Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.
Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
Yer altından notlar
Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.
Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
Dispetçerin səsi gəlir:
– 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!
Möcüzə
Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
Birdən qulağıma bir qadın səsi gəlir:
– Dəniz, Dəniz qaçma yıxılarsan..