Layihə əsasında Ağcabədi rayonuna təşkil olunmuş virtual tur

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası  “Ölkəmizi tanıyaq” layihəsini davam edərək “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti turun  videoçarxını təqdim edir. Təbiətinin gözəlliyi, tarixinin qədimliyi ilə diqqəti cəlbedən Quba, Gəncə, Bərdə, Ucar, Xızı, Daşkəsən, Tovuz, Göyçay, Samux, Qax rayonları kimi Ağcabədi də özünəməxsus xüsusiyyətləri ilə seçilir. Növbəti turumuz iri məskən mənasını daşıyan Ağcabədi rayonunadır.

Videoçarxın giriş hissəsində Azərbaycan Respublikasının xəritəsində Ağcabədi rayonunun ərazisi verilmiş, daha sonra rayon haqqında ümumi məlumat  əks edilmişdir. Məlumata əsasən, Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə isə ləğv olunaraq Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Ağcabədi rayonunun Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəd olduğu da qeyd edilib.

İzləyicilərə təqdim olunan videoçarxda Ağcabədinin iri yaşayış məntəqələri olan – Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Hüsülü, Qaravəlli, Təzəkənd, Kəbirli, Minəxorlu və s. kimi kəndlərinin, bu zonalara aid olan muzeylər və müasir binaların siyahısı verilmiş, qeyd edilən ərazilərin fotoları da toplanmışdır. Ağcabədi ərazisində fəaliyyət göstərən Ağcabədi Süd Emalı Zavodu,  Ağcabədi Un və Çörək Məmulatları Zavodunun fotoları da izləyicilərə təqdim olunmuşdur.

Videoçarxda rayonun eneolit, tunc, antik və orta əsrlər dövrünə aid olan qədim yaşayış yerlərinin qalıqları, orta əsrlərə aid daşdan yonulmuş formalı baş daşları və qəbirstanlıqlar əks olunmuşdur.

Ağcabədinin görkəmli şəxsiyyətlərindən Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov kimi bəstəkarların, Könül Kərimova, Tağı Salehov kimi müğənnilərin, 1966-cı ildə futbol üzrə Dünya çempionatının final oynunda hakim olan  Tofiq Bəhramovun və digərlərinin videoçarxda adları qeyd edilmişdir.

Ağcabədinin həmçinin rəngarəng flora və faunası, özünə xas olan  mətbəxi, keçmişi ilə maraq hissi doğuran tarixi, memarlıq və incəsənət abidələri, XIX əsrə aid kitab da videoçarxda öz yerini almışdır.

Videoçarx “Ağcabədi” mahnısı ilə müşayiət olunur.

Videoçarx YouTube-da yerləşdirilib

“Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da hazırlanmış videoçarxları izləmək mümkündür.

Layihə əsasında Azərbaycanın rayonları haqqında silsilə videoçarxlar hazırlanmaqda davam edir.