Category: Azərbaycan ədəbiyyatı

  • Müzəffər MƏZAHİM.”Qoru məsləkini”

    mm

    (Gənc həmvətənlərimə)

    Sən hələ dünyadan umacaqlısan,
    Həyat sənin üçün təzədən təzə.
    Tükənməz eşqinlə elə bağlısan,
    Cavansan, bənzəyir ömrün dənizə.

    Baxdığın məhəbbət kinolarıtək,
    Günləri bənzərsiz görürsən hələ.
    Şahmat taxtasının xanalarıtək,
    Yolların hər yerdən çıxır sahilə.

    Səninçün keçmiş yox, xoş gələcək var,
    Yeganə xatirən dünənki görüş.
    Səni zirvələrə aparan yollar,
    Əqidə ölçündür, əbədi yürüş.

    Hazırsan dünyanı qucaqlamağa,
    Yeddi rəngə çalan göy qurşağıtək.
    Nə qədər “dost”un var bel bağlamağa,
    Hamısı “sınanmış”, “dostluğu gerçək”.

    Gözündə qorxu yox, ürəyində kin,
    İnamın şimşəyi susdura bilər.
    Görkəmində qürur, sözündə təmkin,
    Qorxuda bilərmi səni tənələr?

    Sonsuz arzuların qanadındasan,
    Yaşıl işıqlardır yolunda yanan.
    Hələ həqiqətlər inadındasan,
    Sıni öz toruna salmayıb yalan.

    Sabaha inamla baxan gözlərin,
    Heç kəsin yanında kölgəli deyil.
    Qırar damarını addımın yerin,
    Sözlərin yübaşlı “bəlkə”li deyil.

    Açıq söylədikcə düşündüyünü,
    Sənə sadəlövh tək baxır çoxları.
    Kələfin ucuna düşən düyünü,
    Hələ öz xeyrinə sıxır çoxları.

    Ehtiyat öyrədir adama həyat,
    Öyrəndin, qorxuya qul oldun, demək.
    Lazım gələn yerdə səsini qıssan,
    Cəsarət dərsindən qovuldun, demək.

    Zamanın dəyirman daşını saxla,
    Dola gur çayları bilələrinə.
    Söykən el gücünə, Kür kimi çağla,
    Qoy Vətən söykənsin kürəklərinə.

    Hazır ol keçməyə çətin yolları,
    Hazır ol hər əmrə əsgər kimi sən.
    Ayağa qaldırıb mərd oğulları,
    Bir gün imtahana çəkəcək Vətən.

    Qoru o gün üçün, qoru gücünü.
    Qoru məsləkini son güllə kimi.
    Yurdumuz min ildir alır dincini,
    Parla gözlərində bir şölə kimi.

  • Nisə QƏDİROVA.”Belə”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Ağlatma gəl sinən üstə sazını,
    Hərdən-birdən gülə-gülə çal belə.
    Dərd sarılıb boğazıma ilantək,
    Zəhər dadır, qadan alım, bal belə.

    Qəlb ovunmur, ayrı jdüşüb elindən,
    Dad dostların fitnəsindən felindən.
    Qoy söyləyim kəm bəxtimin əlindən
    Necə yandı öz ağzımda dil belə.

    Kimi qulun, kimi şahın qurbanı,
    Mizrabından qopan ahın qurbanı,
    Mən olmuşam bir günahın qurbanı,
    Külümü də sən sovurma gəl belə.

  • Nisə QƏDİROVA.”Sənsiz quru daşam”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Kaş oda ataydın külüm qalaydı,
    Kaş ölüb gedəydim zülüm qalaydı.
    Əlimdə saralmış gülüm qalaydı,
    Sinəmdə viranə könül qalınca.

    Mən səni de hansı sözlə ağlayım,
    Kamanla ağlayım, sazla ağlayım,
    Ürəklə ağlayım, gözlə ağlayım,
    Bəlkə özüm gəlim, özüm dalınca?

    Sənsiz quru daşam, quruca kəsək,
    Bu daşın yaş üzü göyərməyəcək.
    Dağılsın bu divar yenə görüşək,
    Neçə yol ölürəm yada salınca.

  • Müzəffər MƏZAHİM.”Elmdar”

    mm

    Bu ilin aprel döyüşlərində Neftçala rayonunun Aşağı Qaramanlı
    kəndindən şəhid olmuş Elmdar Səlimxan oğlu Səfərova

    Gördün ki, qalıb torpağımız darda, Elmdar,
    Gənc ömrünü qurban elədin yurda, Elmdar.

    Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər,
    Qüsl aldın amalıdakı o nurda, Elmdar.

    Sayəndə şərəfləndi yenə milli qürurum,
    Qüdsal əməlindən od alıb tar da, Elmdar.

    Tərlanlara oylaqdı bizim Azərbaycan,
    Mütləq alınar intiqamın burda, Elmdar.

    Minlərlədir sən tək Vətənin qəhrəman oğlu,
    Labüddür zəfər müjdəsi, var harda Elmdar!

    Gəl, bir də, Müzəffər, de:-Könüllərdi məkanın,
    Abaddır o qəlb ki, yaşayır orda Elmdar.
    18.04.2016

  • Müzəffər MƏZAHİM.”Çingiz”

    mm

    Bu gün şəhid jurnalist, telereportiyor, Milli qəhrəman
    Çingiz Mustafayevin anım günüdür.

    Vətən aşiqiydi, el vurğunuydu,
    Zirvəyə ucalan cığırdır Çingiz.
    Sevgi buluduydu, sonsuz eşq ilə,
    Bu yurdun köksünə yağırdı Çingiz.

    Qorxdular Vətənə sədaqətindən,
    “Şəhər uşağı”nın cəsarətindən,
    Xalqın sevgisindən, məhəbbətindən,
    Bütün təltiflərdən ağırdı Çingiz.

    Güllə yağışında islandı hər gün,
    Halal haqqımızı tanıtmaq üçün,
    Bilirdi xoşluqla çözülməz düyün,
    Nə yerə, nə göyə sığırdı Çingiz.

    Saxlaya bilmirdi bəzən hirsini,
    Qaçana verirdi qeyrət dərsini.
    Yaşatdı qanında Qorqud irsini,
    Milləti birliyə çağırdı Çingiz.

    Çiynində kamera, qəlbində təpər,
    Ən qaynar yerlərə oldu səfərbər,
    Çəkdi tariximi, yazdı şah əsər,
    Haqqımı dünyaya bağırdı Çingiz.

    Gördü ki, çıxmasa bu yurda yiyə,
    Ümidlər puç olub sovrular göyə,
    Vətənin dərdinə məlhəmdir deyə,
    Torpağı qanıyla yoğurdu Çingiz.

    12.03.2014

  • Cabir ALBANTÜRK.”Xankəndindən Şuşayacan”

    Cabir A

    Xankəndində körüklənən
    “Ocaq” közü İrəvandan.
    Sumqayıtda sürüklənən
    Cinayətin başı – “yan”dan.

    20 yanvar yuxusu
    Qəbrə əkildi millətin.
    Qırıldı, amma qorxusu
    Səbrə çəkildi millətin…

    Vertalyotda qırılandan
    Dövlətimin qanadları,
    Milətimin qollarında
    Məğlubiyyət qandalları…

    Daşaltıda düşdüyümüz
    Daş altından çıxmalıyıq.
    25 il deşdiyimiz
    Yaraları sıxmalıyıq…

    Qart dünyanın vecinəmi
    Xocalımın soyqırımı?!
    Bəşər, yoxsa əcinnəmi
    Daşnaksütun – hay qurumu…

    Xocalının “qırxını” da
    Şuşayla verdik o zaman.
    Haçandı bu qurğunu da
    Pozan tapılmır, nə yaman…

    03.05.2014

  • Cabir ALBANTÜRK.”Şəhər şeirlərindən”

    Cabir A

    Bu şeiri kimlərsə yazıb bəlkə də,
    Mövzu məlum bir az, söz tanış gəlir.
    Torpağın üstündə üzlük kölgədə,
    Üzlüyün altında torpaq təşnədir…

    Yanır hər ikisi, gündüz-günorta,
    Susuzluğdan biri, istidən biri.
    Təntiyən torpağdan gəlməz hənirti,
    Bu asfalt üzlüyün yoxmu abırı?!

    Asfalt altındaki torpaq kimiydim,
    Yanan pöhrələrim yırtdı üzlüyü…
    Yetmiş il “şərti”də dustaq kimiydim,
    Hələ də belimdə “Soyuz” pisliyi.

    21.05.2016

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GETDİ

    Ağağıma toxunmayan,
    Yolda, izdə daş qalmadı,
    Yanağımı islatmağa,
    Gözlərimdə yaş qalmadı.

    Bu ürəyim can üyüdür,
    Daha gözümü çən tutub,
    Gümanım özümə qalıb,
    Fələklər məni unudub.

    Dərd də əl şəkmir yaxamdan,
    Qaçıb gözümün yuxusu,
    İşim çətinə düşəndən,
    Gedib dostumun çoxusu.

    NSAN QƏLBİ

    İnsan qəlbi bir qaladı,
    Yoxdu onun nə qapısı,
    Nə də ki pəncərəsi.

    Möcüzədi başdan-başa,
    Bu qalada görmək olmaz,
    Mənəm-mənəm deyən kəsi.

    Açarını tapmaq üçün,
    Qoşun, ləşkər lazım deyil,
    Sevgidi bircə çarəsi.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    QURUMUR

    Saçlarıma səpilir dən,
    Gözlərimi tutubdu çən,
    Anam köçüb gedən gündən,
    Gözlərimdə yaş qurumur.

    Qəm dönüb sinəmdə dağa,
    Bülbül qonmur tay budağa,
    Dönüb bir coşqun bulağa,
    Gözlərimdə yaş qurumur.

    Gəlmir tez-tez qohum-qardaş,
    Günəş batır yavaş-yavaş,
    Dərd yanımda qurub bardaş,
    Gözlərimdə yaş qurumur.

    Dilim öyrənibdi aha,
    Ümidim itib sabaha,
    Qəlbim, gözüm gülmür daha,
    Gözlərimdə yaş qurumur.

    Yollarımda dərd-qəm bitib,
    Sevincim, xoş günüm itib,
    Anam məni qoyub gedib,
    Gözlərimdə yaş qurumur.

    ON BİRİNCİLƏR

    Sevimli şagirdlərimə

    Gəlib vaxt yetişdi ömrün yazına,
    Bir bax çiçəklərin işvə, nazına,
    Aşıq mizrab vurur telli sazına,
    Yenə dil açıbdı lal düşüncələr,
    Sizə uğur olsun on birincilər.

    Dönüb müəllimlər bir qızıl taca,
    Uşaqlar az qalır quş kimi uça,
    Al-əlvan bəzənib hər həyət-baca,
    Nur saçır, parlayır yenə incilər,
    Sizə uğur olsun on birincilər.

    Baxın uşaqların təbəssümünə,
    Şəfəqlər çilənir gülün üstünə,
    Bir xatirə hopub hər aya, günə,
    Xoş söz eşidəndə ürək dincəlir,
    Sizə uğur olsun on birincilər.

    Ağıllı, bilikli oldu hər biri,
    Heç biri qalmadı həyatdan geri,
    Biliklə açılır dünyanın sirri,
    Çox sirrə vaqifdi bu günkü gənclər,
    Sizə uğur olsun on birincilər.

    Qızların hər biri sanki maraldı,
    Sözləri şirindi, sözləri baldı,
    Uşaqlıq çağları geridə qaldı,
    Onları təbrikə gəlib qönçələr,
    Sizə uğur olsun on birincilər.

    Oğlanlar idmanı xoşlayır yaman,
    Bu gün onlarındı bu geniş meydan.
    Hər biri istəyir olsun qəhrəman,
    Onlaı qorxuzmur indi “necə”-lər,
    Sizə uğur olsun on birincilər.

    Dumduru baxışlar yanar, nur ələr,
    Qönçə çiçək kimi gülər çöhrələr,
    Nə tüz ötüb keçdi qayğısız illər,
    Oxuyub yazıblar uzun gecələr,
    Sizə uğur olsun on birincilər.

    Baxışlar vüqarlı, addımlar mətin,
    Bilirlər zirvənin yolları çətin,
    Onlardı sabahı xalqın , millətin,
    Bir həzin nəğmədən ürək incələr,
    Sizə uğur olsun on birincilər.

    Yerdən də, göydən də məhəbbət yağır,
    Günəş göy üzündən boylanıb baxır,
    Ürəyim kövrəlir, göz yaşım axır,
    Burda bəxt yazılar, yollar seçilər,
    Sizə uğur olsun on birincilər.

    Vallah xoşbəxtsiniz, bəxtəvərsiniz,
    Sabaha açılan al səhərsiniz,
    Bu da “Son zəng” -niz, deyib, gülün siz,
    Bu gün nəğmə dinər, sevinc içilər,
    Sizə uğur olsun on birincilər.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVII hissəsi

    12985435_986875234742846_1048039984923505815_n

    Eldar Rəşadla Təhminəni Qadirin evinə gətirdi. Təhminənin ağlamaqdan gözləri qızarmışdı.
    Eldar da Fidansız keçirdiyi dəqiqələri biruzə verməsə də pis olurdu. Rəşad Təhminəni sakitləşdirməyə çalışırdı.
    – Ağlama Təhminə. Dua elə ki, sağ-salamat alçağın əlindən qurtara bilək

    Təhminə – Camal qisas üçün qayıdıb. Çox kinli adamdı. Siz onu mənim qədər tanımırsız.

    Eldar Təhminənin sözlərinə əsəbləşir; – Kinli olub neyləyəcək? Öldürəcək?
    Qadir Eldarı sakitləşdirir; – Camal ağılsız adam deyil. Onun hədəfi sənsən, Fidan deyil. Əsəbləşmək yersizdir. Sakit başla fikirləşmək lazımdır. Cin Həsənin gəlməyinə az qalıb. Amma….
    Qadir Təhminəyə baxdı, sonra sözünü davam elədi: – Gəlin bacının burda olmağı yaxşı deyil. Rəşad – Hara aparaq? Təhminəni təhlükə altında qoya bilmərəm.
    Eldar Rəşada – Düzü bu hadisə olmasaydı, Fidanla sizə şad xəbərimiz vardı. Mən bilirəm Təhminəni hara aparmaq lazımdır. Etibarlı yerdi.
    Rəşad maraqla – Hara?
    Eldar stul çəkib Təhminənin qarşısında əyləşdi.
    – Siz burda olmayanda Fidanla ananın yanına getmişdik.
    Təhminə həm təəccübləndi, həm də sevincdən gözləri parıldadı.
    Təhminə – Anam sizi necə qarşıladı?
    Eldar – Anan dedi ki, gələndə o, vəfasızı bura gətirərsən.
    Təhminə sevinclə Rəşada baxdı. Sevincdən ayağa qalxdı.
    Təhminə – Çox sağ ol Eldar. Sən həqiqətən böyük adamsan.
    Eldar ayağa qalxdı. Təhminə bu dəfə sevincdən ağladı, Eldarı qucaqlayıb öpdü.
    – Çox sağ ol. Çox sağ ol.
    Rəşad – Sən başqa adamsan Eldar. Bu dünyanın adamı deyilsən. Əsl böyük adamsan
    Eldar – Çox sağ olunuzu Fidana saxlayarsız. Nə edibsə məndən xəbərsiz o edib. Rəşad, sən Təhminəni anasının yanına apar. Mən Qadirlə Cin Həsəni gözləyərəm.
    Rəşad Təhminəyə – Gedək. Tənminə çantasını götürdü, Rəşadla birlikdə evdən çıxdılar

    ***

    Səfər bacısının əriylə görüşdüyünü biləndən əsəblərini cilovlaya bilmirdi. Artıq Kərim də gəlmişdi. Aybəniz divanda oturub ağlayırdı. Aynur qızıyla yataq otağında qulaqlarını qapıya söykəyib aşağıda gedən söhbətləri eşitməyə çalışırdılar.
    Kərim – Madam bu əclafla barışmaq niyyətin varıydı, məhkəməyə niyə ərizə verirdin? Məqsədin nə idi?
    Aybəniz – Boşanmaq fikrim vardı. Nə bilim, yalvardı, əl çəkmədi. Yolda rastlaşdıq, söhbət eləmək istədi.
    Səfər hirsləndi, bacısının üstünə qışqırdı. – Yalan deyirsən. Əvvəlcədən görüş təyin eləmisiz.
    Aybəniz – Niyə yalan danışım axı? Böyük adamlarıq, danışmaq istədi, danışdım. Burda nə var axı?
    Kərim – Gərək restorana gedəydiz?
    Aybəniz – Ay ata, peşmandı, tövbə etmişəm deyir.Mənim də bir qızım var. Oğlan olsaydı, deyərdim cəhənnəm. Qızdır axı, istəmirəm atasız böyüsün.
    Kərim – Barışmaq istəyirsən? Lap yaxşı,axşam ver-veşini yığ, aparım evinə. Amma Aybəniz, çaşarsan üstümə şikayətə gələrsən.Öldürsə də canın çıxacaq öləcəksən.

    Aybəniz ağlayırdı, görünür deməyə sözü yox idi

    Səfər atasına – O əclaf bunu saxlayandı? Heç vaxt. Kişi uşaq qədri bilən olub! Onun planı başqadı. Görəcəksiz. Sonra deməyin Səfər bizi xəbərdarlıq eləmədi.
    Kərim Aybənizə baxıb sözünü deyir; – Mən sözümü dedim. Çalış anan kimi olma, nə var düzünü danış.
    Aybəniz – Mən düzünü danışıram ata. Həqiqətən mən ailəmin dağılmasını istəmirəm. Elçin and içdi, tövbə elədi.
    Araya sakitlik hökm sürdü. Qapıdan ayrılan Lamiyə yatağında oturdu.
    Lamiyə – Elçin başlarına oyun açacaq. Atasının məmur olduğunu bilənəcən almaq istəmirdi Aybənizi.
    Aynur – Yəqin istefa verməyindən xəbəri yoxdu.
    Lamiyə – Yəqin. Zaman niyə zəng eləmir mənə. Görəsən testin cavabı nə olacaq?
    Aynur qızının Zamana zəng etməsinə icazə vermədi.
    – Sən qəti Zamanı yığma. İndi Səfərin bütün fikri-zikri səndədir.
    Lamiyə – Düz deyirsən. Heç olmasa sən yığ. Allah eləyə uşaq Səfərdən ola.
    Aynur əsəbləşir, tərs-tərs qızına baxır: – Deyirəm utanmırsanda.
    Lamiyə – Yaxşı, sən deyəndi, utanmıram. Zəng elə.
    Aunur öz telefonuyla Zamana zəng edir
    ***
    Aybəniz atasına verdiyi sualla sakitliyi pozur
    – Evə qayıtmayacaqsan?
    Kərim – Evə qayıtmaq nədi? Anandan boşanıram.
    Aybəniz – Axı ata, niyə boşanırsız? Səbəbini deyin mən də bilim.
    Səfər – Guya bilmirsən?
    Aybəniz – Vallah bilmirəm. Nə anam bir söz deyir, nə də atam. Bilirsənsə Səfər, de bilim
    Kərim – Ananın Təhminənin qaçırtmasından xəbərin vardı?
    Aybəniz təəccübləndi; – Yoox.
    Səfər – Bəs Fidanın?
    Aybəniz – Nə danışırsız?

    Səfərlə atası bir-birilərinə baxdılar.
    Kərim – Bir balanın canına and iç ki, xəbərin yoxdu?
    Aybəniz – Ata, balamın canına and olsun Fidanın, ya da o qadının adı nəydi, Təhminin qaçırılmasından xəbərim olmayıb. O vaxt elə bilirdim Fidan Səfərə xəyanət edib, onun üstündə ayrılıblar. Vəssalam
    Səfərlə atası bir-birilərinə baxdılar. Aybənizin düz danışdığına inandılar.

    Kərim – Anan Təhminəni də, Fidanı da oğurlatdırıb.
    Aybəniz – Anam bunu necə bacarıb? Axı, sizə bunu kim deyib? Bəlkə anamın üstünə şər atırlar?
    Kərim – Ananla dalaşdığımız gün yadındadı? O gün anan özü etiraf elədi.

    Aybəniz eşitdiklərinə inana bilmirdi.
    – Hələ də inana bilmirəm. İnanmaq istəmirəm. Anamdan hər şeyi soruşacam. Bura səni evə qaytarmağa gəlmişdim. Görürəm ki, ox yaydan çoxdan çıxıb
    Kərim – Elçinlə bağlı yenə fikirləş. Nə qədər gec deyil, fikirləş.
    Aybəniz ayağa qalxdı – Belə görürəm Elçindən də vacib problemlərimiz var. Atamla anamı həmişə özümə örnək bilmişəm.Onların da ailə həyatı mənimkindən betərmiş. Axşam zəng edəcəm.
    Səfər – O əclafla bir dəfə danışacam
    Aybəniz Səfərə cavab vermir. Çantasını götürüb evdən çıxır. Səfər də ikinci mərtəbəyə çıxır ki, Lamiyəylə anasını çağırsın. Lamiyənin dediklərindən sonra ayaq saxlamalı oldu. Lamiyə həyəcandan Səfərin ayaq səslərini eşitməmişdi.

    – Deməli,cavablar birisigün çıxacaq. Həyəcandan əlim-ayağım əsir.
    Aynur – Səni başa düşmürəm. Burda həyəcanlı nə var ki, həyəcanlanırsan? Uzağı uşağın kimdən olduğunu biləcəksən. Əlindən də başqa heçnə gəlməyəcək.
    Lamiyə – Niyə gəlməyəcək? Gələcək. Fidandan uşağı asanlıqla alacam. Uşaq Səfərdən olsa, əlbəttə alacam. Ərinə desəm verəcək. Heç kim başqasının uşağını saxlamaz

    Qapı açıldı, Səfər içəri girdi. Aynurun gözlərini qorxudan bərəldi. Lamiyənin rəngi ağardı, qorxudan titrəməyə başladı.
    Səfər – Sən kimin uşağından danışırsan?
    Lamiyə cavab verə bilmirdi
    Aynur özünü ələ alandan sonra dedi:
    – Tanışımız var, onun uşağından danışırdıq.
    Səfər – Nə oldu elə, sizin tanışlarınızın adları Səfərlə Fidandır?
    Aynur- Yox, sən tamamilə səhv eşitdin.
    Səfər səsinin tonunu qaldırdı. – Qarşınızda uşaq yoxdur Aynur xanım. İndiysə məni qızınızla tək buraxın.
    Aynur nə isə demək istəyirdi, fikrindən daşındı.
    Qızına baxıb otaqdan çıxdı. Səfər qapını örtüb diqqətlə Lamiyəyə baxdı
    Səfər – Eşidirəm. İzah elə görüm bu uşaq söhbəti nədi?
    Lamiyə – Onsuzda sənə deyəcəkdim. Mən Fidanın uşağının səndən olduğuna inanıram.
    Səfər təəccübləndi – Necə? Başın xarabdı sənin, ya özünü gic yerinə qoyursan? Bu ağlına hardan gəldi axı?
    Lamiyə ağlamağa başladı – Məni qınama. Səni itirmək istəmirəm. Qısqanclıqdan, sənə olan sevgimdən ağlımı itirmişəm. Ona görə bu yola əl atdım. Əgər uşaq səndən çıxsa, o qadından uşağı alacam.Nə olsun mən doğmamışam. Razı olmaram sevdiyim kişinin uşağını başqası böyütsün.
    Səfər – Ağlını başına yığ. Havalanıb eləmə. Onun uşağı ərindəndi. Niyə inanmırsan axı, mənim Fidanla aramda heç nə yoxdu. Bunu birdəfəlik başa düş.
    Lamiyə – Axı, anangildə olanda zəng eləmişdi. Ananı soruşdu. Səni soruşdu məndən.
    Səfər – Lamiyə, məni hövsələdən çıxarma. Fidana lazım olsaydım, guya ev nömrəmizi bilmir? Evə yığardıda. Başın xarabdırsa, de, aparım həkimə. Axmağın biri axmaq.

    Səfər qapını açıb otaqdan çıxır.
    ****

    Fidan oğlu Yaşarı birtəhər soskasını ağzına verib yatızdırdı. Havasızlıqdan boğulurdu. Camal hər şeyi yaxşı düşünmüşdü. Əsir saxlandığı otağın pəncərəsi də yox idi. Sussuzluq bir yana, həyəcan və qorxuyla bərabər yuxusuzluq da onu haldan salmışdı. Otağın qapısı açıldı, Camal içəri girdi. Fidan camalı görəndə qaşqabaqlı üzünü yana çevirdi. Camal bir-iki addım Fidana yaxınlaşdı.
    Camal – Dediklərimi fikirləşdin?
    Fidan Camala cavab vermədi.
    Camal – Özünü naza qoyursan. Eybi yox, gec-tez özün istəyəcəksən. Onda deyəcəm sənə.
    Fidan tər-tərs Camala baxdı: – Bu dəfə Eldara özüm deyəcəm səni öldürsün.
    Camal kinayə ilə gülümsədi, dizləri üstündə oturdu.
    – Eldara bu qədər arxayınsan? Bu dəfə səni tapa bilməyəcək. Yerin deşiyində də olsaz, tapa bilməyəcək. Madam Eldar bu qədər ağıllıdır, gözünün qabağındakı düşməni nə əcəb görməyib? Yox e Fidan, gec-tez mənə təslim olacaqsan. Gec-tez.
    – O günü görməyəcəksən. Bilirəm gec-tez Eldar bizi xilas edəcək.
    – Eldar ancaq sizin ölünüzü xilas edə bilər.

    Camal ayağa qalxdı, otaqdan çıxıb qapını bağladı. Fidan səssizcdə ağlayırdı. Ürəyində dua edirdi ki, Eldar onları tez tapsın.
    ***
    Rəşad maşını Təhminənin əvvəl yaşadığı məhləsində saxladı. Təhminə həyəcanlıydı. Rəşadın maşından düşməsini gözləmədi, məhləyə girdi. Anasının yaşadığı evin qapısını döydü. Şərifə qapını açanda artıq Rəşad Təhminənin yanındaydı. Şərifə qızını görən kimi qucaqladı. Təhminə də, Şərifə də ağlamaqdan danışa bilmirdilər. Rəşad da kövrəlmişdi.

    ***
    Eldarla Qadir Cin Həsəni gözləyirdilər. Qapı döyüldüyünü eşidən Qadir qapını açanda qarşısında iki hündür kişi gördü. Kişilərin ikisinin də yaşı otuz beşi keçərdi. Kişilərdən biri sual Verdi: – Bizi Eldar çağırıb.
    Qadir – Cin Həsən?
    Cin Həsən – Mənəm.
    Qadir – Buyurun.
    Qadir Cin Həsəni və onunla gələn oğlanı içəri dəvət etdi. Eldar Cin Həsənlə əlnən görüşdülər.
    Eldar – Xoş gəlmisiz.
    Eldar oturmaq üçün yer göstərdi. Cin Həsən və onunla gələn kişi divanda oturdular. Eldar Qadirlə bir-birilərinə baxdılar.
    ***
    Lamiyənin keçmiş sevgilisi evdə özünə heç cür yer tapa bilmirdi. Telefonunu cibindən çıxardı, harasa zəng etdi. Telefonu bir kişi götürdü.
    Tahir – Alo. Necəsən? Nə oldu testin cavabı? Uşağın atası kimdir?
    Dəstəyin o biri tərəfindən kişi Tahirə dedi; – Cavab birisigün çıxacaq. Arxayın ol, adamla özüm danışmışam. Dediyi pulu mən deyən vaxt gətirərsən.
    Tahir– Narahat olma. Beş yüz manatı gətirəcəm. Bura bax, eşidirsən? Cavabların kopyasını almamış pulu vermirsən.
    Kişi – Narahat olma. Tahir, xahiş edirəm, bu məsələdə bizim xəstəxananın adını çəkmə.
    Tahir – Arxayın ol. Sadəcə o uşağın məndən olub-olmadığını bilmək istəyirəm.
    Tahir telefona “adboy” Verdi.
    Tahir – Bilirdim ki, o uşaq sağdır. Yaxşı Lamiyə, yaxşı. Mən sənin iç üzünü ortaya çıxardaram…

    ***
    Şərifə qızı və yeznəsi üçün süfrə açdı. Evdə nə vardısa stolun üstünə qoyurdu. Ana kimi sevincdən nə edəcəyini bilmirdi. Əli-ayağı dolaşmışdı bir-birinə.Təhminə anasının əlindən tutub dedi: – Ana, daha bəsdi. Kökəlməyə gəlməmişik. Səni görməyə gəlmişik. Birdə bir-iki gün burda qalmalıyam.
    Şərifə təəccüblə stulda oturdu.
    – Rəşad qalmayacaq?
    Təhminənin yerinə suala Rəşad cavab Verdi.
    – Mənim bir-iki işim var. Başqa ölkəyə getməliyəm.Ondan sonar gəlib Təhminəni götürəcəm.
    Şərifə – Fidan qızım niyə gəlmədi? Sözün düzü, biz başqa cür danışmışdıq.
    Təhminə – Bilirəm ana. Fidan indi qohumlarıgildədir.
    Şərifə təccüblə; – Qohumlarıgildə? Mən elə bilirdim Fidan yetimdir?
    Rəşad gülümsəyir – Şərifə xala, ərinin qohumları elə Fidanın qohumları sayılırda.
    Şərifə – Hə düzdür. Fikir verməyin, adam qocaldıqca başında huş qalmır. Yaxşı ki, vaxtında gəldiz. Yoxsa hazırlaşmışdım, gedəcəkdim.
    Təhminə – Hara hazırlaşmışdın?
    Şərifə – Sən tanımarsan, əmim nəvəsi var. Onun oğlu xəstəxanada yatır. Başında şiş var. Uzaq olsun, deyirlər dişisindəndir. Onu görməyə gedəcəkdim.
    Təhminə – Allah şəfa versin. İstəsən mən də gələrəm. Gedə bilərəm Rəşad?
    Rəşad – Əlbəttə, olar.
    Şərifə – Çörəyinizi yeyin, yeməyinizi soyutmayın.

    ***
    Səfər atasına Lamiyənin qısqanclıqdan Fidanın uşağının ondan olduğunu danışanda Kərim şübhəylə oğluna baxırdı.
    Səfər – Bu hərəkətə qadın qısqanclığı adını verə bilmərəm. Axmaqlıqdır.
    Kərim – Fidan bəlkə bizə doğrudan zəng edib?
    Səfər – Axı, səbəb yoxdur. Niyə zəng eləməlidir?
    Kərim – Nə bilim. Yaxşı, Lamiyə Fidanın uşağını harda görübdü?
    Səfər atasının verdiyi suala cavab verə bilmədi. Oğlunun yerinə sualına Kərim cavab Verdi.
    – Bu sualı arvadına vermək ağlına gəlmədi?
    Səfər – Gəlmədi.
    Kərim – Deməli, Fidan xəstəxanaya gəlib gedəndən sonra Lamiyə izləyibdi.
    Səfər – Başqa cür mümkün deyil.
    Kərim – Yüz faiz onlar görüşüblər. Fidan görüşə gələndə oğlunu da gətirib. Yəqin imkan tapıb uşağın saçından tük qopardıb.Nə bilim, ağlıma gələn variant budur.
    Səfər – Tələsmə, DNT testinin nəticəsini gözləyək. Onda utandıracam onu.
    Kərim – Səndə də mənim kimi dəvə səbri var bala. Lamiyənin anandan betər olmasından qorxuram. Mən indi həkimə getməliyəm. Şəkərimi yoxlatdırmalıyam.

    Bu zaman Səfərin əl telefonuna zəng gəldi. Səfər telefonu cibindən çıxardı. Zəng edən Lətafət həkim idi.
    Səfər atasına – Lətafət həkimdir.
    Kərim – Xeyirdimi?
    Səfər – Lamiyəylə müalicə götürürük. Yanına getməliydik. Tamam unutmuşam.
    Səfər telefona cavab Verdi.
    – Alo.
    Lətafət həkim – Salam Səfər. Necəsən?
    Səfər – Çox sağ olun Lətafət xanım. Siz necəsiz?
    Lətafət həkim – Şükür, yavaş-yavaş. Səfər anangilə zəng elədim, telefona cavab verən olmadı. Özdə demişdim ki, mənə zəng eləsin. Yəqin evdə deməyiblər.
    Səfər – Ev telefonu xarab olub. Siz anama nə vaxt zəng eləmişdiz?
    Lətafət həkim – Dünən zəng eləmişdim. Deyəsən, səhv eləmirəmsə, yoldaşın cavab vermişdi. Sonra nə qədər zəng elədim, heç kim cavab vermədi.
    Səfərin nitqi qurumuşdu. Lamiyənin sözlərini xatırlamağa başladı. Lamiyə ona zəng edənin Fidan olduğunu demişdi. Səfər indi anladı ki, Lamiyə ona yalan danışıb.
    Lətafət bir-neçə dəfə “alo” deyəndən sonra Səfər fikirlərini topladı.
    Səfər – Anama deyərəm, sizə zəng edər. Lətafət xanım, anamla niyə danışmaq istəyirdiniz?
    Lətafət də Səfərə həqiqətləri deməkdə tərəddüd edirdi; – Yaxşısı budur ananla danışım Səfər. Sonra özü sənə hər şeyi deyər. Anana salam de. Sağ ol
    Səfər – Sağ olun.

    Səfər şübhəylə atasına baxdı: – Sən hara gedəcəkdin?
    Kərim – Həkimə. Nə olub?
    Səfər – Mən də Lətafət xanımın yanına gedəcəm.
    Kərim – Lamiyəni də aparacaqsan?
    Səfər – Tək gedəcəm. Çıxaq? Birinci sənin həkiminə gedək, sonra Lətafətin yanına.
    Kərim – Sexə getməyəcəksən?
    Səfər – Axşam tərəfi gedəcəm. Gedək ata.

    Səfərlə Kərim evdən çıxanda Lamiyəylə Aynur pilləkənlərdən aşağı düşürdülər.
    Aynur – Bunlar hara gedirlər belə?
    Lamiyə – Səfər sexə gedəcəkdi. Kərim dayını bilmirəm.
    ***
    Cin Həsən Eldarın danışdıqlarını diqqətlə dinlədikdən sonra bir qədər düşündü. Cin Həsən çox uzun düşündü. Qadirlə Eldar bir-birilərinə baxdılar. Eldarın səbri tükəndi,siqaret çəkmək üçün pəncərəyə tərəf getdi. Cibindən götürdüyü siqaret paçkasından bir siqaret qoydu damağına. Siqaretini yandıranda Cin Həsən də, yanındakı kişi də ayağa qalxdılar.
    Cin Həsən – Sabah bu vaxtacan Camalı da, ona havadarlıq edən kimdirsə onu tapacam. Yerini sənə deyəcəm. Sabah bizi burda gözləyin.
    Eldar hiss edirdi ki, bu adama güvənmək olar; – Gözləyəcəm.
    Cin Həsənlə adamı getdilər.

    ***
    Fidan artıq Yaşarı sakitləşdirə bilmirdi. Yaşar acından və sussuzdan ağlayırdı. Fidan da oğlunu sakitləşdirə bilmədiyi üçün ağlayırdı. Otağın qapısı açıldı, Camal ev sahibi ilə otağa girdilər. Fidan ağlaya-ağlaya Camalın yanındakı adam yalvarırdı: – Yalvarıram, özüm üçün yox, oğlum üçün su verin. Yalvarıram.
    Camalın yanındakı adamın Fidana yazığı gəlir. Qorxusundan Camala biruzə vermir. Camal Fidana yaxınlaşır: – Uşağı ver mənə.
    Fidan başını tərpədir, uşağı vermək istəmirdi. Camal cümləsini təkrarladı.
    – Fidan, uşağı ver, yedizdirib gətirəcəm.
    Fidan oğluna görə həyatda ən çox nifrtə etdiyi adamın qarşısında aciz olmuşdu.
    – Gətirməyəcəksən, bilirəm.
    Camal – Özün bilərsən. Oğlun da, sən də acından ölün.
    Camal otaqdan çıxmaq istəyəndə Fidan məcbur qalıb dedi: – Razıyam. Allah səni bildiyi kimi eləsin əclaf. Razıyam.
    Camal yanındakı kişiyə işarə etdi, kişi Fidana yaxınlaşdı. Fidan istəməsə də oğlunun xatirinə, ac qalmaması üçün oğlunu Camalın adamına verdi. Kişi Yaşar qucağında otaqdan çıxanacan Fidan oğlunun arxasınca baxa-baxa qaldı. Camal qapıya yaxınlaşdı. Fidana dönüb kinli baxışlarla baxıb dedi: – Oğlunu heç vaxt görməyəcəksən Fidan.
    Camal otaqdan çıxıb qapını örtüb açarla bağladı. Fidan qapıya tərəf qaçdı, yumruqlaya-yumruqlaya çığırmağa, ağlamağa başladı… “ Yaşar” deyib çığırdı…

    Ardı var…

  • Günel FƏRHADQIZI.”Qadınam mən!”

    ge

    Bir az şirin,
    Bir az acıdil,
    Qadınam mən…

    Bir az zərif,
    Bir az kobud,
    Qadınam mən…

    Bir az sakit,
    Bir az dəcəl,
    Qadınam mən…

    Bir az fahişə,
    Bir az da mələk,
    Qadınam mən…

    Bir az zəif,
    Bir az güclü,
    Qadınam mən…

    Bir az xəstə,
    Bir az sağlam,
    Qadınam mən…

    Bir az sonsuz,
    Bir az ana,
    Qadınam mən…

    Bir az xoşbəxt,
    Bir az bədbəxt,
    Qadınam mən…

    Bir az ağır,
    Bir az yüngül,
    Qadınam mən…

    Həm sevincli,
    Həm kədərli,
    Qadınam mən…

    Bir az təmbəl,
    Bir az işgüzar,
    Qadınam mən…

    Bir az yaxşı,
    Bir az pisəm,
    Qadınam mən…

    Bir az əyri,
    Bir az düzəm,
    Qadınam mən…

    Bir az rəngli,
    Bir az rəngsiz,
    Qadınam mən…

    Bir az dünən,
    Bir az sabah,
    Bu gün mənəm,
    Qadınam mən…

    Həm haqlıyam,
    Həm də haqsız,
    Qadınam mən…

    Bir az hirs var,
    Bir az səbr,
    Qadınam mən…

    Bir az gözəl,
    Bir az çirkin,
    Qadınam mən…

    Bir az kafir,
    Bir az dindar,
    Qadınam mən…

    Bir az canlı,
    Bir cansız,
    Qadınam mən…

    Hərdən işıq,
    Hərdən qaranlığam,
    Qadınam mən…

    Hərdən savabam,
    Hərdənsə günah,
    Qadınam mən…

    Sadəyəm mən,
    Ya mürəkkəb,
    Nə fərq edər?!
    Qadınam mən…

    Bir az açıq geyinirəm,
    Bir az bağlı,
    Fikirlərin qarışmışdır,
    Qadınam mən…

    Hərdən təbəssüm,
    Hərdən göz yaşı,
    Hərdənsə həyəcansız,
    Qadınam mən…

    Var sahibim,
    Ya yetiməm,
    Özümünəm..
    Qadınam mən…

    Salma tamah,
    Halalınam,
    haramınam,
    nə fərqi var?!
    Qadınam mən…

    Namusunam,
    Qeyrətinəm,
    Ananam, bacınam,
    Qızınam bəzən,
    Nəvənəm, sevgilinəm,
    Övladının anasıyam,
    Yadınam, doğmanam,
    Bəlkə də bir heç kiməm,
    Sənin üçün ey adamım,
    Qadınam mən…

    Ay kişilər,
    ey insanlar…
    Unutmayın,
    Agah olun,
    Bir sözüm var mənim Sizə:
    “Qadınam mən!”

  • Günel FƏRHADQIZI.“Q” hərfi

    ge

    Q hərfi – mənim üçün
    Qarabağdır, Qara bağdır,
    Qardaş, qara daşdır,
    Qandır, qisasdır…

    Q hərfi – mənim üçün
    Qadın, qeyrətdi,
    Qızım, qazancımdır,
    Qəbirdir, qazamatdır…

    Q hərfi – mənim üçün
    Qəfəsdir, qəlbimdir…
    Qənaət etməkdir hisslərimə,
    Qürurdur həm də…

    Q hərfi – mənim üçün
    Qocalmağa gedən yoldur,
    Qələbəmdir, quş tək uçmaqdır,
    Qaçmaqdır hər kəsdən ölümə doğru…

    Q hərfi – mənim üçün
    Qorxmamaqdır ayrılıqdan,
    Qızınmaqdır soyuqda tək-tənha,
    Qızımdan uzaqda qəhərdən boğulmaqdır…

  • Müzəffər MƏZAHİM.”Ömür sürmürəm ki…”

    mm

    Ömür sürmək
    Adam işidir, qardaş.
    Mən ömür sürmürəm ki,
    Ömür sürüyürəm.
    Özüm də bu yük altda
    Yavaş-yavaş əriyirəm.
    Görürəm ki, artıq
    Ömrümün yoxuşudur,
    Ruhum bu yorğun ömrümü
    Sürüyə-sürüyə
    Arada vəlleyli qalmasa yaxşıdır.

    2013

  • Müzəffər MƏZAHİM.”Dünyanın”

    mm

    Açdı həqiqəti bu torpaq mənə.
    Nəslimdən başlayır yaşı dünyanın.
    Həzin pıçıldadı bir yarpaq mənə:
    -Ömrümə son qoydu qışı dünyanın.

    Şərikdir insanın hər diləyinə,
    Salıb arzuları öz ələyinə,
    Baxıb keçmişinə, gələcəyinə,
    Heyrətdən hərlənir başı dünyanın.

    Damlayıq bir ümman qayğı içində,
    Acizik min sual-sorğu içində,
    Yaşayir ömrünü qorxu içində,
    İnsanı, ağacı, quşu dünyanın.

    Əsməyib əlində tale qələmi,
    Yazanda, böləndə sevinci, qəmi,
    Şərqdə gülür üzü lap uşaq kimi,
    Qürubda çatılır qaşı dünyanın.

    İkilik doğulub özündən onun,
    Qismətim boylanır gözündən onun,
    Bezdim deyən yoxdur nazından onun,
    Baldır zəhəri də naşı dünyanın.

    Dayanıb üz-üzə haqla-nahaqla,
    Sirri, müəmması, sığışmaz ağla,
    Müzəffər, bir yolluq yadında saxla,
    Sərxoş əlindəyik kaşı dünyanın.

    17.05.1987

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

    GƏLDI

    Bu örkən uzun örkəndi,
    Durum dolanım bu kəndi.
    Gözümün yaşı tükəndi,
    Yerindən qara qan gəldi.

    Göylərdən bir ulduz axdı,
    Gördüm ki, yolum uzaqdı.
    Təzə yurd saldığım vaxtı,
    Bu karvan haradan gəldi.

    Yön alım dedim haraya,
    Yön alım gedim haraya.
    Ağ ağa qənim, qaraya
    Nə gəldi qaradan gəldi.

    Bu sayaq yaşayammadım,
    Başayaq yaşayammadım.
    Mən oyaq yaşayammadım,
    Hər dərd də röyadan gəldi.

    Salma dedim çəp yerinə,
    Biçdiyini səp yerinə.
    Bu səhər də sübh yerinə,
    Ömrümə qara dan gəldi.

    Bir qəti hökm aradım,
    Bu ömrü nakan aradım.
    Bir özgə məkan aradım,
    Dadıma yaradan gəldi.

  • Kənan AYDINOĞLU.”Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!”

    Photo Kenan

    İstəməsən yaşamaram süzülən göz yaşı kimi,
    Bircə zərrəm də od saçmaz Qobustanın daşı kimi.
    Səpilmərəm bu torpağa ömrümün yetkin çağında,
    Bir cənublu qardaşımın çatılan ağ qaşı kimi.
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Gözəllərin tellərinə hörük kimi düzülməzdim,
    Zərrə-zərrə, damla-damla bir sümüyə tökülməzdim.
    Coşan qəlbim şair kimi dərd-kədəri unutmazdı,
    Ruhdan cana, candan ruha dünən, bu gün süzülməzdim,
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Misralardan süzülərək bu meydana gələrdimmi,
    Unutdumsa qəm-kədəri, fəqət yenə gülərdimmi?!
    Sevən dostlar arasında gülərüzlü şair kimi,
    Açılan hər bir sabahda sevincimi bölərdimmi?!
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Bircə nəğmə də yazmazdım laxtalanan o al qana,
    Bağlanmazdım əsərimlə şükür deyən bircə cana.
    Nurunun bir damlasını tökməsəydin göz yaşıma,
    Dillərdə dastan olmazdı sözüm qalardı bir yana.
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Bilməsəydim səmtini heç bu həyatda dolanmazdım
    Çətinliyin qarşısında möhkəm durub qalanmazdım.
    Namaz qılıb, səcdə edib, ruku edib müsəlman tək,
    Varlığımla, vücudumla sənə bir QUL olanmazdım,
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Şeirlərdə müdam səni bəlkə də salmazdım yada,
    Yönəltməzdim fikrimi heç qara yaxan özgə, yada?!
    Bilirəm ki,il uzunu “Leyli-Məcnun dastanı”nda,
    Dərdlərinin üstünə də gəlməzdi yeni bir qada.
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

    Günəşlə birgə sübh çağı namaz üçün oyanmazdım,
    Qarşında QUL BƏNDƏN kimi mən kiçilib dayanmazdım.
    Həqiqətdi, danılmazdı milyon insanın içində,
    Ana yurdda təbiətin gözəlliyin duyanmazdım.
    Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!

  • Rahilə DÖVRAN.”Cilalayır səbrimizi”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Günahımız nədir görən,
    Əzdi zalim əyyam bizii.
    El pərişan, pərən-pərən,
    Kimə açaq dərdimizi?

    Əlif qamət dönüb lama,
    Həsrət qalıb vüsal kama.
    Necə gəlsin qəlb ilhama?
    Dərd, sər sarıb qəlbimizi.

    Hiss etmədən dolduq yaşa,
    Bəyaz qırov qondu başa.
    Uzaq olduq dost, sirdaşa,
    Həsrət örtüb izimizi.

    Öz hökmü var, hər zamanın,
    Ismi bəlli say-sayanın.
    Hər yazdığı bu Dövranın,
    Cilalayır səbrimizi.

  • Rahilə DÖVRAN.”Xəyal dənizim”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Yenə ləpələndi xəyal dənizim,
    Apardı dalğalar, gözdən itincə.
    Dedim o yerləri bir daha gəzim,
    Yurd yerim göründü,ləpə bitincə.

    Göz açıb dünyaya gəldiyim eldən,
    Qalmayıb bu günə, bir qırıq kərpic.
    Necə qəddar olub,gör bir hökm edən,
    O gözəl məkandan qalmır heç bir iz.

    Şura fitvasıyla sökülən bu kənd,
    Zalımca yıxılıb,məhv edilibdir.
    Araz buxovlanıb,köksündə bir bənd,
    Tarixdə böyük bir səhv edilibdir.

    Yox olub bağçalar,güllər,qönçələr,
    Dəryaya çevrilib gözəl yurd yerim.
    Qorqud övladları geri dönsələr,
    Salur Qazana mən, nə cavab verim?

    Hanı “Muncuq təpə”, pir-“Qara Baba”,
    Yox “Xaraba şəhər”, yox “Qara çuxur”.
    Silinib tarixdən şanlı bir oba,
    Xan Araz səssizcə üstündən axır.

    Hanı “Çəlvik yeri”, ”Dizə məhləsi”?
    Hanı “Narbənd dibi”, o – “Dəvə ölən”?
    Yoxdur “Qoşa məscid”, yox azan səsi,
    Quruyub “Şor çeşmə”, kəndi tən bölən.

    Udub azğın sular “Kotanavar”ı,
    Gömülüb lillərə “Kənd içi”,”Çimən”.
    Nə çayçı Eyib var, nə samavarı,
    “Qəfəni”, ”Məktəb”i necə tapım mən?

    Yosuna bürünüb “Kolxoz həyəti”,
    “Klub”un yerində naqqalar üzür.
    Qərq olub bir elin nazı, neməti,
    Pak baba ruhları didərgin gəzir.

    Boynu bükük qalıb, “Tülkü yaylağı”,
    “Ağbaşaq”bitirmir ta “Məmiş əkən”.
    Ketmənlər,oraqlar kəsmir alağı,
    Çalmalı bir kişi,yox əkib,biçən…

    Ayıltdı Dövranı öz xəyalından,
    Sahilə çırpılan ləpənin səsi.
    Sildi al dəsmalla tərin alından,
    Beləcə yarandı,yeni töhfəsi.

  • Aysel NƏSİRZADƏ.”Allah amanında vətən əsgəri”

    Öc almaq zamanı,qisas zamanı,
    Qələbə yolundan dönməyin geri.
    Düşmənə cəhənnəm edin dünyanı
    Allah amanında vətən əsgəri.

    Kəsilin var güclə düşmənə qənim,
    Şumlayın torpaqdan alaq-ot kimi.
    Alın qisasını “Mübarizlərin”,
    Allah amanında vətən əsgəri.

    Tapacaq yerini bir gün ədalət
    Qarabağ azaddır deyək nəhayət
    Siz Allaha,Vətən sizə əmanət
    Allah amanında vətən əsgəri.

    03.04 2016

  • Mais TƏMKİN.”Dərdimin”

    10646868_273655359498567_6620189188081019440_n

    Nəşəm qəmdən aşağıdır,
    Üzümdəki yaş, ağıdır.
    Gözlərimdən yaş axıdır,
    Yoxdur həyası- dərdimin.

    Tükənməyir, yetmir sona,
    Vərdiş edib, qəlbə qona.
    Gündə girir dondan-dona,
    Mindi boyası,-dərdimin.

    Hay verən yoxdur səsimə,
    Nə zilimə, nə pəsimə.
    Necə qıyım özgəsinə,
    Özüm geyəsi dərdimi?

    Pəl qatır, xoş diləyimə,
    Hopub qana, iliyimə.
    Neştər olub ürəyimə
    Batır tiyəsi dərdimin.

    Könül sızlar, hər gün, hər ay,
    Bir kimsədən gəlməz haray.
    Ürəklərdə qurub saray,
    Üzdə dəyəsi*- dərdimin.

    Andıra qalmış birdimi?
    Dərdim açılmaz sirdimi?
    Mən belə dərd istəmirəm,
    Gəlib aparsın dərdini,
    Kimdi yiyəsi- DƏRDİMin!!!

  • Mais TƏMKİN.”Verin”

    10646868_273655359498567_6620189188081019440_n

    Demirəm ki, qızıldan
    siz mənə taxt-tac verin.
    Qaytararam yenə də,
    Yaxşılığı borc verin.

    Sevən qəlbi sıxmayın,
    Yandırmayın, yaxmayın.
    Şairləri yıxmayın,
    Həvəs verin, güc verin!

    …Sözdən başqa işim yox,
    Ayrı bir vərdişim yox,
    Sağlığımda ,,beş”im yox.
    Heç olmasa öləndə,
    Sağlığıma üç verin!!

    22.03.2015

  • Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”

    mm

    Könlümü titrədən həsrət yelidir,
    Görüş yerindəyəm, gələcəkmisən?
    Gecənin yuxusu səksəkəlidir,
    Qəlbimin nigaran döyüntüsündən.

    Ümidim göylərdən asılı qalıb,-
    Demişdin: Gələcəm ay doğan kimi.
    Bu salxım söyüd də küsülü qalıb,
    Darıxır mən sənsiz darıxan kimi.

    Söykənib könlümün kövrəkliyinə,
    Məcnun bülbüllərin açılıb dərdi.
    Həyandır gecənin bu təkliyinə,
    Bülbülün naləsi, mənim həsrətim.

    Ulduzlar min illik karvan yoludur,
    Bəlkə də min ildir gətirir səni.
    Yarıb neçə-neçə qara bukudu,
    Ay gəlib görüşə ötürür səni.

    İndicə gələrsən, gözləyirəm mən,
    Kainat boydadır sinəmdə ürək.
    Gəl, ayla qoşa gəl, günəşlə gedək,
    Bu bülbül naləli tənha gecədən.

  • Müzəffər MƏZAHİM.”Öyrənirəm”

    mm

    Dünya mənim yaşıdımdır,
    Mən dünyanın uşağıyam.
    Ömür məndən yuxarıdır,
    Mən ölümdan aşağıyam.

    Bu dünyanı seyr edirəm,
    Tale adlı pəncərədən.
    Fələk ölü hazırlayır,
    Mənim kimi biçarədən.

    Ömrü ömrüm qədərdirsə,
    Qədər nədən qədir bilmir?
    İnsafını Allah kəsib,
    Möhlət, aman nədir bilmir.

    Bu dünya tək mənzillidir,
    Rahat ömür sürən yoxdur.
    Qapısında bir giriş var,
    Çıxışını görən yoxdur.

    Yaşamağı hamı blir,
    Yaşanmağı öyrənirəm.
    Çox daşıdım,
    son mənzilə
    Daşınmağı öyrənirəm.

  • Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)

    10367591_10203861957856780_2044120787302943065_n

    Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı.
    – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. Qızı birdən diksinərək bayaqdan gözünü dikdiyi əlindəki telefonu sanki arxasında gizlədəcəkmiş kimi kənara qoyub cəld dilləndi:
    – Yox, ay ana! Saleh bayaq zəng eləmişdi. Dedi ki, işdən çıxıb Bəhruzgilə gedəcəm. Yeməyə məni gözləməyin.
    – Deyirəm axı, bu uşaq niyə belə gecikir? Yenə getdi avaralanmağa – deyə Gövhər xala işləməkdən kobudlaşmış əllərini dizlərinə dirəyib kök bədənini ağır hərəkətlə ayağa qaldırdı. Mətbəxə doğru addımlamaq istəyərkən ayaq saxlayıb geri boylandı:
    – Sən də az o telefonla oyna. At bir kənara, gəl süfrəni düzəlt! Atan da acdır – deyə qızını tənbeh etdi və dilinin altında: “Səsimi çıxartmasam elə ac-susuz oturarlar” – deyinərək mətbəxə girdi. Bayaqkı sükutu pozan qab-qacaq səslərindən bir neçə dəqiqə sonra hər kəs artıq süfrə arxasında oturmuşdu.
    Yeməklərini bitirib bəlkə gələcək deyə, Salehi bir az da gözlədilər.
    – Taleh, yedin-içdin, bala? İndi də qalx, get otağına dərslərinlə məşğul ol! – deyə Gövhər xala sonbeşik oğlunu otağına yolladı. Nəhayət, hövsələsi daralan Gövhər xala çətinliklə ayağa qalxaraq qızına dedi:
    – Dur, qızım, dur, qabları yu, mətbəxi səliqəyə sal, sonra yat. Bax, səhərə qab saxlama ha.
    ” Heç özümə oxşamadı da bu qız” – deyə anası deyinərək divanda oturub toxuduğu corabın millərini əlinə aldı.
    Sənubər telefonunu cibinə qoyub qulaqcığını qulağına taxaraq ayağa qalxdı. Süfrədəki qabları iç-içə yığıb mətbəxə daşıdı. Süfrə arxasından yenicə qalxaraq yeməkdən təngnəfəs olmuş Əlövsət kişi də televizorun pultunu əlinə götürüb:
    – Xəbərlərin vaxtıdır – deyərək bir addımlığında olan kresloya yayxanaraq pultun düyməsini basdı.
    Bir neçə saat keçdikdən sonra Gövhər xala ayağa qalxıb mətbəxə keçdi. Sənubəri telefon qulağında söhbət etdiyini və hələ də qabların yuyulmamış stolun üstündə qaldığını görüb:
    – Ay qız, sən bayaqdan burda neynirsən? Bu qablar ortalıqda hələ çox qalacaq – deyərək danladı.
    – Ay maa, indi yuyacam daa. Rəfiqəm söz soruşurdu – deyib tez əlindəki telefonu kənara qoyaraq qabları yumağa başladı.
    Gec olduğundan artıq hamını yuxu basırdı. Səhər işə gedəcəkdi deyə hər kəs əsnəyərək öz otağına dağılışdılar. Mətbəxdə isə qabların səsi gəlirdi.
    * * *
    Gecədən xeyli keçmiş çöl qapısı yavaşca açıldı. Saleh səs eləməməyə çalışaraq ehtiyatla ayagını içəri atdı. Sakitcə əynini soyunub, ayaqqabılarını çıxartdı. Tələsik özünü mətbəxə salmağından ac olduğu aydın idi. Qaranlıqda əlini divara sürtüb mətbəxin işığını yandırmağa çalışdı. Kuçədəki yol kənarı fənərlərin işığı mətbəxi azca işıqlandırırdı deyə yandırmağa ehtiyac duymadı. Əllərini yuyub qazana əlini uzatdı. Hələ də isti idi. Sevindi: “Eləcə çörəyini doğra ye” – deyə sevinərək öz-özünə pıçıldadı. Demək isitməyə vaxt getməyəcəkdi. Bir qaşıq götürüb yeməyin dadına baxdı. Dilinin altında deyindi: “Elə bil bir balaca şit çıxıb”. Çox ac olduğundan qazanı qabağına çəkdi. İçinə bir az duz töküb, çörək doğradı. Bəh-bəhlə yeməyə başladı. Çörək doğramağına baxmayaraq hərdən bir az qırıb yeməyin kənarlarındakı yağa batıraraq ləzzətlə yedi. “Hmm… Bu başqa məsələ. Bir az dada gəldi.” – deyib yeməyə davam etdi. Yemək deyəsən çox bişmişdi. İçindəki tikəsindən məlum idi. Tikəni axıra saxlamaq bir növ adəti idi. Özü də axıra qaldığından çıntır tikə saxlamışdılar. Əlini tikəyə atdı. Elə bu vaxt yataq otağının qapısının səsi gəldi. Kimsə ya qazanın taqqıltısının səsinə durmuşdu, ya da ayaqyoluna tələsirdi. Dəhlizdə ayaq səsləri eşidildi. O “çıntırın” bir tərəfini dişləri ilə o biri tərəfini əli ilə tutub dartdı. Elə dartdığı anda tikənin cırıldamağı ilə mətbəxin qapısının açılırkən cırıltısı üst-üstə düşdü. Bacısı qapını aralayıb yarıyuxulu halda gözünü qıyaraq azca işıq düşən alaqaranlıq mətbəxə göz gəzdirdi. Qardaşını görüncə:
    – Niyə belə gec gəlmisən? Bu nə vaxtın gəlməyidir? – deyə soruşdu.
    Saleh əsəbi halda bacısına tərəf döndü:
    – Sən hələ de görüm bu yeməyi kim bişirib? Nə duzu var, nə dadı. Axşamdan səhərə qədər öküz kimi işləyirəm. Qazandığım bu evə gedir. Bişirdiyiniz yeməyə bax. Mənə saxladığınız da bu çıntır – deyib əlindəki “çıntırı” helikopterin pərləri kimi havada fırlatdı və soruşdu: – Bu əti kim alıb? Bunun bir tərəfindən tutub dartsan dəhlizin o başına kimi uzanar.”
    Bacısı bir onun əlində tutduğuna, bir də qabağındakı qazana baxıb özünü itirdi:
    – Bu ki… – nə isə demək istəyirdi ki, iş-işdən keçib deyə qorxudan səsini çıxartmadı. Elə bu an anasının ona dəfələrlə dediyi sözlər yadına düşdü: “Bu gün, sabah birinin evinə gəlin gedəcəksən, elə bilirsən ki, heç qazan yumayacaqsan? Yoxsa qabları yuyub, qazana su töküb saxlayacaqsan ki, yenə gəlim mən yuyum? Yu, öyrən də.”
    Elə bu dəm Salehin səsi onu fikirdən ayıltdı:
    – Sualıma niyə cavab vermirsən? Bu nə tikədir saxlamısız?
    – O? – deyə Sənubər həyəcanlı halda soyuducuya yaxınlaşıb balaca qazançanı çıxartdı – Sənin yeməyin budur.
    – Başa düşmədim. Bəs bu nədir? – deyib əlindəkini bir daha havada yellədi.
    – O… O əlindəki? “Kalqotkadır”. Onunla qab-qacağı yumaq daha rahatdır. Neyniyime…süngər xarab olmuşdu. Mən də atdım – bacısı danışdıqca Salehin gözləri hədəqəsindən çıxırdı. Bir əlində tutduğu neylon coraba, bir də qarşısındakı qazanın içinə baxıb öyüdü və sifətini turşudaraq dedi:
    – Dayan, dayan. Belə çıxır ki, mən bayaqdan yediyim yaxantıdır? Vəziyyətin gərginləşdiyini görən Sənubər:
    – Bilirsən, məncə sən evə vaxtında gəlsən yaxşıdır – deyib günahkar kimi boynunu bükərək divara sığındı.

  • Şair Zahid Ələmpaşalı ilə görüşdük

    Bu səfərimiz daha iki yaddaqalan ziyarətimizlə xatirəyə çevrilib yaddaşımıza yazıldı. Rustavidə yaşayan əzizlərim Maya xanım və Nizami bəy olduqca savab bir iş gördülər. Sən demə, Bakıya dönəcəyimiz günün birigünü Başkeçidli mərhum ustad Aşıq Aslan Kosalının oğlu Musanın vəfatının 40 günü tamam olurmuş və dostlarımızın səyi nəticəsində Aşıq Aslan Dədənin ocağına gedib, oğlu Pərvizə və digər doğmalarına başsağlığı verməyə də imkan tapdıq.
    Bu müqəddəs ocaq bizə olduqca doğmadır, çünki burada bir neçə il öncə biz Aşıq Aslan Kosalının özünün qonağı olmuş, çörəyini kəsmiş, dilləndirdiyi qara sazının sehrinə düşmüşdük. Bu gün isə bu ocaqda övladları onun xatirə-muzeyini yaratmışlar. Var olsunlar! Ruhu şad olsun Aslan Dədənin!
    İkinci bir ziyarətimiz isə Borçalının çox sevilən el şairi Zahid Ələmpaşalıya baş çəkməyimizlə yerinə yetdi. Şair yaman naxoşlayıbmış az müddət öncə… Sağ olsun Nizami bəy, əvvəlcə soraqlaşa-soraqlaşa maşınla bizi düz aparıb çıxardı Zahid Ələmpaşalı ocağına. Orada öyrəndik ki, şair hal-hazırda qızı Gülnarə xanımgildədir. Üz tutduq nişan verilən səmtə. Şairin gəlişimizdən necə sevindiyini sözlə ifadə etməkdə acizəm. Tanrıya şükürlər olsun ki, belə bir imkanı bizə verdi. Atalardan bir məsəl var, deyir, bir könülü sevindirmək Kəbə evni ziyarət etməyə bərabərdi. Elə bilirəm, biz bunu bacardıq. Şükürlər olsun…

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
    Tbilisi şəhəri

  • Aşıq Aslan Kosalı ocağında

    Tiflisdə ikinci dəfəydi ki, elmi konfransda iştirak edirdik. Həm oturum başkanı olduq, həm də elmi məruzəylə çıxış etdik. Belə tədbirlər olduqca böyük əhəmiyyət daşıyır, ən azından ona görə ki, Türk Dünyasının elm, mədəniyyət və incəsənət xadimlərinin bir-biri ilə bölüşəcəyi hələ çox ortaq dəyərləri var. Biz sevincimizi, sevgimizi bölüşdükcə böyük oluruq, artırıq, çoxalırıq, daha da möhtəşəm oluruq. Kədərimizi bölüşəndə, onu yenirik, daha üstün, daha yetkin, daha dözümlü oluruq.
    Tiflis simpoziumunda əski dostlarımızdan professor Nail Tanla, Hayrettin İvgin bəylə yenidən görüşdük. Dost simaların sayı artdı. Yeni dəvətlər aldıq. Öz növbəmizdə Türkiyəli həmkarlarımızı, dostlarımızı da Can Azərbaycanımıza dəvət etdik. “Haçan gəlsəniz, gözümüz üstə yeriniz var”, – dedik. Gələcəklər, hökmən gələcəklər. Biz də gedəcəyik. Çünki “Türkiyə ilə Azərbaycan – iki bədəndə bir can!” – demək!

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
    Tbilisi şəhəri

  • Ustad Aşıq Hüseyn Saraçlının 100 illik yubiley təntənəsi

    Ədəbiyyat-Az.Com xəbər verir ki, “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu”nın davamı olaraq keçirilən bu mərasimə ünlü Borçalı aşığı Hüseyn Saraçlı məktəbinin davamçıları olan tanınmış aşıqlar, eyni zamanda simpozium iştirakçıları, TİKA nümayəndələri, səfirlik əməkdaşları, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoyun rəhbərlik etdiyi böyük heyət və digər qonaqlar qatılmışdılar.
    Əvvəlcə böyük sənətkarın doğulduğu Saraçlı kəndindəki məzarı ziyarət edildi. Görkəmli aşığın kəndin mərkəzindəki büstü önündə baş tutan yubiley tədbirində alim və ziyalılar xatirələrini sözlədilər, Borçalılı və Türkiyəli aşıqların ifasında saz havaları səsləndirildi.
    Marneulidə davam etdirilən yubiley tədbirini açan Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu qonaqları salamladı, 100 illik yubileyi qeyd olunan ünlü Borçalı aşığının şöhrətinin bütün Türk dünyasına yayıldığını diqqətə çatdırdı. Sonra söz alan professor Mahmud Kamaloğlu Aşıq Hüseyn Saraçlının şəxsiyyəti və yaradıcılığı barədə mərasim iştirakçılarına məlumat verdi. Tədbirdə Türkiyədən gəlmiş “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, Dünya Söz Akademisinin rəhbəri Hayrettin İvgin, TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoy, AYB-nin Qazax zona bölməsinin rəhbəri Barat Vüsal, professor Nail Tan, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək, Türkiyə-Azərbaycan-Gürcüstan dostluğunun, qardaşlığının daha da inkişafına aparan bu cür mədəni tədbirlərin əhəmiyyətindən danışdılar. Çıxış edənlər Aşıq Hüseyn Saraçlının yüksək sənətkarlığından, onun yalnız Borçalıda deyil, eləcə də Azərbaycanda, Türkiyə və İranda, həmçinin bütövlükdə Türk dünyasında məşhur, sevilən bir ustad sənətkar olduğunu diqqətə çatdırdılar.
    Tədbirə Tiflisdə keçirilən “Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunun iştirakçıları olan 10 dövlətin nümayəndələri, Azərbaycandan, Türkiyədən və Gürcüstanın, Borçalının müxtəlif bölgələrindən gəlmiş saz-söz aşıqləri qatılmışdılar. Ustad Hüseyn Saraçlının oğlu Aşıq Əlinin, Türkiyədən gəlmiş aşıqların, Borçalı və Azərbaycan aşıqlarının ifasında səslənən saz havaları tədbir iştirakçılarına xoş ovqat bəxş elədi. “Sarvan” Rəqs ansamblının balaca üzvləri bir-birindən gözəl rəqsləri ilə yubiley iştirakçılarını heyran qoydular.

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
    Tbilisi şəhəri

  • “Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunda

    Ədəbiyyat-Az.Com xəbər verir ki, may ayının 30-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilis şəhərində “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu” keçirilmişdir.
    İki gün ərzində gerçəkləşdirilən bu nüfuzlu beynəlxalq tədbirdə Gürcüstanlı elm adamları və ziyalılarla yanaşı, Türkiyədən, Azərbaycan və İrandan, eyni zamanda Dağıstandan, Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgələrindən də gələn elm və mədəniyyət xadimləri, sənət adamları iştirak edirdilər.
    Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektor müavini, professor Mahmud Kamaloğlu tədbiri açaraq, Bektaşi Mədəniyyəti və Ozanlara həsr edilən simpoziumun bütün iştirakçılarını səmimiyyətlə salamladı, Gürcüstanda ilk dəfə belə bir nüfuzlu tədbirin keçirilməsini yüksək dəyərləndirdi.
    TİKA-nın Gürcüstan nümayəndəliyinin, “Hacı Bektaşi Veli Kültür Derneği”nin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutan simpoziumun açılış mərasimində həmçinin TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektoru, professor Omari Tabusadze, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı böyükelçisi Zeki Levent Gümrükçü, Dünya Söz Akademisi başkanı Hayrettin İvgin, Azərbaycandan gəlmiş professor Mahmud Allahmanlı və başqaları çıxış edərək, simpoziumun işinə uğur dilədilər. Bektaşi mədəniyyətinə həsr olunan simpoziumun insanlara məhəbbət və sülh aşıladığını, bu mədəniyyətin kökündə saf dəyərlərin durduğunu, aşıqların isə bu mədəniyyəti xalqlarımız arasında yayaraq yaşatdıqlarını söylədilər.
    Türkiyəli qonaqlar və Gürcüstan-Ukrayna Universiteti rəhbərliyi tərəfindən simpoziumun təşkilində xüsusi əməyi olanlara xatirə hədiyyələri və plagetlər təqdim olundu.
    Tədbir iki gün ərzində panel iclaslarda işini davam etdirdi.

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
    Tbilisi şəhəri

  • Elnarə GÜNƏŞ.”Ya Rəsul Allah!”

    Çalışıb gedərəm seçdiyin yolu,
    Ürəyim eşqinlə doludur, dolu.
    Səni heç danarmı Tanrının Qulu?
    Ya Rəsul Allah! Ya Rəsul Allah!

    Sənin məhəbbətin dərin kök atmış,
    O, nurlu kökləri cənnətə çatmış.
    Kimsənə baş əyib, başını ucaltmış,
    Ya Rəsul Allah! Ya Rəsul Allah!

    Allahın salamı olsun yoluna,
    Salavat göndərdim gül-camalına.
    Tamahı sevməzsən dünya malına,
    Ya Rəsul Allah! Ya Rəsul Allah!

    Əli, ilk Hüccətin, hafizin oldu,
    İslam dünyasına varisin oldu.
    Hər kəlmən Quranın hədisi oldu,
    Ya Rəsul Allah! Ya Rəsul Allah!

  • Elnarə GÜNƏŞ.”Ramazan ayı”

    Bu gün niyyət axşamıdır,
    Səmimiyyət axşamıdır.
    Təmiz ülfət axşamıdır,
    Hesabat və Mizan ayı,
    Xoş gəlib Ramazan ayı.

    On bir ayın Sultanıdır,
    Nəfsimizin düşmanıdır.
    O, imanın mehmanıdır,
    Savabları yazan ayı,
    Xoş gəlib Ramazan ayı.

    Əvvəl olub ismi nicat,
    Tut orucu arzuna çat.
    Orucumuzla edək cihad
    Nəfsə divan tutan ayı,
    Xoş gəlib Ramazan ayı.

  • “Yeni Tatar Şeiri Antalogiyası” kitabının təqdimat mərasimi keçirilib

    Ədəbiyyat-Az.Com xəbər verir ki, iyun 7-də Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyində “Yeni Tatar Şeiri Antalogiyası” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Nümayəndəliyin əməkdaşları, tərcüməçi müəlliflər, həmin kitabda şeirləri yer almış Filologiya üzrə fəlsəfə doktoru, şair Lenar Şeyx də iştirak edib.
    Kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üzü görüb.
    Nəşrin məsləhətçiləri AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin sədri Rafis Qurban və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqalarıdır. Sözügedən kitabdakı şeirlərdən bir neçəsini tərcümə etmək də İsmayıllıda yaşayan şair Şahməmməd Dalaroğluna nəsib olub.
    Kitabda azərbaycanlı oxucuya Tatarıstanın 23 istedadlı gənc şairinin şeiri təqdim olunub. Təqdimat öncəsi Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyinin rəhbəri Alfred Zakirov, Dünya Gənc Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və Lenar Şeyx çıxış ediblər. Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrindən, bu gün görülən və gələcəkdə görülməsi arzu olunan işlərdən danışıblar.
    Təqdimatda tərcüməçi müəlliflərə “Yeni Tatar Şeiri Antalogiyası” kitabları və fəxri fərmanlar təqdim olunub.
    Mərasimə qatılan tərcüməçilər, layihənin icraçılarına, antologiyanın ərsəyə gəlməsində zəhməti olanlara, xüsusən də Tatarstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində çalışanlara bu münasibətlə təşkil etdikləri təqdimat və mükafatlandırma mərasiminə görə təşəkkür ediblər.

    Elnarə GENƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Abdulla MƏMMƏD.”Əllərini sıxıb gedək”

    12647929_456084107917624_702711598_n

    Dəyərli dostum, şair-filoloq Elnur Rəsuloğlu Əliyevə

    Bu dəyirman dərd üyüdür,
    Ver əlini çıxıb gedək.
    Ögəyləşən doğmaların
    Əllərini sıxıb gedək.

    Haram kalan, halal talan
    Pərdələyir haqqı yalan.
    Həqiqəti düzdə qalan
    Doğruları yığıb gedək.

    Tərəzinin gözü əyri,
    Söz verənin sözü əyri…
    Düz dünyanın düzü əyri,
    Əyilmədən çıxıb gedək.

    Doğruya yalan dünyanın,
    Oğruya qalan dünyanın,
    Ağrıyıb qalan dünyanın
    Kir suyunu sıxıb gedək.

    Əməl sözə qənim olsa,
    Gözəl gözə qənim olsa,
    Əcəl düzə qənim olsa –
    Gözünə düz baxıb gedək!

  • Şəhla RAMAZANQIZI.”Niyə qorxursan?!”

    1454699405_qiz-deniz-kenarinda-tenhaliq

    Deyəsən, ürəyin duyğudan doyub,
    Kimsə saf sevgini yarımçıq qoyub,
    Qəlbini bir gözəl talayıb, soyub,
    Sən niyə sevməkdən belə qorxursan?!

    QƏlbinə kirpiklər batan ox olub,
    Açdığı yaranın sayı çox olub,
    İndi haradadır, niyə yox olub,
    Sən niyə sevməkdən belə qorxursan?!

    Gülüşü ürəyi parçalayıbmı?
    Ürəyi sən yad biri sayıbmı?
    Ətrini zəhərtək qana yayıbmı?
    Sən niyə Sevməkdən niyə qorxursan?!

    Bax yenə yaz gəlir, çiçəklər açır
    Təbiət ruhundan kədər, qəm qaçır
    Hər tərəf məhəbbət günəşi saçır,
    Sən niyə sevməkdən belə qorxursan?!

    Hələ o keçmişin səni incidir?
    O kövrək ürəyi talayır, didir?
    Hər keçən günümüz ömürdən gedir
    Sən niyə sevməkdən belə qorxursan?!

    Sevməkdən qorxmadı Məcnun, nə Fərhad
    Tanrıdan dilədi eşq adlı imdad,
    Məhəbbət şərabın qorxama, bir də dad
    Sən niyə sevməkdən belə qorxursan?!

  • Rahilə DÖVRAN.”Ramazan”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Dolanar hər ildə, bir kərə gələr,
    Insanın qəlbini, ruhun silkələr.
    Vəbalı, günahı cismindən ələr,
    Qurbanı olduğum, müqəddəs zaman,
    Ayların sultanı, şahı Ramazan.

    Budur, yenə gəlib, könüllər tacı,
    Saflığın, düzlüyün carə, əlacı.
    Qalmışdıq on bir ay, onun möhtacı,
    Ruha hüzur verir sehirlı əzan,
    Ayların sultanı, şahı Ramazan.

    Əllər uzanıbdır Haqqa, dərgaha,
    Səcdəylə qovuşduq, Ona bir daha.
    İnşallah son qoyar, suça, günaha,
    Qoymaz yurdda qalsın, yolunu azan,
    Ayların sultanı, şahı Ramazan.

    Duadır, alqışdır, səmadan yağan,
    Arzudur, diləkdir, günəştək doğan.
    Sən də şəfa dilə, Rəbbdən ey Dövran,
    Kömək olsun sənə, bəxt, taleh yazan,
    Müqəddəs, mübarək,nurlu Ramazan!…

  • Aysel NƏSİRZADƏ.”Necə ağlamasın şəhid anası?!”

    Alınacaq ən pis xəbər ölümdür,
    Necə tutulacaq ölənin yası ?!
    Aman Allah necə ağır zülümdü,
    Necə ağlamasın şəhid anası?!

    Gətirib ömrünə boran bu bahar,
    Yer ağı söyləyər,göy qara bağlar.
    Oğul itirməkdən ağır dərdmi var?!
    Necə ağlamasın şəhid anası?!

    Fəryad içindədi indi ürəyi,
    Gömülür torpağa arzu diləyi.
    Axı qurumayıb qanlı köynəyi,
    Necə ağlamasın şəhid anası?!

    Kimsə çəkə bilməz ana dərdini,
    Dərdi verən Allah verər səbrini.
    Ziyarət etdikcə oğul qəbrini,
    Necə ağlamasın şəhid anası?!

    03.04.2016

  • Esmira RƏHİMLİ.”Göz yaşını eyleyib hər yanə fəvvarə danışma”

    Esmira

    Göz yaşını eyleyib hər yanə fəvvarə danışma,
    Susmağın üçün yəqin var bir kəffarə, danışma!

    Dil açar bir gün zəlul da, danışar sirrini xalqa,
    Dilsiz hesab etdiyin lal divarə danışma!

    Sənin üçün bu könül dəlidir, divanədir,
    Nə sözün var mənə de, dərdini əğyarə danışma!

    Zənn eylə, balıqsan saxlayıb dəryayi-sirri,
    Bir münasib tapmayıb qalınca avvarə, danışma!

    Hər sözün vurar bağrıma min ox danışanda,
    Sızıldayar ürəyim, qan verər hər yarə, danışma!

    Əsməra, təbincə yaz, bu incə qəzəlləri saxla,
    Anlayıb qiymət verən gəlincə bar-barə danışma!

  • Mais TƏMKİN.”Düşəsən” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Qədrini bil, hər an qədir bilənin,
    Səsləyəndə harayına gələnin..
    Can-can deyib, hər üzünə gülənin
    Sən məbadə, tez eşqinə düşəsən.

    Hər gözəldən əhdə sadiq yar olmaz,
    Əsli halalzadə eldə xar olmaz.
    Ərdən ,,boşanmış,,dan vəfadar olmaz,
    Könül, düşsən qız eşqinə düşəsən.

    Acı sözlə hər yetəni dalama,
    Şirin dillə ,,əleyk..,, söylə salama.
    Bayquş olub viranədə ulama,
    Səməndər tək köz eşqinə düşəsən.

    Yağsa da başına hey narın-narın,
    Uyma hiyləsinə yağışın, qarın.
    Zatında paklıq var nazlı baharın,
    Gül-çiçəkli yaz eşqinə düşəsən.

    Mais Təmkin, xoş ilhamla yarat, qur,
    Günəş kimi ömürlərə çilə nur.
    Boş, mənasız kəlmələrdən kənar dur,
    Hikmət dolu söz eşqinə düşəsən!

  • Müzəffər MƏZAHİM.”Dağlara qonağam”

    mm

    Dağlar oğlu, bu keçiddə dayan, dur,
    Öndə gedən bələdçini dayandır,
    Burda mənə dağlar özü həyandır,
    Qayalarla verəcəyəm əl-ələ.

    Mən bilirim xislətini dağların,
    Sınamışam qüdrətini dağların,
    Çox çəkmişəm həsrətini dağların,
    Gül şehinə batacağam mən hələ.

    Bu dağların hər gədiyi, yarğanı,
    Yoldan eylər müsafiri, yorğunu,
    Duman olar zirvələrdə yorğanın,
    Şirin-şirin layla çalar şəlalə.

    Cığırları dolaşdıqca nəfəs dər,
    Bir möcüzə açarı var hər izdə,
    Ocaq qala zirvələrdə qar üstə,
    Sonra “Çoban-bayatı”nı çək zilə.

    Bulaqların dodağında zümzümə,
    Daş qapılar dönük çıxıb ,Sim-simə”,
    Bu yollarda Kərəm düşüb tilsimə,
    Qayalarda səda qalıb: “Can, Lələ!”.

    Müzəffərəm, Muğan düzü oylağım,
    “Savalanda yatan igid” * göz dağım,
    Zirvələrə toxunmasa ayağım,
    Yad olaram bu ocağa, bu elə.
    1984
    *Dırnaq arasındakı sözlər Məmməd İsmayılındır.

  • Aysel NƏSİRZADƏ.”Yorulmuşam”

    Yorulmuşam darıxmaqdan,
    “Yollar yaxın sənsə uzaq”
    Uzaqlığın
    kiçik çillə soyuğu tək
    İlliyimi deşən sızaq.
    Əllərimdən tutsun əlin,
    Gəl biraz da mən dincəlim.
    Başım düşsün çiynin üstə,
    Dərin yuxulara dalım.
    Yorğunluğum çıxsın candan,
    Sənsiz havasız qalmışam,
    Boğuluram nəfəs alım.
    Qurtar məni yorğunluqdan
    Yorulmuşam darıxmaqdan!

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Usare” dərgisində çap olunub

    Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Usare” iki aylık kültür edebiyat sanat dergisinin 7 sayısında Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Göynəyir qəlbimin yarası Sənsiz” şeiri Türkiyə türkcəsində çap olunub.
    Qeyd edək ki, bundan öncə şair-jurnalist Kənan Aydınoğlunun “Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib” şeiri Türkiyə türkcəsində “Usare” iki aylık kültür sanat edebiyat dergisinin ilk sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Sus, bilməsin kimsə…

    13330974_10207225846224817_4781238822271649660_n

    Sus, bilməsin kimsə,
    Yazacağımı, oxuyacağını…
    Sus, bilməsin kimsə,
    Sənlə bağlı gizli qalmalı olanları,
    yoxdur gizli bir məqamlar…
    Sükunətdə itib batmalı,
    bizdə qalmalı olan etirafımı,
    Sus, bilməsin kimsə!
    Sus, bilməsin kimsə,
    Özümlə nə aparacağımı, bu dünyadan başqa dünyaya gedirəm hansı yüklə, sirrlərlə…
    Sus, bilməsin kimsə…
    Bilməsin kimsə, bizə aiddir bunlar,
    bizimdir bu həqiqətlər…
    Bizimdir ancaq…
    Sən və mən…
    Etibar etdim, sirrlərimi paylaşdım səninlə…
    Səs dinlədin, mən danışdım,
    danışdıqca, ağladım,
    dinlədikcə, ah çəkdin…
    Sən və mən…
    Bir də ki, dostluğumuz,
    qısa ömrü olan,
    ölümün apardığı dostluğumuz…
    Qırıldı yolda…
    Getmədi bir istiqamətə,
    olmadı dostluq biz ölənədək bu həyatda…
    Sus, bilməsin kimsə,
    Mən yazım, sən isə oxu,
    səssiz, ya səslə,
    Əslində fərq etməz…
    Səssiz oxusan, içində oxu,
    yaşa hər sözümü o ürəyində…
    Öz səsində oxuduqca yazılanları,
    dinlə səsini, içindən gələn haqq səsini…
    Sus, sus, bir anlıq olsa da…
    Ya Rəbb, səbr diləyirəm hər ikimizə!
    Sus, bilməsin kimsə,
    Bu dəfə ağlamadım, üzülmədim,
    bu ayrılığa, vidalaşmadan ayrıldıq axı…
    Sus, bilməsin kimsə,
    Bu dostluq necə başladı, necə də bitdi…
    Bir anın içində…
    Hər başlanğıcın bir sonu vardır…
    Bunu bilirik axı…
    Sus! Susmağa davam et, bax belə!
    Sus, bilməsin kimsə,
    Dostluq qısa bir varlıq…
    Sadəcə biz deyil, ayrıca “mən”,
    “mənəm mənəm”lər də vardır
    hər bir dostluqda…
    Sus, bilməsin kimsə,
    Susa bilməsən əgər,
    sadəcə oxudunsa,
    sil yaddaşından,
    unut oxuduqlarını…
    Ayrıldı yollarımız…
    Bitdi dostluğumuz…
    Anlayırsan?! Sondur bu!
    Sus, bilməsin kimsə,
    Bilməsin kimsə dedikcə,
    hər kəsə oldu agah…
    Qoy olsun, eybi yox,
    gizlətmirəm ki, mənə doğma idin,
    canım dost idin, bir zamanlar…
    Heyif o günlərdən,
    heyif məndən, heyif səndən…
    Qatdı yenə aranı qatanlar,
    aparıb gətirdilər sözləri,
    üstünə birinin minini qoya-qoya…
    Olsun, olacağa yoxdur çarə…
    Sus, bilməsin kimsə,
    Onlara inanmağını…
    Hər kəsə inandın, bir məndən başqa…
    Qoy olsun, deməli bu da belə sonluğuna varmalıymış…
    Açarın başqasının əlindədir bəlkə də…
    Səni idarə edir başqaları…
    Qərarın özünün deyil,
    qulağını doldururlar paxıllıqdan,
    qısqanclıqdan,
    sənin üçün № 1 olmaq istəklərindən
    qaynaqlanır can-fəşanlıq…
    Eh…
    Bəlkə də, yox!
    Yanılıram?!
    Hardan bilim?!
    İddiam yoxdur səninlə bağlı…
    Gizlətmirəm…
    Sus, bilməsin kimsə,
    Necə ki, susursan…
    Davam et susmağa…
    Sus, bilməsin kimsə,
    Sus! Susaraq baxışlarımız desin,
    bir-birimizə söz yerinə “əlvida”,
    hə, bir də ki, “Xoşbəxt ol, uğurlar”…
    Necə də asandır… Susmaq…
    Qoyuram durğu işarələrini, “Sus, bilməsin kimsə”
    hər kəlimədən sonra üç nöqtə, nöqtə, sual, nida, suallı nida!
    Sus, bilməsin kimsə,
    Sus, bilməsin kimsə…
    Sus, bilməsin kimsə.
    Sus, bilməsin kimsə?!
    Sus, bilməsin kimsə?
    Sus, bilməsin kimsə!
    Eh, necə də, asandır, insanları danışdırmaq, susdurmaq…

  • Esmira RƏHİMLİ.”Düz adam”

    Esmira

    Dolanar fələk də minər min dona,
    Düz adam yürüsün, yoxsa ki, dönsün?
    Bu həyat əzəldən əngəldir ona,
    Səbri yox yaşasın, pulu yox ölsün.
    Zəhməti qabardar əlini, cırar əynini,
    Maaşı bu gündən sabaha çatmaz.
    Bükər də belini, əyər qəddini,
    Bir tikə haramı halala qatmaz.
    “Düz adam düzdə qalar” deyib atalar,
    Nə bilim, haqlıymış ulu babalar.

  • Esmira RƏHİMLİ.”Ey mənim qubarlı, qəhərli könlüm”

    Esmira

    Nə olub, yenə də eynin açılmır?
    Ey mənim qubarlı, qəhərli könlüm.
    Elə bil üstündən tufanlar keçib
    Vurulub salınmış kədərli könlüm.

    Olmazın dərdlərin düşüb yadına,
    Təbib olmayanlar baxıb halına.
    Duzu dərman bilib basıb yarana,
    Göz yaşların axıb zəhərli könlüm.

    Bayquşlar nə bilər gülün ətrini,
    At arısı çəkməz şəmin qəhrini.
    Kafir səccadəni, ellər qədrini,
    Bilməz, a bağlardan bəhərli könlüm.

    Üzün elə döndü, getdi qatarlar,
    Geri dönərmi heç ötən baharlar?
    Körpə uşaq kimi hıçqırıb ağlar,
    Bir vaxt şad gördüyün fərəhli könlüm.

    15-X-2014

  • Mais TƏMKİN.”Dünya”

    10646868_273655359498567_6620189188081019440_n

    Yaxşının ömrünü yetirər sona,
    Yol verməz çiyninə yamanlar qona.
    Hiyləgər qarı tək girər min dona,
    Gəzdirər özündə hər adı dünya.

    Zəngini acgözdü, kasıbı toxdu,
    Namərdə məlhəmdi, comərdə oxdu.
    Canında bir qarış saf yeri yoxdu,
    Hamısı düyündü, yaradı dünya.

    Zərgərin əlindən alıbdır zəri,
    Qatıra diz üstə çökdürüb nəri.
    Koroğlu piyada gəzir hər yeri,
    Bəxş edib Həmzəyə qıratı- dünya.

    Analar gözləri qan-yaşla doldu,
    Övlad həsrətindən yanağı soldu.
    Ismətli gözəlin saçını yoldu,
    Ifritin başını daradı dünya!

    Hər işi tərsinə, bax, aş-ayaqdı,
    Xeyirə zərbədi, şərə dayaqdı.
    Kiminsə gözündə nurdu, mayakdı,
    Təmkinəm , gözümdə qaradı dünya!!

  • Mais TƏMKİN.”Deyirik”

    10646868_273655359498567_6620189188081019440_n

    Bu torpaq üstündə gəzib,
    Verək əl-ələ deyirik.
    Əməlimiz olmasa da,
    Sözdə ki belə deyirik.

    Duz basırıq yaramıza,
    Ox atırıq sıramıza.
    Sonra nədən aramıza
    Düşdü vəlvələ deyirik.

    Bir çəkən tək yüz yükünü,
    Könül çəkir söz yükünü.
    Yer boşaldır öz yükünü
    Buna zəlzələ deyirik!

    Avqust 2013

  • Müzəffər MƏZAHİM.”Gedir”

    mm

    Ömrə-günə nə etibar,
    Göz görəsi axıb gedir.
    Bu dünyanın göy üzündən,
    Şimşək kimi çaxıb gedir.

    Yol yorğunu olub daha,
    Bəxt əlinə verib yaxa,
    Cangüdəni qaraçuxa,–
    Bəd ayaqda çıxıb gedir.

    Ömür köhlən, dünya cıdır.
    Bu qovha-qov can acıdır,
    Fələk cığal oyunçudur,
    Qurduğunu yıxıb gedir.

    İnsan qənimdir özünə,–
    Ölüm görünmür gözünə,
    Dünyanın soyuq üzünə,
    Məsum-məsum baxıb gedir.

  • Müzəffər MƏZAHİM.”Götürməz”

    mm

    Öz yükünü özün daşı,
    Bu dünya şələ götürməz.
    Gözlərindən axan yaşı,
    Bir kimsə ələ götürməz.

    Gözün tox, qəlbin dolusa,
    Bəndəsən, Allah qulusan.
    Getdiyin haqqın yolusa,
    Əyri əmələ götürməz.

    Sevgi ələm yanğısıdır,
    Vüsalsız qəm yanğısıdır,
    Bu od Kərəm yanğısıdır,
    Bu dərdi Lələ görürməz.

    Həyatın hər cür üzü var,
    Eniş-yoxuşu, düzü var,
    Qəlbində ki, qəm izi var,
    Ürəyin çilə götürməz,

    Ömür yollarda əsirdir,
    Hər yolun məramı sirrdir,
    Sonsuzluğun yolu birdir,
    Hər yol əcələ götürməz.

    11. 01.2014.

  • Sumqayıtlı yazarın yeni romanı çapdan çıxmışdır

    Eyruz Memmedov Zohra ve Kenan

    Eyruz Məmmədovu istər Sumqayıtda, istərsə də Bakıda yaxşı tanıyırlar. Respublikanın əməkdar jurnalistidir. O, 28 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. 10-a yaxın kitabı çap olunmuş, üç sənədli filmi çəkilmişdir. Həmin kitablar və sənədli filmlər erməni millətçilərinin iç üzünü açmış, dünya ictimaiyyətinə əsl həqiqət tutarlı dəlil-sübutlarla çatdırılmışdır.
    Eyruz müəllim sənədli publisistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Onun “Gecə…incə gecə…”, “Dama Pika”, “R.S.”, “Mister Riç” və sair romanları nəşr olunmuşdurr. Əsərləri türk, rus, alman, ingilis və ispan dillərinə tərcümə olunub.
    Bu yaxınlarda müəllifin “Azəri” nəşriyyatı tərəfindən “Zöhra və Kənan” adlı yeni romanı işıq üzü görmüşdür. Əsərdə hadisələr 2004-2005-ci illərdə İraqda baş verir. Amerika və ingilis qoşunları Bağdada daxil olmaqda məqsədlərini nüvə silahının ləğvi ilə əlaqələndirirlər. Əslində isə belə deyildir. İraqda nüvə silahının olmaması hamıya məlumdur. Qərb dövlətlərini İraqın nefti maraqlandırır. Onlar Səddam Hüseyn rejimini devirmək, hakimiyyətə dırnaqarası demokratik qüvvələrin gətirilməsini bəyan etsələr də, əslində İraq neftinə sahib çıxmaq ustəyirlər.
    Müharibə böyük bir ölkəyə fəlakət gətirir, şəhərlər dağıdılır, insanlar qətlə yetirilir, ana-bacıların göz yaşları ümmana çevrilir. Əsərin əsas qəhrəmanı Kənan Bağdada yola düşür, Qızıl Aypara cəmiyyətinin xətti ilə İraqa yardım aparmış və orada naməlum şəkildə itkin düşmüş atasının axtarışlarına başlayır. Burada baş verən vəhşilikləri, yerli əhaliyə qarşı amansız işkəncələrin şahidi olur. Hadisələr biri-birinin ardınca dinamik surətdə inkişaf etməyə başlayır. Kənan ölümlə üzləşir, sağ qalmaq üçün mübarizə aparır. Bu mübarizə olduqça ağır və dəhşətli olur. Bununla belə, Kənan inadından dönmür, atasının axtarışı ilə bağlı bir sıra hadisələrin mərkəzində olmağa məcbur olur, burada Zöhra adlı bir qıza vurulur. Bu məhəbbətə qarşı çıxanlar tapılır. İki aşiqin tapılmasına və ölümünə fərman verilir. İraqda ədalətsiz müharibə insanların taleyini, həyata baxışlarını dəyişir, münasibətlərdə psixoloji sarsıntılar yaradır. Əsərdə butün hadisələr dolğun və inandırıcı təsvir olunur.
    Kitabı Sumqayıtın mərkəzi kitabxanasında, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin kitab satışı mağazalarından əldə etmək olar.

    ]Ərşad Nihad,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Esmira RƏHİMLİ.”Ey naşükür, nə acizsən, dünyanın sirri önündə!”

    esmira

    Ey naşükür, nə acizsən, dünyanın sirri önündə!
    Hər bir aqil bir cahildir, etiraf etməzdən əvvəl.

    Deyilənəni eşitməzmi, bağlı qəlbləri eşidən?
    Ədəbini yadına sal, bir söyüş söyməzdən əvvəl.

    Sözlər kiçikdir, acizdir deməkçün eşqi-şövqünü,
    Mən yalansam, sən doğru ol, bir düşün dinməzdən əvvəl.

    Dünya sənin qulluğunda, sən isə Onun qulusan!
    Barı bir kərə həmd eylə, adını çəkməzdən əvvəl.

    Çalışqan ol, tənbəl qulu daha çox sevməz sahibi,
    Hər gün bir savaba yetiş, yanına getməzdən əvvəl.

    Dünyamız toz danəsidir, bu kövnü-fəza içində,
    “Ol” demiş aləmlərə, Var Olan var etməzdən əvvəl.

    Gör necə düzənləmişsə dünyanı və kainatı,
    Sanırsan hec nə yox idi sən bura gəlməzdən əvvəl.

    Uca dağların başına ehtiyat üçün qar vurmuş,
    Yay gəlincə yağan yağış çaylarda bitməzdən əvvəl.

    Naçarəsən, nəkarəsən, məhzursan, qulsan, bəndəsən!
    Ömrün var ikən tövbə et, fürsətin itməzdən əvvəl.

    Acı milçəkdin, Əsməra, döndərdi bal arısına,
    İstixfar istə, səcdə et, şirəni çəkməzdən əvvəl.

  • Esmira RƏHİMLİ.”Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?”

    esmira

    Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?
    Bu nə həsəd, nə paxıllıq, nə səbirsizlikdir?

    Qəlbində sevgisi lallar, susub zikr edər ikən,
    Danışanlar tövbə etməz, bu nə səssizlikdir?

    Yeyər, içər Ramazanda, qulluq eyləyər cana,
    Orucluya gülüb deyər, nə çəlimsizlikdir?

    Bu beyinmi, peyinmi? Varmı orta məxrəci?
    Ümumi bənzəri varmı, nə əqilsizlikdir?

    Dil yalan, imanı puç, mərifət elmi iraq,
    Söyüşün biri bir qəpik, nə ədəbsizlikdir?

    Aqil sənə hörmət eylər, cahil sənə nifrət!
    Əsməra, cahilmi çoxdur, nə qədirsizlikdir?

    03/07/2012

  • Mais TƏMKİN.”Gəlir”

    10646868_273655359498567_6620189188081019440_n

    Haqsızlığı yer üzündən
    Süpürüb silməyim gəlir.
    Haqqın harda olduğunu,
    Arayıb bilməyim gəlir.

    Sözümdən kafur qoxuyub,
    Özüme kefen toxuyub,
    Ölümə meydan oxuyub,
    Ürəkdən ,,gülməyim” gəlir.

    Kimlərisə utandırıb,
    Kiməsə haqqı qandırıb,
    Vurub özümü yandırıb,
    Mənim də ölməyim gəlir!
    Mənim də ölməyim gəlir!!!

  • Mais TƏMKİN.”İki gəncin ömür-günü var olsun!”

    10646868_273655359498567_6620189188081019440_n

    Söz, nəğmə zinətdi toya-büsata,
    Günəş nur çiləyir bu xoş həyata.
    Sevinsin hər Ana, gülsün hər Ata,
    Hamının evində toy-mağar olsun.
    İki gəncin ömür-günü var olsun.

    Gülən baxışlarda qəm görünməsin,
    Ömrün yollarında çən görünməsin,
    Gözlərdə intizar, nəm görünməsin,
    Qəlblərdə nə qüssə, nə qubar olsun,
    İki gəncin ömür-günü var olsun!

    Güzəran xoş keçsin evdə-eşikdə,
    Gəlin Ana olsun, dursun keşikdə.
    Bir körpə sədası gözəl beşikdə,
    Yayılsın hər yana, elə car olsun,
    İki gəncin ömür-günü var olsun!

    Nəşələr artdıqca toy tükənməsin,
    Nəsil tükənməsin, soy tükənməsin,
    Ruzisi Allahdan qoy tükənməsin,
    Bağçasında bəhrə verən bar olsun,
    İki gəncin ömür-günü var olsun!

    Bəy mələkdi, gəlin ellər gözəli,
    Ömür bağı qoy görməsin xəzəli.
    Təmkin desin toyda şeiri, qəzəli,
    Məclisində kaman olsun, tar olsun,
    İki gəncin ömür-günü var olsun!

  • Müzəffər MƏZAHİM.”Həsrətindəyəm”

    mm

    Aşıq qardaş, oxu el havasından,
    Zilinin, bəminin həsrətindəyəm.
    Könül tellərilə köklə sazını,
    Çoxdan Dilqəminin həsrətindəyəm.

    Sən sazlı-söhbətli el aşığısan,
    Məclislər bəzəyi, yaraşığısan.
    Çal, tellət titrəsin, əlinə qurban,
    Yanıq Kərəminin həsrətindəyəm.

    Şad eylə məclisi, qərq olma qəmə,
    Od çıxsın mizrabı vuranda simə.
    Saz-söhbət elminə naşısan demə,
    Şəmkir aləminin həsrətindəyəm.

    Oxu ürəkləri alışdır, yandır,
    Nəslini danana nəslini qandır.
    Nadanı sazdakı sehrə inandır,
    Ələsgər elimin həsrətindəyəm.

    O saz Dədə Qorqud nişanəsidir,
    Yurdumun keçmişindən gələn səsidir.
    Dinləyəndə qəlbim kövrəlir,əsir;
    Çal ustad, mən sənin həsrətindəyəm.