Ciddi karantin rejiminə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsinin növbəti virtual turu: İsmayıllı rayonu

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası  ciddi karantin rejiminə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti videoçarxı hazırladı. Koronavirusa görə evdə qalan əhali üçün növbəti virtual səyahət qədim və müasirliyin gözəlliyini özündə əks etdirən İsmayıllı rayonunadır.

Videoçarxda ilk olaraq, İsmayıllı rayonunun ərazisi və əhalisi haqqında ümumi məlumat toplanmış və təbiətinin geniş təsviri verilmişdir. Topçu, Buynuz, Diyallı, Talıstan, Qalıncaq, Basqal və digər qalın, böyük su saxlayıcı qabiliyyəti ilə seçilən meşələrin, Babadağ, Əsəddağ, Şahnəzərdağ, Niyaldağ, Fit dağ, Küpüc dağ, Qabandağ, Uçital dağ, Novdağı, Səlim Soltan dağı kimi əzəmətli, uca dağların, Ağsuçay, Əyriçay, Sulutçay, Talıstançayı, Lüloçay, Kişlərçay, Ax-ox çayı, Girdimançay, Ağçay və s. suyu gur olan  çayların, Qalacıqdağ, Brovdaldağ, İstisu kimi şəlalələrin, Qozlu, Şirin su, Qoşabulaq, Cənnət və s. suyu təmiz bulaqların adları qeyd olunmuş və izləyicilər üçün fotoları toplanmışdır.

Videoçarxda İsmayıllının zəngin meşə örtüyündə və digər yamac ərazilərində bitən göyrüş, palıd, vələs, yabanı püstə, ardıc, xan çinar, qızılağac, pəl, qulançar, mayaotu, mərəfcə, sumax, kaprifol, andız, düyəmə və b. bitkilərlə təbiətə xüsusi rəng qatan florası, həmin ərazilərdə məskunlaşan adi və oxlu kirpi, yazıpişiyi, köngər, Qafqaz tetrası, toğlugötürən quş, qırğı dimdikli tetraçalar, qonur ayı və digər heyvanlardan ibarət olan faunası fotoları ilə birlikdə əks olunmuşdur.

Videoçarxın davamında qədimliyi ilə fərqlənən  Cavanşir qalası (VI-VII əsr), Fit qalası (VII əsr),  Xanagah Qız qalası (VII-VIII əsr), Girdiman qalası (XI-XII əsr), Xan qalası, məscidlər və digər  tarixi abidələrin, bununla yanaşı müasir binaların,  muzeylərin, ziyarətgahların fotoları da təqdim olunmuşdur. Ziyarətgahlar sırasında Talıstan kəndində yerləşən Papaq piri, Əhən kəndində yerləşən Əhən Piri, Qalıçaq kəndində yerləşən Yel və Axund Baba pirləri ilə yanaşı ziyarət edilən digər pirlərində fotoları verilmişdir.

Xalçaçılığı ilə seçilən İsmayıllı rayonuna məxsus Şirvan, Pərvan, Qollu çiçək, Dağlı çiçəyi, Pərvədil, Zeyvə kimi xalçaların fotoları əks olunmuşdur.

İsmayıllının tarixi və müasir görkəmli şəxsiyyətlərin siyahısı videoçarxda qeyd olunmuşdur.

Videoçarxın sonunda bir-birindən fərqli ləzzətləri ilə seçilən mətbəxinə aid pip dolması, səməni halvası, Basqal halvası, həlim aşı, səbzi-plov, döşəməli plov, pəl qutabı, umac, xəmrəli, fəsəli, sac içi, lobya turşusu və  başqa yeməklərin adları verilmiş, həmçinin fotoları da təqdim edilmişdir.

Təqdim olunan videoçarxın giriş hissəsi Pünhan İsmayılovun səsləndirdiyi “Ay İsmayıllı” şeiri, davamında isə Kamilə Nəbiyevanın mahnısı verilmişdir.

İsmayıllı rayonu ilə bağlı olan videoçarx aşağıdakı linkdə yerləşdirilib:

 “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.