A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub

Ensonxeber.az-ın məlumatına görə, hər gün Türksat, Azərspace, Arabicsat peyklərindən və 800-ə qədər saytdan canlı olaraq bir neçə dildə yayımlanan, təkcə internet üzərindən günlük izləmə sayı 1 milyondan çox, peyk üzərindən isə milyonlarla olan A9 Televiziyasında “Adnan Oktarla Söhbətlər” verilişinin bu dəfəki qonaqları azərbaycanlılar olub. Verilişdə Azərbaycandan Ramiq Vəliyev, Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Aysel Vəlizadə, Sevinc Haqverdizadə,L’man Piriyeva, Elvin Pirquliyev iştirak edib. Verilişdə cənab Adnan Oktar müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdən bəhs edərək başlayıb. Daha sonra Azərbaycandan gəlmiş qonaqlarla tanışlıq olub. Qonaqlardan Ramiq Vəliyev Azərbaycanda görülən işlərdən, ölkəmizdə gedən inkişafdan, Olimpiya oyunlarından və ümumilikdə Azərbaycan barədə məlumat verib. Daha sonra verilişdə Azərbaycan haqqında hazırlanmış qısa sənədli film göstərilib.

Cənab Adnan Oktar cənab prezident İlham Əliyevin İslam dini ilə bağlı sözlərindən bəhs edib və Ramiq Vəliyev Prezidentimizin İslam dini ilə bağlı sözlərini oxuyub. Cənab Adnan Oktar Prezidentimizin ailəsinin müasir və imanlı olduğunu vurğulayaraq ona və ailəsinə dua edib, gənclər tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. Verilişdə Bakı şəhərinin gözəlliyi haqqında söhbət edilərək, Bakının «Qafqazın Parisi» olduğu vurğulanıb. Verilişdə eyni zamanda yeni tikilən Heydər məscidi haqqında məlumat verilib.

Cənab Adnan Oktar azərbaycanlılar haqqında bu sözləri deyib: “Azərbaycan xalqı candır. Cəsarətlidir, vicdanlıdır. Çox tərbiyəlidir azərbaycanlılar. Çox hörmətlidirlər. Əxlaqları idealdır. Heç degenerasiya olub pozulmadılar, çox əsalətli qaldılar”.

Cənab Adnan Oktar Azərbaycanda İslam dini ilə bağlı görülən işlər barəsində bu sözləri vurğuladı: “Təbii ki, İlham bəy çox ağıllı davrandı, xurafata qapını heç açmadı. Həqiqi İslamın qapısını açdı, xurafatın qapısını bağladı”.

Cənab Adnan Oktar verilişdə Qarabağ problemi haqqında maraqlanıb və Ramiq Vəliyev cavab olaraq torpaqlarımızın 20% – nin hələ də işğal altında olduğunu vurğulayıb. Cənab Adnan Oktar isə məsələ ilə bağlı bunları deyib: «Onu geri alacaqsınız (işğal olunmuş torpaqları), onu geri alacaqsınız, mənə güvənin yaxında onu geri alacaqsınız”.

Daha sonra cənab Prezidentimiz və ailəsinin Həcc ziyarətinin şəkilləri göstərilib Adnan Oktar yenidən Prezidentimiz və ailəsinə dua edib. Verilişdə son olaraq Azərbaycan və Türkiyə dövlətləri arasında viza və pasport rejiminin aradan qaldırılmasının vacibliyi vurğulanıb. Cənab Adnan Oktar Azərbaycan və Türkiyə arasında viza və pasport sisteminin ləğv edilməsinin lazım olduğunu vurğulayaraq bu sözləri deyib: «Mən avtomobillə Bakıya gedib restoranda yemək yeyib geri gələcəyəm. Amma məndən xarici pasport tələb edilməməsi şərti ilə”. Verilişin sonunda cənab Adnan Oktar Azərbaycan dövlətinin hər türk övladının dövləti olduğunu vurğulayıb və Azərbaycanın inkişafı üçün dualar edib.