XOCALI
(Poema)

Əziziyəm Qarabağ,
Qara tale, qara baxt,
Şəhid oldu Xocalı,
Bu zülmə, bu qana bax.

Bir gözəl şəhər var idi,
Hər tərəfi çəmən, çiçək.
Bir qədim şəhər var idi,
Yaranmışdı gözəl, göyçək.

Xocalıydı onun adı,
Qədim insan məskəniydi.
Oarabağın cənnət yeri,
İgidlərin vətəniydi.

Xocalıgan ayrılırdı,
Qarabağa gedən yollar.
Burda heç vaxt baş əyməzdi,
Özgələrə mərd oğullar.

Xocalı bir nur tacıydı,
Dağlara işıq saçırdı.
Böyüyürdü gündən-günə,
Arzuları gül açırdı.

Qarabağım gözə gəldi,
Qəfil gəldi dərd-bəla da.
Qara buludlar oynadı,
Günəş batdı Xocalıda.

Zülmət çökdü o dağlara,
Sevindi cinlər, şeytanlar.
Dərd gətirdi qara yellər,
Qəfil başladı tufanlar.

Bax, o gecə Pənah xanın,
Sultan bəyin ruhu dindi.
Bax, o gecə göylər susdu,
Neçə-neçə ocaq söndü.

Bax, o gecə duz basmışdı,
Neçə igid yarasına.
Qan qoxusu qarışmışdı,
O dağların havasına.

Soyuq fevral gecəsində,
Üz-üzəydi haqla nahaq.
Hay-haraydan lərzə gəlib,
Titrəyirdi ana torpaq.

Bəd xəbərlər gətirmişdi,
Qara yellər bu diyara.
O gecədə sinələrə.
Vurulmuşdu neçə yara.

Sözlə demək mümkün deyil,
O gecəki müsibəti.
Dünya hələ görməmişdi,
Yaranandan bu dəhşəti.

Dörd tərəfdən bağlanır,
Xocalının yolları.
Burda sınır, qırılır,
Qarabağın qolları.

Daralır mühasirə,
Təngəfəs olur şəhər.
Çatmır Bakıya hələ,
Bu acı, qəmli xəbər.

Bakı öz hayındadı,
Yoxdu haya tələsən.
Stol davası gedir,
Işini görür düşmən.

Şəhər tək sinə gərir,
Gələn dərdə,kədərə.
Düşmən var gücü ilə,
Hücum çəkir şəhərə.

Göylərdən həsrət yağır,
Torpaq qəzəb püskürür.
Soyuq fevral gecəsi,
Xəyanət işin görür.

Bulud tutub göyləri,
Qan axır su yerinə.
Nə ay var, nə də ulduz,
Qara yel əsir yenə.

İlahi qismətə bax,
Əsrin, günün bu vaxtı,
Vətən, yurd sahibinin,
Sınıb qüruru, taxtı.

Qara rəngə bürüyüb,
Gecə bu yer üzünü.
Ürəyi daşlıların,
Qan tutubdu gözünü.

“Qrad”lar şaqqıldayır,
Mərmilər ulayırdı.
Güllələr çöl-çəməni,
Odlara qalayırdı.

Gəlirdi hər tərəfdən,
Silahlı saqqallılar.
Dişini qıcamışdı,
Xocalıya çaqqllar.

Bürümüşdü şəhəri,
Qəfil gələn qəm seli.
Yurdu yiyəsiz görüb,
Düşmən cumur irəli.

Bakıdan yoxdu kömək,
Xocalılar neyləsin.
Əli yalın adamlar,
Dərdin kimə söyləsin.

O gecə arvad, uşaq,
Tərk eyləyir şəhəri.
Dünyanın bu zülümdən,
Olmayır bir xəbəri.

Əli silah tutanlar,
Atılır döyüşlərə.
Bərabər deyil qüvvə,
Alovlanır dağ-dərə.

Düşmən quduz, qaniçən,
Başdan-başa silahlı.
Arxalı köpəklərə,
Tək neyləsin Xocalı.

Vətən deyən oğullar,
Gedir düşmən üstünə.
O gecə qaniçənlər,
Durub xalqın qəstinə.

Şəhəri qoruyanlar,
Döyüşür sona qədər.
Şəhidlərin qanıyla,
Suvarılır bir şəhər.

Geriyə çəkilməyə,
Nə yol var, nə də imkan.
Burda hamı bilir ki,
Köməyə yoxdu güman.

Şir kimi döyüşürlər,
Şəhəri qoruyanlar.
Bayquş kimi ulayır,
Zorilər, balayanlar.

Gülşənin zənglərinin,
Bakıya çatır çoxu.
-Ay qardaşlar hardasız,
Bizi qırırlar axı?

Nə Bakıdan bir cavab,
Nə Ağdamdan kömək var.
Şuşa susur o gecə,
Qana boyanır Qarqar.

Şəhərdən çıxanların,
Əl-ayağın don vurur.
Hər qayada, hər kolda,
Düşmən neçə tor qurur.

Düşmən dinsiz, imansız,
Gecə soyuq, şaxtalı.
Buz bağlayıb hər tərəf,
Cəllad sərxoş, havalı.

Susub quşların səsi,
Bülbüllər çaşıb qalıb.
Güllələr biçib tökür,
Yuvaları dağılıb.

Dağlar boynu bükülü,
Bulaqlar qan ağlayır.
Əsir qara küləklər,
Xocalıya qar yağır.

İtib insaf , mürivət,
Ürəklər daşa dönüb.
Belə qanlı müsübət,
Axı harda görünüb?

Bir kimsəyə aman yox,
Kişnəyir şərin atı.
“Qrad”lar, “Alazan”lar,
İflic edib həyatı.

Daşbulaqdan, Kətikdən,
Alov yağr şəhərə.
Düşmənlər yol açırlar,
Laçına, Kəlbəcərə.

Pircamal hönkürürdü,
Qarqar aşıb-daşırdı.
O gecə Qarabağla,
Millət vidalaşırdı.

O gecə çatlayırdı,
Şuşada Xan sarayı.
Göylərə ucalırdı,
Pənah xanın harayı.

Vaqif ağı deyirdi,
Nətavan saç yolurdu.
Üzeyirin sinəsi,
Dərddən şan-şan olurdu.

O gecə güllə dəydi,
Sinəsinə Bülbülün.
Topxananın, Qırxqızın,
Soldu Xarıbülbülü.

O gecə uşaq-böyük,
Qanına qəltan oldu.
O gecə ölənlərin,
Kəfənləri qan oldu.

Xatınla Xirosima,
Nalə çəkdi o gecə.
Fələklər ağı dedi,
Sübhə qədər gizlicə.

Aqilin hünərinə,
Məətdəl qaldı düşmən.
Əlif kimi qəhrəman,
Ola bilməz hər yetən.

Tofiq son ana qədər,
Qan uddurdu düşmənə.
Hikmət gərdi sinəsin,
O borana, o çənə.

Döyüşdü xocalılar,
Döyüşdü sona qədər.
Ağ bayraq qaldürmadı,
O döyüşdə bir nəfər.

Hamı Vətən, yurd dedi,
Hamı qalxdı ayağa.
And içdilər tanrıya,
And içdilər torpağa.

Şəhid oldu o gecə,
Altı yüz on üç adam.
Min iki yüz yetmiş beş,
Əsir düşdü o axşam.

Yüz əlli nəfər isə,
İtkin düşdü davada.
Yüz əlli qadın isə,
Şəhid oldu orada.

Məhv oldu səkkiz ailə,
Ağır oldu işgəncə.
İyirmi beş uşaq da,
Yetim qaldı o gecə.

Əlli altı nəfəri.
Diri-diri soydular.
Xocalını o gecə,
Yaman günə qoydular.

Üç nəfəri ocaqda,
Yandırdı qarı düşmən.
Cəllad yetmiş qocanı,
Öldürdü uf demədən.

Min oyun gətirdilər,
Əsirlərin başına.
Baxmadılar heç kimin,
Ahına, göz yaşına.

Görən gözlər kor oldu,
Kəsildi əl, ayaqlar.
Kəsildi qulaq, burun,
Nalə çəkdi uşaqlar.

Səmavarlar yandlrdı,
Gəlinlərin belini.
Kəsdilər körpələrin,
Ana deyən dilini.

Neçə-neçə insanı,
Itlərə yem etdilər.
Günahsız insanlara,
Yaman sitəm etdilər.

Zülüm ərşə dirəndi,
Xocalıda o gecə.
Cəllad kötüyü oldu,
O axşam hər tin, küçə.

Kitab, dəftərə sığmaz,
O gecənin dəhşəti.
O gecə çiçək açdı,
Düşmənlərin niyyəti.

O gecənin harayı,
Qulaqlara çatmadı.
O gecə şəhidlərin,
Ruhu rahat yatmadı.

Əzabla öldürdülər,
Köməksiz insanları.
Sel-suya dönüb axdı,
Ölənlərin qanları.

O gecəki dəhşəti,
Millətdən gizlətdilər.
O gecə bir şəhəri,
Yerlə yeksan etdilər.

O gecə qız-gəlinin,
Göyə ucaldı səsi.
O gecə bu millətin,
Olmadı bir yiyəsi.

Günahsız bəndələrin,
Üstünə od ələndi.
Ümidlər daşa dəydi,
Arzular qəlpələndi.

O şaxtalı gecədə,
Şəhid oldu Xocalı.
Çiçək kimi, gül kimi,
Yanıb soldu Xocalı.

O gecə yer üzündən,
Sildilər bir şəhəri.
Soyqırım törətdilər,
Qanla yudular yeri.

Qarabağın qəlbinə,
Çarpaz dağlar çəkdilər.
O şəhərin yerində,
Qara tikan əkdilər.

Hələ bu yer üzündə,
Olmamışdı belə iş.
Ah-naləni eşidib,
Sevindi Qara keşiş.

Şirin-şirin nəğmələr,
Acı ağıya döndü.
Qədim türk torpağının,
Odu, işıgı söndü.

Cəlladların işinə,
Fələklər şahid oldu.
Əsrin , günün bu vaxtı,
Bir şəhər şəhid oldu.

Xocalı bir yaradı,
Ürəyində millətin.
Hələ sonu görünmür,
Ayrılığın, möhnətin.

Vaxtında tədbir görüb,
Susdurmadıq düşməni.
Inandıq hər xoş sözə,
Dost bildik hər yetəni.

Bilmədik erməninin,
Qan-qadadı xisləti.
Girəvə tapan kimi,
Ağlatdı bu milləti.

Düşmənlərə tanışdı,
Bu millətin qeyrəti.
Heç bilmirəm o gecə,
Niyə verdik fürsəti.

Hələ meydan sulayır,
Qarabağda erməni.
Dünya hələ göz yumur,
Dəstəkləyir düşməni.

Eşitsin, bilsin aləm,
Bizimkidi Qarabağ.
Yadlara qala bilməz,
O dağ- dərə, bağça- bağ.

İndi bir nəfər kimi,
Qalxmalıyıq ayağa.
Dönməliyik təzədən,
O torpağa, o dağa.

Xocalı gedən gündən,
Ayrılıbdı dağ, aran.
Şəhidlərin ruhudu,
Hər gün bizi çağıran.

Xocalının qisasın,
Almalıyıq yağıdan.
Tələsin ey igidlər,
Yerdə qalmasın bu qan.

Bizimdi o dağ-dərə,
O torpaqlar bizimdi.
Qarabağ beşiyimiz,
O yaylaqlar bizimdi.

Axı necə barışaq,
O qarı düşmənlə biz.
Hələ də qan ağlayır,
Ürəyimiz, qəlbimiz.

Atılaq son savaşa,
Torpağı alaq geri.
Yolumuzu gözləyir,
Vətənin cənnət yeri.

Ava Vətən çağırır,
Gəlin səfərbər olaq.
Yumruq kimi birləşək,
Düşməndən qisas alaq.

Torpaq ata yurdudu,
Yurddan axı pay olmaz.
Xocalını almasaq,
Yurd bizi bağışlamaz.

Əzizim qara bağla,
Loğman ol, yara bağla.
Xocalı deyib hər gün,
Ağla gözlərim, ağla.