abdullamuellim

20 YANVAR şəhidlərinin əziz xatirəsinə.

Bu yağış-məhrəmi qaynar qazanın,
Bu yağış-məlhəmi qəbir qazanın.
Bu yağış torpağa şəhid ehsanı,
Bu yağış gözlərdən nidamış hərbə.
Qırmızı yağışlar yağarmış qəlbə.

Bu yağış-yanvarın çillə yağışı,
Qırmızı üzlərə sillə yağışı,
Mənliyə tuşlanan güllə yağışı,
Alovlu başlara yağan daş zərbə,
Qırmızı yağışlar yağarmış qəlbə.

Bu yağış-qəzəbi dillənən baxış,
Mürgülü gözlərdən zillənən baxış.
Bu yağış yollara səpilən qarğış,
Bu yağış ürəyə sancılan qəlpə,
Qırmızı yağışlar yağarmış qəlbə.

Bu yağış-yurdumun tale naxışı,
Qərənfil yağışı-qədər yağışı,
Ana-bacıların nifrət baxışı,
Bu yağış yağıya yönələn hədə…
Qırmızı yağışlar yağarmış qəlbə.

Bu yağış Bakının fağır başına,
Köz kimi səpilib,yağıb başına.
Elə bil bu dünya axır boşuna,
Bu yağış millətə dəyən daş zərbə…
Qırmızı yağışlar yağarmış qəlbə.

Bu yağış al qana çalan yağışdır,
Qəlbimi ilan tək çalan yağışdır.
Ümidi yadlara qalan baxışdır,
Güman çəkilibmi,Allahım,qeybə?
Qırmızı yağışlar yağarmış qəlbə!

Azərbaycan.Quba.
22.01.1990.