1533150_672733326111760_899121006_n

RÖYADA BİR LAYLA İSTƏYİRƏM

Bir layla istəyirəm,
Amma, onu deyən insan
bu dünyadan olmasın.
Bir layla istəyirəm,
Eşitdikcə o laylanı,
bir kimsə də sözlərə heç biganə qalmasın…
Bir layla istəyirəm,
Layla deyən o insanı
izlədikcə,
Gözlər yaşsız qalmasın!..
Bir layla istəyirəm…
Məzarlıqdan gələn babam,
Məni görüb bu laylanı söylədikcə,
Nur baxışlı gözləri ağlamasın!
Mən ilk nəvə olduğumçun
axı məni çox sevərdi,
Hörüklərimi tumarlar,
“Çox kitablar oxu qızım”-söylərdi.
Bir layla istəyirəm,
Yalançı, murdar insanlar,
Minsifətli şarlatanlar,
Guya ki, “ali əqidəli” şeytanlar,
Eşidəndə bu laylanı,
Tanrının əmri ilə,
Göydən-yerə dəyəydilər.
Xəcalət təri axıdıb, başlarını,
dizlərinə əyəydilər.
Bir layla istəyirəm,
Rəhmətlik babamın
Qıldığı pak namaz olsun.
Sözü ilə əməli bir olmayan,
Xəyanətkar insanlara Tanrımın,
vurduğu bir qapaz olsun!!
Başımı sinəsinə qoyum,
İnandığım, nadürüst insanlardan
Babama şikayət edim!
Bir layla istəyirəm,
Dinlədikcə saçlarımı,
Rəhmətlik babam oxşasın.
Qəlbimi incidən insanları,
Elə babam qarğışlasın!
Və ayılım,bu röyadan,
Bu layladan,
Desin “ Qızım, daha qala bilmərəm,
Mənim yolum bu dünya yox, çox müqəddəs bir yoldu”
Ay Allahım, laylam yarımçıq qaldı,
Bəs mənim nurani babam necə oldu??

MƏNİ SƏNDƏN SORUŞARSA….

Məni səndən soruşarsa,
De ki, səni çox sevərdi,
De ki, hər gün yola baxıb,
Gəlişini gözləyərdi.
De, birtəhər toxtayardı,
Mesajlarını hər saat
Təkrar-təkrar oxuyardı.
Deyilənləri görsə də,
Xəyanətini bilsə də,
Bir ümidlə yaşayardı.
Şəklini də sinəsinin
Arasında saxlayardı..
Nəhayət günlər ay oldu,
Aylar ötüb ilə döndü,
İllər soyuq yelə döndü…
Bir gün qəfildən zəng gəldi…
Etibarsız o kimsənin qəfil zəngi,
Soyuq qarlı qış axşamı,
Tanımadığın bir insan,
Qapını döyürdü sanki…
Fikirləşirsən, axı mən tanımıram,
Yəqin ünvanı səhv salıb.
Bir söruşum, işıqlı gündüzü qoyub,
Gecə vaxtı onu çöllərə kim salıb??
Bu insanı tanımıram,
Ehtiyacı yoxdu mənə,
Lap yəqin bu vaxt ərzində
Rast gəlib dumana-çənə!..
O üzdən qapını döyür,
Yoxsa məni soraqlamır,
Varlığımı aramırdı.
Belə nankor sevgilərin
Arxasıyca ağlamazlar,
Qəmgin olub, çağlamazlar!…
…Məni səndən soruşarsa,
De ki, səni çox sevərdi,
De ki, hər gün yola baxıb,
Gəlişini gözləyərdi…