsi qadınlara verilən dəyərdəndir. Bu, qadınlar üçün nemətdir. Allah qadınların rahat olması, gözəl həyat yaşaması üçün bir çox xüsusi hökm nazil edib. Bu, Allah qatında qadınlara verilən dəyəri göstərir, kişilərin üstünlüyünü deyil.
Hz. Süleymanın sarayına dəvət edərək təbliğ etdiyi Səba məlikəsinin Quranda mühüm yeri var. Səba məlikəsi öz ölkəsində hökmdardır, həm sərkərdə, həm hakim, həm də lider hökmündədir. Səba məlikəsindən bəhs edən ayələr Quranda qadının lider ola biləcəyinə dair ən gözəl nümunələrdən biridir. Bu ayələr dövlət orqanlarındakı bütün səlahiyyətli şəxslərin və əsgərin bir qadına necə itaət etdiyini və əmrinə tabe olduğunu göstərir.
Nə üçün verilişlərinizdə iştirak edən qadınların saçları sarıdır?
Verilişlərimizə çıxan sarışın xanımlarla yanaşı, bir çox qara, qızıl saçlı və ya qumral xanımlar da var. Saç rəngləri xanımlarımızın öz seçimidir. Sarı saç dünyada da bir çox xanımın üstünlük verdiyi, xanımlara yaraşan gözəl rəngdir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar saçlarını xına və kətəmlə boyayırdılar. Bundan əlavə, Peyğəmbərimizin (s.ə.v) bütün saç rəngləri arasında xüsusilə sarı saçı bəyəndiyinə dair bir çox hədis var. Odur ki, bir çox müsəlman xanım Peyğəmbərimizin (s.ə.v) bəyəndiyi bu rəngi sevir və üstünlük verir.
Mehdinin xüsusiyyətləri sizə çox uyğundur, eyhamla özünüzə işarə etdiyiniz bir söhbətiniz var, bu, dinə zidd deyilmi?
İnsanlarda mənim fiziki xüsusiyyətlərimdən qaynaqlanan, Mehdi olduğuma dair şübhələr və ya hüsnü-zənn ola bilər. Hədislərdə izah edilən hz. Mehdinin (ə.s) fiziki xüsusiyyətlərinə baxdıqda, həqiqətən, eynilə bənzərlik olduğunu görürük. İstər üzüm, istər bədənim hədislərdəki hərtərəfli təriflərə tam uyğundur, bu, doğrudur. Mən dürüst insanam, bənzədiyimi deyirəm, ancaq bu, Mehdilik iddiası deyil. Qurana əsasən, bir müsəlman “Mən Mehdiyəm” – deyə bilməz. Belə bir iddia etmək haramdır. Çünki bu insan cənnətə də gedə bilər, cəhənnəmə də. Əgər bir şəxs Mehdi olduğunu desə, cənnətlik olduğunu iddia etmiş olar. Bir insan Mehdilik iddia etmək üçün vəhy almalıdır. Qurana əsasən, yeni bir kitab və ya kitablı peyğəmbər gəlməyəcəyinə görə, mənim belə bir şeyi iddia etməyim qeyri-mümkündür. Belə bir şey olsa, insan dindən çıxar, müsəlman olmaz. Ancaq təbii ki, hər müsəlman Mehdi olmaq istər. Mehdi olmaq böyük nemətdir. Müsəlman Allah dostu olmaq, cənnətə getmək istər. Ancaq mehdilik iddia etmək olmaz.
Mən Mehdi deyiləm və mehdilik iddiam yoxdur. Heç vaxt belə iddiam olmaz. Ömrüm boyu belə bir iddia etməyəcəyimə dair Allah`ın adına and içmişəm. Ancaq açıq-aydın deyirəm: hz. Mehdi (ə.s) gəlib. Bu barədə Peyğəmbərimizin (s.ə.v) hədisləri, Quranın işarələri Mehdinin gəldiyini göstərir.
Əsasən, xarici modelyerlərin marka geyimlərini geyinirsiniz. Qeyri-müsəlmanların istehsal etdiyi şeylərdən istifadə etmək dinimizə görə uyğundurmu?
Quranda xurafatçı İslam anlayışı yoxdur. Müsəlmanlar musiqiyə, əyləncəyə, ən gözəl evlərə, ən gözəl yeməklərə, ən gözəl mühitlərə layiqdirlər. Allah Quranda “…Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur…” (Əraf surəsi, 32) – buyurur. Halbuki, xurafatçılara görə, bir müsəlman daima miskin olmalı, pis geyinməlidir. Xurafatçı baxımsız olur, estetikaya, incəsənətə, hər cür gözəlliyə qarşı olur. Xurafatçı məntiqinə əsasən, bir müsəlman keyfiyyətli, müasir, təmiz ola bilməz. Halbuki, peyğəmbərlər, səhabələr dövrün ən keyfiyyətli, ən müasir, ən təmiz insanları olublar. Quran bizi buna təşviq və tövsiyə edir.
“Müsəlman xarici marka məhsullardan istifadə etməməlidir” düşüncəsinin heç bir əsası yoxdur. Bu, tamamilə xurafatçılıqdır, halalı haram etməkdir. Bunu praktikada tətbiq etmək də qeyri-mümkündür. Çünki gündəlik həyatda istifadə edilən bir çox məhsulun emal mərhələsində əxlaqsız həyat tərzi keçirən, qanunsuz gəlir əldə edən, faiz yeyən və bir çox haram işlər görən insanlar işləyə bilər. Müsəlmanın yaşadığı, oxuduğu, işlədiyi yerdə əxlaqsız həyat tərzi keçirən, Quran əxlaqı ilə yaşamayan insanlar yaşaya bilər. Bu məntiqə görə, heç bir məhsuldan istifadə etmək lazım deyil, bu isə ağıldankənardır.
Kanalınızın adı nə üçün A9-dur?
A9 TV kanalı bizim qardaşlarımızın, bizi sevən insanların qurduğu kanaldır. Hər kəs kanalın adına bir məna verməyə çalışır. Bu, təvafüqən seçilmiş addır. Qədərdə A9 olmalı imiş. Ancaq əlbəttə, A9 adının çoxlu hikmətləri var. Məsələn, hz. Mehdinin (ə.s) doqquz xüsusiyyəti var. Biz də Mehdi tələbələri olduğumuza görə, A9 ona olan həsrətin simvolik mənası ola bilər. Hz. Əli (r.ə) də Mehdidən bəhs edərkən əli ilə 9 işarəsi verir. Ona da işarə edə bilər. Firon dövründəki rəsmlərdə də A9 loqosuna bənzərliklər var. Mason loqolarında da belə bənzərlik var. 3000-4000 il əvvəl Allah A9-un dəccalı, dinsiz fəlsəfi cərəyanları məhv edəcəyini onlara ilham edib. Digər tərəfdən, Allah`ın adı “A” hərfi ilə başlayır. Bu cəhətlərə görə A9 adı mənalıdır. Daha çox məna çıxarmaq olar.
Müasir cəmiyyətdə bu qədər danışılmalı problem var ikən daima Mehdi mövzusunu gündəmdə saxlamağınız bu qədər vacibdirmi? Bunu necə açıqlaya bilərsiniz?
Söhbətlərimdə İslam əxlaqının yer üzünə hakim olmasına və mehdiyyət mövzularına xüsusi yer verməyim Quran əxlaqının tələbidir. Hz. Mehdidən (ə.s) danışmaq, hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələmək, eyni zamanda, Peyğəmbərimizin (s.ə.v) sünnəsidir. Allah Quranda İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd etməyin bütün müsəlmanların məsuliyyəti olduğunu bildirir. Quranda bu mövzuda bir çox ayə var. Allah`ın adətullahına uyğun olaraq tarixin hər dövründə haqq dinin təbliğ edilməsində müsəlmanlara rəhbərlik edən, onları hidayətə yönəldən mənəvi lider olub. Axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirəcək şəxs hz. Mehdidir (ə.s). Peyğəmbirimizin (s.ə.v) səhih hədisləri ilə bu mövzu 14 əsr əvvəl insanlara müjdələnib. Peyğəmbərimmiz (s.ə.v) bu mövzunun əhəmiyyətini hədislərində açıq-aydın vurğulayır. Müsəlmanların da bu mövzunu gündəmə gətirib müjdələməsini bildirir.
Əgər mehdiyyət əhəmiyyətsiz mövzu olsaydı, Peyğəmbərimizin (s.ə.v) söhbətlərində bunu görməzdik. Ancaq əksinə, həm Peyğəmbərimiz (s.ə.v) bu mövzuya əhəmiyyət vermiş, həm də müsəlmanları hər dövrdə bu mövzunu gündəmdə saxlamağa təşviq etmişdir. Mən də Peyğəmbərimizin (s.ə.v) tövsiyəsini yerinə yetirirəm. Hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələyirəm, hz. Mehdini (ə.s) insanlara tanıdıram.
Bundan əlavə, Peyğəmbərimizdən (s.ə.v) başqa, 1400 ildən çoxdur ki, bütün böyük İslam alimləri də müsəlmanlara hz. Mehdinin (ə.s) gəlişini müjdələyiblər. Hər biri əsərlərində, söhbətlərində bu mövzuya çox geniş yer ayırıblar. Əhli-sünnənin böyük alimləri olan hədis alimlərimiz, məzhəb imamlarımız da mehdiyyət mövzusuna böyük əhəmiyyət veriblər.
Verilişlərinizdəki xanımların geyimləri dinə uyğundurmu?
İstər qadın, istər kişi olsun – hər müsəlman həmişə xarici görünüşünə çox diqqət etməli, gözəl geyinməli, tər-təmiz olmalıdır. Peyğəmbərimiz (s.ə.v) və yanındakılar da istər təbliğ edərkən, istərsə də gündəlik həyatda çox gözəl geyiniblər, ən keyfiyyətli paltarlara üstünlük veriblər.
Bundan başqa, İslam dinində məcburiyyət yoxdur. Biz hər kəsin anlayışına və fikrinə hörmətlə yanaşırıq. Xanım dostlarımız da öz istədikləri kimi, inanclarına uyğun şəkildə geyinirlər. İstəyən hicab taxır, istəməyən taxmır və istədiyi kimi geyinir, istəyən çarşaf geyinir, istəyən kosmetikadan istifadə edir – fərq etməz, hamısı bizim üçün nur kimi dəyərli müsəlmandır, heç bir ayrı-seçkilik etmirik.
Yəhudi və xristianlarla nə üçün görüşürsünüz?
Müsəlmanlarla xristianlar və yəhudilər arasında süni gərginlik yaratmağa çalışırlar, buna mane olmaq, bölgədə sülhün bərqərar olmasını təmin etmək üçün görüşlərin keçirilməsi şərtdir.
Müsəlmanlar və yəhudilər hz. İbrahimin (s.ə.v) övladlarıdır, bir tərəf İsmail oğulları, digər tərəf Yəqub oğullarıdır. Ona görə, iki qrup arasında qarşıdurma olması və münasibətlərin pozulması çox mənasız və yersizdir. Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi, yəhudi və xristian qardaşlarımızın qorunması Qurana və hədislərə uyğundur. Bəzi şəxslər Qurandakı “xristianları və yəhudiləri dost tutmayın” ayəsini yanlış anlayırlar. Bu ayədəki ərəbcə “vəli” sözü rəhbər, idarəçi mənasındadır. Müsəlman cəmiyyətdə müsəlman, xristian cəmiyyətində xristian, yəhudi cəmiyyətində də yəhudi rəhbər olması xalqın rahatlığı baxımından da təbiidir. Yəhudi və xristianlar bizim dünyada qardaşlarımızdır, onları sevir, hörmət edir və müdafiə edirik.