Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

DAĞLAR

Ərit başındakı sazağı, qarı,
Bitir dilimdəki amanı, dağlar.
Durult bu bulanıq, lilli suları,
Seçim yaxşı ilə yamanı, dağlar.

Bu necə küləkdi, tufan qopardı,
Kəsilmir, hələ də gəlir hey ardı.
Tumurcuq gülləri yolub apardı,
Saxladı sovulmuş samanı, dağlar.

Hanı yamacların gülən gözləri,
Hanı çiçəklərin həmən nazları,
Ah çəkər, of eylər aşıq sazları –
Bürüyər canımı dumanı, dağlar.

Hər kəs öz içində susub ağlayar,
Səbrin qulağımı deşər, dağlayar.
Uçurum ucunda tutub saxlayar
Kimin var qəlbində imanı, dağlar.

Yüzünü itirdim birin tapalı,
Haqq nahaqq arası bağlar qopalı.
Əl-qolum bağlıdır, ağzım qapalı,
Mən necə yaşayım zamanı, dağlar.

17.04.2021

AÇAMMIRAM DÜSTURUNU HƏYATIN

Dörd tərəfim qaranlıqdır, İlahi,
Bir şam yandır yollarımı aydınlat.
Açammıram düsturunu həyatın,
İzahını gəl mənə də bir anlat.

Bugün yenə qırılmışam hamıdan,
Qoy getsinlər, bu gecə qal yanımda.
Sabah özüm yaracağam zülməti,
Dan üzünün şəfəqi var canımda.

Bir quş kimi təsəllinə uçuram,
Yükləmişəm qanadıma səmanı.
Hansısa bir möcüzənin xətrinə,
Saatlarda aldadıram zamanı.

Yollar məni apardıqca aparır,
Bunca yükü daşımaq da çətindir.
Axı belə ağrılarla baş-başa,
İnsan kimi yaşamaq da çətindir.

Əyrilər var, çoxusu düz biçimdə..
Həddim deyil sual verim, İlahi.
Bu yolsuzlar, bu yersizlər içində,
Haradadır mənim yerim, İlahi.

Bilirsən ki, zülümlərlə yaşatdım,
İçi doğru, çölü yalan ömrümü.
Qoyma belə qaranlıqlar aparsın,
İşıqlandır geri qalan ömrümü.

AXŞAM OLDU

Axşam oldu, ömrümüzdən
quş kimi bir gün uçdu.
Həyat bir növ əvvəlinə
qayıdan bir sonucdur.

Hər şey unudulub gedir,
yerində yellər əsir.
Ürəyim, qoru özünü,
zaman qılıncdır, kəsir.

Heyfin gəlsin yanağına
vermə, bu qədər selə.
Gülüş qondur dodağına
özünü xoşbəxt elə.

Kimdir səni sənin kimi
bilib ürəkdən yanan,
Arzuladığın o kimsə,
o nəysə dəyməz, inan.

Gülümsə, gözüm çiçəyi,
gülümsəmək savabdır.
Hərdən danış, hərdən dinlə,
həyat sual-cavabdır.

Axşam oldu, ömrümüzdən
quş kimi bir gün uçdu.
Həyat bir növ əvvəlinə
qayıdan bir sonucdur.

13.04.2021