Yazıçı-publisist, şairə Pərixanım Mikayılqızı “Ay gözəl həkimlər, gözəl həkimlər” şeiri ilə “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu

Yazıçı-publisist, şairə Pərixanım Mikayılqızı “Ay gözəl həkimlər, gözəl həkimlər” şeiri ilə “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu

Dünya əhalisi təhlükədədir. Yer kürəsini çiyinlərində saxlayaraq insanları xilas etməyə çalışan qəhrəman həkimlərimizə növbəti alqış Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzlədirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Pərixanım Mikayılqızındandır.

  Kitabxana  virtual məkanda xidmətini davam etdirir.

Yazıçı-publisist, tədqiqatçı, jurnalist Pərixanım Mikayılqızı 2007-ci ildən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğuldur. P. Mikayılqızı 2013-cü ildə cənab Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, F.B.Köçərlinin 150 illiyinin keçirilməsi ilə əlaqədar ədibin “Əsərləri” və “Balalara hədiyyə” kitablarını, daha sonra F.B.Köçərlinin yaradıcılığına həsr edilmiş “Ümmətdən-Millətə doğru” elmi əsərini nəşr etdirmişdir.

İki şeirlər kitabı daxil olmaqla Pərixanım Mikayılqızı altı kitab müəllifidir. Onun 80-dan çox elmi və publisistik məqalələri müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Müxtəlif bəstəkarlar tərəfindən 20-yə yaxın şerinə musiqi bəstələmişdir. O, hal-hazırda “Elm və təhsil” qəzetinin baş redaktorudur.

Yorulmaq bilmədən çalışan bu ziyalı, mehriban, humanist və xeyirxah xanım “Ay gözəl həkimlər, gözəl həkimlər” şeiri ilə “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu.

Şeiri oxuculara təqdim edirik.

Ay gözəl həkimlər, gözəl həkimlər

Şərəfli peşənin sahiblərisiz,

Bizim ümidimiz gözəl həkimlər.

Hər kəsin ilk andan kömək yeriniz,

Ay gözəl həkimlər, gözəl həkimlər.

Nə gündüz, nə gecə bilməyirsiniz,

Yoruldum, ya bezdim deməyirsiniz.

Günlərlə evinizə getməyirsiniz,

Ay gözəl həkimlər, gözəl həkimlər.

Bilirik sevirsiz öz peşənizi,

Korona virus da qorxutmur sizi.

Qoydunuz qəlblərdə heykəlinizi,

Ay gözəl həkimlər, gözəl həkimlər.

Nə qədər təriflər deyilsə sizə,

Azdır söyləyənlər şərəfinizə.

Arxa dayaqsınız hər birimizə,

Ay gözəl həkimlər, gözəl həkimlər.

Ömrünüzü bizə həsr etmisiz,

Ən ağır günlərdə dada yetmisiz.

Yol uzaq olsa da yenə getmisiz,

Ay gözəl həkimlər, gözəl həkimlər.