m

Bu dünyada şəfəq saçan günəşdi,
Ömürlərə bir zinətdi yaxşılıq.
İnsanların bir-birinə sevgisi,
Etibardı, sədaqətdi yaxşılıq.

Tanrının gözündə qiymətli ləldi,
Bəşər üçün qoyulmuş bir təməldi.
Yaradana ən xoş gələn əməldi,
Səxavətdi, ibadətdi yaxşılıq.

Qaranlıq gecədə aydı bədirli,
Sehrli nəğmədi, sözlü, sətirli.
Bir bahardı təravətli, ətirli,
Gül-çiçəkli təbiətdi yaxşılıq.

Yaxşı insan yaxşılıqla ucalıb,
Haqqın dərgahından qüvvət, güc alıb.
Məsəl var: ,,Əl tutmaq Əlidən qalıb”
Danılmayan həqiqətdi yaxşılıq.

Başımız üstündə haqqın sayəsi,
Əsil insanlığın əsil qayəsi,
Məhəmməd kəlamı, Quran ayəsi,
Möcüzəli bir hikmətdi yaxşılıq.

Baxma ki sən, doğrudan çox əyri var,
Mais Təmkin, heç vaxt olmaz əyri, var.
Yamanlığa yaxşılığın xeyri var,
Peyğəmbərdən bir adətdi yaxşılıq.