Category: Mədəniyyət

  • Mədəniyyət Nazirliyi “Creative Talks” layihəsini ictimaiyyətə təqdim edir

    “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək.

    “Creative Talks” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

    Layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,  Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq.

    “Yaradıcı Həftə” çərçivəsində müzakirələr Bakıda Yarat Müasir İncəsənət Məkanında (27-28 noyabr), Sumqayıtda isə Heydər Əliyev Mərkəzində (29-30 noyabr) təşkil ediləcək. 

    Qeydiyyat üçün talks.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb. 

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gənc xanım yazar Zəhra HƏŞİMOVA saytda SUMQAYIT Bürosunun Rəhbəri təyin edildi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 21 noyabr dekabr 2023-cü il tarixli müvafiq qərarına əsasən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri təyin edildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5 dildə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5(AZƏRBAYCAN, TÜRK, ƏRƏB, FARS, İNGİLİS dillərində) dildə işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Tbilisidə “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub

    Tbilisidə müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr edilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin Gürcüstana, qədim gürcü xalqına təmənnasız qayğısını, doğma, isti münasibətini əks etdirən kitabda toplanmış “Gürcüstanla ilk tanışlıq”, “Dostluq rəmzi – həm yol, həm körpü”, “Bakı–Supsa neft kəmərinin açılış mərasimi”, “Dəyişməz qərar”, “Heydər Əliyev və Eduard Şevardnadze mətbuat konfransında”, “Heydər Əliyevin Tbilisi Dövlət Universitetində nitqi”, “Heydər Əliyev və Gürcüstan”, “Dünya Heydər Əliyev haqqında” kimi sənədli materiallar, dost ölkədə təşkil olunmuş ictimai-siyasi, mədəni tədbirlərdə çıxışların stenoqramı və arxiv fotoları ilə təqdim edilir.

    Gürcü və Azərbaycan dillərində tərtib olunmuş nəfis nəşrin layihə rəhbəri Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, tərtibçiləri Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili və Dövlət Tərcümə Mərkəzinin Gürcüstanla ədəbi-mədəni əlaqələr üzrə koordinatoru, yazıçı İmir Məmmədli, redaktoru Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı Etimad Başkeçiddir.

    Kitab Gürcüstanın aparıcı “Merani” nəşriyyatında işıq üzü görüb.

    Mənbə: https://azertag.az/

  • Türkiyənin tanınmış ifaçıları Bakıda konsert verəcək

    Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, konsert noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

    Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

    Mənbə: https://azertag.az/

  • Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb

    Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Layihə Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirin qonaqları gənc istedadlı rəssamların işləri ilə tanış olublar.

    Ekspozisiyaya gənc rəssam, təsviri incəsənət müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri Sonaxanım Kərimova və gənc rəssam, 183 nömrəli məktəbin şagirdi Abdulla Məlikzadənin əsərləri daxil edilib.

    Sərgi noyabrın 25-dək davam edəcək, giriş pulsuzdur.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanaya Qətər ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar hədiyyə edilib

    Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan Milli Kitabxanasının qonağı olub.

    Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında məlumat verib.

    Görüş çərçivəsində Milli Kitabxananın 100 illik yubileyinin keçirilməsi barədə qonağa məlumat verilib.

    Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan ilə Qətər arasında beynəlxalq qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Həmçinin o, səfirlik adından Milli Kitabxanaya Qətərin ədəbiyyatını, tarixini, mədəniyyətini, təbiətini və s. əks etdirən kitablar hədiyyə edib.

    Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Bakı simfoniyası” kitabı və Azərbaycan xəritəsi təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq

    Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq.

    AZƏRTAC xəbər verir ki, “Abad”, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə Azərbaycan stendi dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirəcək. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olacaq.

    Milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunacaq və ziyarətçilərə hədiyyə ediləcək. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verəcək. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizin təşviqi ilə bağlı videoçarxın yayımlanması planlaşdırılır.

    İki gün davam edəcək Lüksemburq Beynəlxalq Bazarında ziyarətçilər yüksəkkeyfiyyətli milli məhsullarımızı – şərabları, təravətli çayı, nar şirəsini, gül və əncir mürəbbələrini, ənənəvi şirniyyatları, paxlava, şəkərbura dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayıları əldə edəcəklər.

    Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunacaq.

    Lüksemburq Beynəlxalq Bazarından əldə olunan ianə 7 kateqoriya üzrə 48 xeyriyyə təşkilatına göndəriləcək.

    Şəhla Ağalarova

    AZƏRTAC-ın xüsusi müxbiri

    Lüksemburq

    Mənbə: https://azertag.az/

  • “Avroviziya 2024” seçimlərinin finalçıları məlum olub

    İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, “Avroviziya 2024” səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.

    İctimai TV-dən AZƏRTAC-a bildirilib ki, namizədlər musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıblar.

    Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.

    Mənbə: https://azertag.az/

  • Milliliyimizin rəmzi olan kəlağayıya həsr olunmuş tədbir keçiriləcək

    Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağayılı bir muğamıydı…” adlı konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq.

    Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.

    Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxana “20 noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgini istifadəçilərə təqdim edib

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Ağdam şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Ağdam şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

    Noyabr ayının 20-si Ağdam şəhəri günüdür. Ağdam Şəhəri Günü Azərbaycanda ilk dəfədir qeyd olunur.

    Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

    Mənbə: https://azertag.az/

  • Gənclər Kitabxanasında “Ağdam Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr – “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən silsilə materiallar – virtual kitab sərgisi və videomaterial hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, hazırlanan materiallarda Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, Cümə məscidi, Şahbulaq qalası, Qutlu Musa və Pənahəli xanın türbəsi kimi tarixi memarlıq abidələri, dünyada ikinci olan Çörək muzeyi haqqında məlumat verilir.

    Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Videomaterialda bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrasrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

    Virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Ölümü fəth edənlər”, “Ağdam rayonu və onun toponimiyası”, “Ağdamım mənim”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələrinin görüntüləri yer alıb.

    20 noyabr – “Ağdam Şəhəri Günü” ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • “Oppenheimer” və “İtirilmiş və bədbəxtlər” filmlərinin ulduzları mükafata layiq görülüb

    “Oppenheimer” filmi ilə daha da məşhurlaşan İrlandiyalı aktyor Killian Merfi “Desert Palm Award” mükafatına layiq görülüb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mükafatlandırma mərasiminin 2024-cü il yanvarın 4-də keçirilməsi planlaşdırılır.

    Qadınlar arasında sözügedən mükafatın sahibi “İtirilmiş və bədbəxtlər” fantastik filminin baş rol ifaçısı Emma Stondur.

    Mənbə: https://azertag.az/

  • “The Linkoln Lawyer” serialı növbəti mövsümdə tamaşaçılara təqdim ediləcək

    “The Lincoln Lawyer” serialının üçüncü mövsümü “Netflix” platformasında yayımlanacaq.

    AZƏRTAC xəbər verir ki, böyük maraqla gözlənilən ekran əsəri on epizoddan ibarət olacaq.

    Serialın çəkilişlərinin 2024-cü il yanvar ayında Los-Anceles şəhərində həyata keçirilməsi nəzərdə tutulub.

    Ekran əsərinin əvvəlki versiyaları həftəlik reytinq göstəricələrinə görə ilk 2-ci sırada yer alıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq rəssamı Lətif Kərimovun doğum günüdür

    Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 117-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

    Lətif Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Onun nəsli – bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.

    Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.

    Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

    Dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

    Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləyib. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa edib. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. O, xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçaları uzun müddət “Qafqaz xalçası” adı altında təqdim edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır.

    Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.

    Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

    Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.

    Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

    Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Gənclər Kitabxanası Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “17 Noyabr – Milli Dirçəliş Günü” adlı videomateriallar əsasında ənənəvi və virtual kitab sərgisi təşkil edib.

    AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır.

    Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan dövləti müasir inkişaf yoluna qədəm qoymuşdur.

    Materiallarda ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri ilə Bakıda alovlanan milli hisslərin fonunda 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət alması, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına, Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıdakı Azadlıq meydanında toplaşması, azadlıq mübarizəsi, bu hadisələrin beynəlxalq mətbuatda işıqlandırılması faktları öz əksini tapır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır. İzləyicilər hazırlanan materiallarda o illərin foto və videogörüntülərini də izləyə bilərlər. Hazırlanan materiallarda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi – Şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır.

    Kitabxana əməkdaşları tərəfindən Milli Dirçəliş Günü ilə əlaqədar hazırlanan virtual sərgidə “Heydər Əliyev – Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev – Müdrik fikirlər”, “1988. Keçmişə pəncərə” kimi kitabların biblioqrafik təsvirləri və qısa annotasiyaları, “Milli dirçəlişdən müstəqilliyə”, “Müstəqillik tariximizin unudulmayan səhifəsi”, “Meydan hərəkatı ilə başlanan azadlıq mücadiləsi”, “Milli dirçəlişin başlanğıcı” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.

    Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada özündə 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr – Milli Dirçəliş Günü” adlı kitab sərgisi də təşkil edilib.

    Mənbə: https://azertag.az/

  • USTAD SƏNƏTKAR HÜSEYN BOZALQANLININ 160 İLLİK YUBİLEYİ QEYD OLUNUB

    2023-cü il noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub, mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Kiçik yaşlarından saza-sözə bağlanıb, 12 yaşından həm də şeir yazmağa başlayıb. Azərbaycan aşıqlarının I və II Qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbatycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Məşhur aşıqlar – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və digərləri onun şəyirdi olublar. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır. Hüseyn Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib.

    Sonra aşıqlar müxtəlif saz havaları üstündə Hüseyn Bozalqanlının şeirlərini ifa ediblər. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (“Mirzəcanı”), Nəbi Nağıyev və Nazim Quliyev (“Cəlili”), Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu (Şirvan müxəmməsi), Elbrus Hüseynov (“Təcnis”), Şahniyar Əliyev və Azər Ələkbərov (“Hüseyni”), Roman Azaflı (“Aran gözəlləməsi”), Elməddin Məmmədli (“Ovşarı”), Vüqar Qurbanov (“Yüngül şərili”), “İmran Göyçəli (“Qəhrəmanı”), Təşəkkül Laçınlı (“Gəraylı”), Elməddin Bayramlı  (“Orta sarıtel”), Şəhriyar Kərimov (“Dərvişi”), Gəncəli Babayev  (“İrəvan çuxuru”), Şahin Süleymanov (“Ağır şərili”), Nəcəf Uğurlu (“Naxçıvanı”)  və İmran Fikrətoğlunun (“Kərəm gözəlləməsi”) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Sonda ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əli Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

    Mənbə: https://azerab.az/

  • “Animation in Azerbaijan 2023” adlı kataloq hazırlanır

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası “Animation in Azerbaijan 2023” adlı kataloq hazırlayır.

    Azərbaycan Animasiya Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, kataloq beynəlxalq tədbirlərdə, festivallarda, sərgilərdə, o cümlədən, Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq.

    Sözügedən kataloqda Azərbaycanda çəkilmiş və hazırlıq mərhələsində olan animasiya filmləri və seriallar, animasiya sahəsində fəaliyyət göstərən studiyalar, kinofestivallar, animasiya kinosuna dəstək göstərən dövlət qurumları və qeyri-hökumət təşkilatlarının siyahısı yer alacaq.

    Qeyd edək ki, kataloqa öz işlərini təqdim etmək istəyən animasiya peşəkarları və animasiya studiyaları noyabrın 20-dək elektron qaydada müraciət edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Leyla Əliyevanın “Sevgi” kitabının və rəsm əsərlərinin yer aldığı kataloqun təqdimatı keçirilib

    Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sevgi” adlı kitabının və rəsm əsərlərinin kataloqunun IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı keçirilib

    Təqdimat Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində gerçəkləşən və beş gün davam edən sərginin yaddaqalan tədbirlərindən olub.

    Tədbirdə Xalq yazıçısı Elmira Axundova, Xalq rəssamı Arif Hüseynov və başqaları çıxış edərək kitabın əhəmiyyəti haqqında öz maraqlı fikirlərini bildiriblər.

    Mənbə: https://culture.gov.az/

  • Mədəni irs nümunələri qarətçilərinə qarşı Beynəlxalq Mübarizə Günü və Ermənistanın analoji cinayətləri

    Hər il noyabrın 14-də qeyd edilən Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü dünyaya xatırladır ki, mədəni irs nümunələrinin oğurlanması, talanması və qanunsuz dövriyyəsi halları tez-tez baş verir. Bu barbarlıq aktlarını törədənlər xalqların mədəniyyətini, kimliyini və tarixini qarət edir. UNESCO beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı birgə mübarizə aparmağa çağırır.

    Bu kontekstdə Ermənistanın Azərbaycana məxsus mədəni sərvətlərin qarət edilməsi cinayətlərini xatırlatmaq yerinə düşər. Hamıya məlumdur ki, müharibə və silahlı münaqişə zonalarında mədəni irs abidələrinin qarət olunması və onların qanunsuz dövriyyəsi daha tez-tez baş verir. Bu baxımdan, UNESCO Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın və Qarabağda olan separatçıların cinayətlərini daha dərindən araşdırmalıdır. Həmin illərdə ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz eksponatları oğurlanıb. Erməni təcavüzkarları həmin muzeylərdə olan Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları qarət edərək Ermənistana və digər ölkələrə daşıyıblar.

    UNESCO-nun müraciətində qeyd olunub ki, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinin bir çox səbəbləri var və bunun kökündə əxlaqsızlıq dayanır. Qeyri-qanuni ticarət edilən mədəni sərvətlər çox vaxt ya dünya üzrə qeyri-qanuni bazarlar, ya da hərraclar kimi qanuni bazarlar, o cümlədən internet vasitəsilə ötürülür. İnsanlar, hökumətlər, incəsənət bazarı və qurumlar maarifləndirmək, incəsənət və mədəniyyət obyektlərinin alqı-satqısı zamanı məlumatlı və etik olmaq, qanunlar qəbul etmək və onlara hörmət etmək, mədəni irsi və mülkiyyəti qorumaqla bununla mübarizə aparmaq üçün öz üzərinə düşəni edə bilərlər. Təəssüf ki, Qarabağda mədəni sərvətlərimizi talan edənlər üçün əxlaq anlayışı və bu prinsiplər tamamilə yaddır.

    UNESCO ilk dəfə 2019-cu ildə 40-cı Baş Konfransı zamanı bu cinayətə və onunla mübarizə yollarına diqqəti artırmaq, habelə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq məqsədi ilə 14 noyabr tarixini Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul edib və mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiya (1970) vasitəsilə proaktiv tədbirlər görür. 2020-ci ildə 50 illik yubileyi qeyd edilən bu Konvensiya qeyri-qanuni dövriyyəyə qarşı mübarizədə digər irəliləyişlərə paralel olaraq oğurluq və talançılığın qarşısının alınması və oğurlanmış mədəni sərvətlərin qaytarılması və bərpası üçün beynəlxalq çərçivə təmin edir. Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə son qoymaq üçün əldə edilmiş mədəni sərvətlərin mənşəyini yoxlayarkən hər bir alıcının tələb olunan lazımi yoxlamaya əməl etməsi vacibdir.

    Erməni qarətçiləri məhz bu Konvensiya əsasında məsuliyyətə cəlb edilməli, onların dünyanın qeyri-leqal bazarları və ya hərraclar yolu ilə dövriyyəyə buraxdığı Azərbaycan xalçaları və digər qiymətli mədəni irs nümunələri müsadirə olunaraq geri qaytarılmalıdır. Bu il oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinin bariz nümunəsidir. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Azərbaycanın Avstriyadakı səfirliyi buna etiraz əlaməti olaraq BMT-nin Vyana bölməsinin rəhbərinə məktub ünvanlayıb

    Mənbə: https://azertag.az/

  • Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb

    Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.
    Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

    Əvvəlcə Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının təqdimatında Ş.Perronun “Qırmızıpapaq” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa (rejissor S.Haqverdiyeva) nümayiş olunub. Eyni zamanda teatr-studiyanın və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən ustad dərsləri keçirilib.

    Sonra Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov, “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məkanda nümayiş etdirilən rəsm, bədii sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik və keramika məmulatları və s. ibarət sərgi ilə tanış olublar.

    Açılış nitqi söyləyən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qonaqları salamlayıb. Qeyd edib ki, mərkəz tərəfindən “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Bu layihələr arasında ən əhəmiyyətlilərindən biri də Uşaq İncəsənət Festivalıdır. O, festivalın qaliblərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Layihənin əhəmiyyətindən danışan elm və təhsil nazirinin müavini Həsən Həsənli festivalın ölkəmizin həm mədəni, həm də təhsil həyatında böyük rol oynayacağını söyləyib.

    Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov vurğulayıb ki, müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan bu festivalın keçirilməsində başlıca məqsəd Ulu öndərin mədəniyyətə, uşaqlara olan qayğısını rəhbər tutaraq uşaqlarımızda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq oyatmaq, yaradıcı fəaliyyətlərinə dəstək verməkdən ibarətdir. Festival uşaqlarla yanaşı, bölgələrdə çalışan mütəxəssislərin də fəallığının artırılmasına xidmət edib.

    “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun festivala dəstək olmasından məmnunluğunu bildirib.

    Çıxışlardan sonra festivalın qalibləri mükafatlandırılıb.

    Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib olub.

    Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.

    Kollektiv nominasiya üzrə ümumilikdə 15 kollektiv qalib olub. Onlardan 7-si I, 5-i II, 3-ü isə III yeri qazanıb. 

    Qaliblərə diplom və hədiyyələr təqdim olunub. 

    Mükafatlandırma mərasimindən sonra festivalın ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhərinin adı açıqlanıb. Bakı şəhəri adıçəkilən nominasiyalara görə növbəti il festivala ev sahibliyi etmək hüququ qazanıb.

    Sonda ölkəmizin tanınmış incəsənət ustaları və UİF-nin qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

    Bununla da müstəqillik dövrünün ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalına yekun vurulub.

    Xatırladaq ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində gerçəkləşib.

    Mənbə: https://culture.gov.az/

  • Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycanın tarixi Qələbəsindən bəhs edən kitabın təqdimatı olub

    IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə hazırladığı “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirə moderatorluq edən “Şərq-Qərb” nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlı 6 dildə – Azərbaycan, rus, fars, türk, ərəb, ingilis dillərində işıq üzü görən kitabın hazırda Çin dilinə tərcüməsi üzərində işlər aparıldığını diqqətə çatdırıb.

    AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxışında nəşrin Vətən müharibəsinə həsr olunan ilk kitab olduğunu qeyd edib. “Əsərdə Birinci Qarabağ müharibəsində məğlubiyyətin səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ordu quruculuğu ilə bağlı fəaliyyətindən bəhs edilir. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının mühüm aspektləri işıqlandırılır”, – deyə o əlavə edib.

    Nəşrin həmmüəllifi, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, kitabda 2003-cü ildən bəri Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr təhlil edilib. O, Qələbəyə doğru gedən yolun üç əsas səbəbini qeyd edib: “Qarabağın tarixən Azərbaycan torpağı olduğunu sübut etmək, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirmək və informasiya məkanında Ermənistanın təbliğat maşınını dağıtmaq. Bu üç əsas amil Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilib və Qələbəyə gətirib çıxarıb”.

    Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mirtural Mirsultanov, “Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova vurğulayıblar ki, kitabda, həmçinin İkinci Qarabağ müharibəsi dövrünün Qələbə tarixi və diplomatiyası araşdırılır. Azərbaycanın tarixi Qələbəsinin geosiyasi nəticələri və Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dövrdə Qarabağın sosial-iqtisadi inkişaf strategiyası geniş təhlil edilib.

    Qeyd olunub ki, bu kitab vasitəsilə oxucular Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinin bütün təfərrüatlarını öyrənə biləcəklər. Kitab Vətən müharibəsində qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq.

    Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitaba giriş sözü yazıb. Nəşrin elmi redaktoru professor Kərim Şükürovdur.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdədir. 

    Noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş keçirilib.

    Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq bildirilib. Qeyd olunub ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.

    Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin 13-14 oktyabr tarixlərində Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub. 

    Söhbət zamanı birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • Müstəqillik dövrünün ən böyük sənət layihəsi Uşaq İncəsənət Festivalı başa çatıb

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

    Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair brifinq keçirilib.
    Əvvəlcə festivalla bağlı videoçarx nümayiş etdirilib.

    Açılış nitqi söyləyən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova festival haqqında məlumat verib. Qeyd edib ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.

    Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub. Ağalı kənd tam orta məktəbində keçirilən tədbirdə Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə çıxış ediblər.

    İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs nominasiyaları üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 uşaq üçün yay düşərgəsi təşkil edilib.

    26-27 avqust tarixlərində Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib. Düşərgədə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.

    Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev bildirib ki, festivalın məqsədi ölkəmizin hər bir regionunda istedadlı uşaq və gəncləri üzə çıxarmaq idi: “Bu festival göstərdi ki, bizim kifayət qədər istedadlı uşaqlarımız var. Festivalda yer tutmayan uşaqlar məyus olmasınlar. Çünki onların hər biri bizim üçün qalibdirlər”.

    Elm və Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev layihənin əhəmiyyətindən söz açıb. Layihənin davamlı olacağına ümidvar olduğunu bildirən şöbə müdiri festivalın təşkilatçılarına təşəkkür edib.

    Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev vurğulayıb ki, mədəni, sosial və təhsil layihəsi olan festival böyük kütləni əhatə edib. Təkcə festivalın birinci mərhələsində ölkəmizdə olan 122 mədəniyyət müəssisəsində tədbir təşkil olunub. Əksər bölgələrimizdə festivalla bağlı məlumat günləri keçirilib. Festival istedadlarını nümayiş etdirmək üçün uğurlu platforma oldu”. 

    Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

    Mənbə: https://culture.gov.az/

  • Konstitusiya Günü ilə bağlı onlayn sərgi təqdim edilib

    Konstitusiya Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Sərgiyə keçid üçün link: http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm.

    Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

    Mənbə: https://azertag.az/

  • Bakı Kitab Mərkəzində Mixail Qusmanla görüş olub

    Bakı Kitab Mərkəzində (Baku Book Center) TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Solomonoviç Qusmanla görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) ilə birgə təşkil olunub.

    Tədbirdə mərkəzin direktoru Günel Rzayeva çıxış edərək Bakıdakı oxucuların sonuncu dəfə Mixail Qusmanla görüşünün üç il əvvəl, pandemiyadan əvvəl Bakı Kitab Mərkəzində keçirildiyini bildirib, məşhur jurnalistlə bu məkanda yenidən görüşməkdən məmnunluğunu ifadə edib.

    Mixail Qusman Bakıda keçirdiyi uşaqlıq illərindən, peşə fəaliyyətindən danışıb, jurnalistika və ədəbiyyat sahəsindəki təcrübəsindən söz açıb. “Mən bir çox şəhərləri sevirəm, amma Bakının ürəyimdə xüsusi yeri var. Bakılı ola bilməzsən, bakılı doğula bilərsən. Burada özümü psixoloji cəhətdən yaxşı hiss edirəm. Mənim üçün Bakıda olmağım heç nə ilə müqayisə edilə bilməz. Bu, yediyin təamın özünəməxsus dadıdır, xüsusi qavrayış tələb edir, Bakı bulvarında gəzməyin bəxş etdiyi həzdir…”, – deyə Mixail Qusman qeyd edib.

    Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, ölkə ziyalıları və ictimaiyyətinin nümayəndələri, paytaxt universitetlərinin müəllimləri, tələbələri iştirak ediblər.

    Sonra görüş açıq söhbət formatında davam edib.

    Mənbə: https://azertag.az/

  • Şair-araşdırmacı Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası 20 illik yubiley medalı ilə təltif olunub

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri, şair-araşdırmacı Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif olunub.

    Azərbaycanlı şair Namiq Hacıheydərli özünün facebook səhifəsində zəhməti keçən hər kəsə, xüsusilə də UNESCO Beynəlxalq Mərkəzinə Akademiyanın rektoru, Ukraynanın Əməkdar jurnalisti cənab Vasiliy Tarçineçə Beynəlxalq əlaqələndirici Natalya xanım Dimitskayaya öz təşəkkürünü bildirib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Bu gün bütün Azərbaycanda qürurla dalğalanan Dövlət Bayrağı Günüdür

    Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

    Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

    AZƏRTAC qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızın tarixinə qısa nəzər salır.

    Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

    Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı.

    Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

    Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

    Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

    Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

    Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

    Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.

    Daha bir tarixi an isə oktyabrın 15-də – dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi.

    Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu.

    Bütün bu zəfərlər fonunda Azərbaycan xalqı cari il Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.

    Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada “8 noyabr Şuşa Şəhəri Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

    Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Şuşa şəhəri günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində Şuşa şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunub.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

    Mənbə: https://azertag.az/

  • Gənclər Kitabxanası “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları şanlı tariximizin qürur səhifəsi 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü ərəfəsində “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlayaraq istifadəçilərə təqdim edib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında rəsmi sənədlər, Şuşa tarixinin xronologiyası, inzibati ərazi bölgüsü, tarixi-memarlıq abidələri, erməni qəsbkarlarının vandalizminə məruz qalan mədəniyyət, incəsənət nümunələri və bu gün həmin təhsil, mədəniyyət ocaqlarında aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alır. Bazada görkəmli şəxsiyyətlərin Qarabağın incisi Şuşa şəhəri haqqında söylədikləri dəyərli fikirlər, mədəniyyət paytaxtı haqqında Azərbaycan və 10-dan çox xarici dildə qələmə alınan kitab, dövrü mətbuat materialları, musiqi nümunələri, izomateriallar təqdim edilir.

    Elektron bazada Zəfər tarixinə, Prezident İlham Əliyevin Şuşa şəhərinə səfərlərinə, Şuşada keçirilən mədəniyyət tədbirlərinə həsr edilən bölmələr də mövcuddur. Məlumat bazasında Şuşa şəhərinin filmoqrafiyası, video və fotoqalereyası da təqdim edilir.

    “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Kitabxana Bayraq Günü ilə əlaqədar videomaterial hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videomaterial hazırlanaraq izləyicilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb. Materialda 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında, Zəfər Paradında vüqarla dalğalanan Azərbaycan Bayrağının görüntüləri də təqdim edilir.

    Videomaterialda milli istiqlal şairi Əhməd Cavadın, Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduqları və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərindən parçalar da yer alır. Bundan əlavə izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqda da maraqlı məlumatlar əldə edə bilərlər.

    9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada Zəfər Gününə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim olunub

    Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zefer_gunu/index.htm  linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsi

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsini elan edir. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının mədəniyyət siyasətini və prioritet sahələrini həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

    Qrant müsabiqəsinin prioritet mövzuları:

    1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında faydalı əməkdaşlığın qurulması üçün təşəbbüslər; Azərbaycan mədəniyyətinin təbliğində İKT imkanlarından istifadənin təşkil olunması üzrə təşəbbüslər; Ölkənin regionlarında yerləşən tarixi və mədəniyyət abidələrin innovativ yanaşma ilə məlumat bazalarının yaradılmasına dəstək verilməsi);
    2. Mədəni və yaradıcı sənayelərin dəstəklənməsi (Mədəni və yaradıcısənayelərin inkişafı sahəsində dövlət-özəl sektor – vətəndaş cəmiyyəti əməkdaşlıq modellərinin yaradılmasını və sınaqdan keçirilməsini dəstəkləyən təşəbbüslər; Mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək məqsədilə bacarıqların artırılması layihələri; Mədəni və yaradıcı sənayelərin inkişafı, investisiyaların cəlb olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, müxtəlif növ tədbirlərin təşkili üzrə təşəbbüslər);
    3. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İKT imkanlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı resursların yaradılması üzrə təşəbbüslər; Repatriasiyaya hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırıcı layihələr; Beynəlxalq və yerli mediada Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin daha geniş tanıdılması məqsədilə təbliğat layihələri);
    4. Mədəniyyət sahəsində könüllülüyün inkişafı (Mədəniyyəti həyat tərzinin ayrılmaz və zəruri parçası kimi təşviq etmək; Mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirmək istiqamətində təşkil edilmiş layihələrdə iştirak; Mədəniyyətimizin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərdə iştirak; İnsan və cəmiyyətin mədəni inkişafı ilə bağlı layihələrin təşkilində iştirak);
    5. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək;
    6. Azərbaycan mədəniyyətinin beynəlxalq təşviqi (Azərbaycan mədəniyyətinin xarici kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, qlobal onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun mədəni-informasiya resurslarının yaradılması üzrə təşəbbüslər);
    7. Mədəniyyət naminə sülh (Peace4Culture) (Sülhün mədəniyyətin inkişafında, mədəni irsin qorunmasıda əhəmiyyəti barədə layihələr; Müxtəlif mədəniyyətlər və ənənələrə qarşı tolerantlıq və anlayışın aşılanması; Bərabərlik və barışın təşviq edilməsi barədə təbliğat; Qəzəb, qərəz, nifrət, müxtəlif fobiyalar və mənfi ictimai təmayüllərin və ehkamların qarşılıqlı hörmətə və inama çevrilməsi mövzusunda təbliğat və layihələr);
    8. İnsan və cəmiyyətin mədəni inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması üçün fəaliyyətlər və çoxtərəfli əməkdaşlıqların qurulıması üzrə təşəbbüslər; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların İKT və innovasiya sahəsində bilik və bacarıqlarının artırılması).

    Qrant müsabiqəsinin iştirakçılarına verilən tələblər:

    1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
    2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
    3. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatı aşağıdakı sənədləri təqdim etməlidir:
    • Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron  surəti;
    • Dövlət Reyestrindən Çıxarışın əslinin elektron surəti;
    • Nizamnamənin əslinin elektron surəti;
    • Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu və əslinin elektron surəti;
    1. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
    2. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.

    Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

    1. Layihə təklifinin müddəti minimum 2 ay, maksimum 6 ay müddəti əhatə etməklə, Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;
    2. Layihə təklifinin büdcəsi maksimum 15 000 (on beş min) manat təşkil etməlidir;
    3. Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

    Layihə təklifləri ilə bağlı əlavə tələblər:

    Aşağıdakı prinsiplərə əsaslanan layihə təklifləri seçim prosesi zamanı əlavə üstünlük qazanacaq:

    1. Regional əhatəlilik – Layihə təkliflərində yalnız Bakı şəhəri və Abşeron rayonu ilə kifayətlənməməli, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə etməlidir.
    2. Çoxtərəfli əməkdaşlıq – Layihə təkliflərində mütəxəssislərin cəlb edilməsi nəzərə alınmalı, mərkəzi və yerli səviyyədə dövlət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində layihələri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda özəl sektor və maraq qrupları cəlb edilməlidir.
    3. İnnovativlik – Layihə təklifləri yeni, indiyədək istifadə olunmayan mexanizmlər və metodologiya əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların istifadəsinə üstünlük verilməlidir.
    4. Müxtəliflik və İnklüzivlik – Layihə təkliflərində sağlamlıq imkanları məhdud, risk qruplarında və sosial müdafiəyə ehtiyacı olan şəxslərin, gənclərin, qadınların iştirakçılığının təmin olunması ilə bağlı konkret yanaşmalar öz əksini tapmalıdır.
    5. Davamlılıq – Layihə təkliflərinin hazırlanması zamanı nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə layihə təklifində göstərilməlidir.

    Müsabiqəyə müraciət üçün son tarix: 23 noyabr 2023-cü il

    Sənədlərin qəbulu grants.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir

    Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:

    1. Layihə təklifi forması
    2. İcra planı forması
    3. Xərclər smetası forması

    Qrant müsabiqəsi ilə bağlı suallarla projects@culture.gov.az elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

    Mənbə: https://culture.gov.az/

  • Zəfər Günü Azərbaycan teatrlarında təntənəli şəkildə qeyd olunacaq

    Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. 2020-ci il noyabrın 8-i də Azərbaycan xalqı üçün belə tarixi günlərdəndir. 44 gün davam edən və 30 illik torpaq həsrətinə son qoyan İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə artıq 3 ildir ki, ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Xalqımız misilsiz qələbə sevinci, yüksək qürur, fərəh hissləri yaşadan bu əlamətdar tarixi gün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Sözsüz ki, Azərbaycan teatrları da bu əlamətdar günə öz töhfələrini verməyə çalışır.

    AZƏRTAC xəbər verir ki, bayram ərəfəsində sənət ocaqlarımızda bir-birindən maraqlı tamaşalar təqdim olunacaq.

    Qarabağın tarixindən bəhs edən “Qarabağnamə”

    Akademik Milli Dram Teatrında noyabrın 8-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunacaq. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa edəcək.

    Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunacaq.

    Eyni zamanda teatrda Zəfər Musiqi və Teatr Festivalı Çərçivəsində Konsert proqramı təşkil olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təşkil olunan konsert proqramının dirijoru Mustafa Mehmandarovdur. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovadır. Konsertin solistləri Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev və Rauf Məmmədzadədir. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

    “Yarımçıq qalmış” və “Balaca kişilər”

    “Biz sizi unuda bilmərik. Sizin təmiz, cəsarətli ruhunuzu, işıqlı üzünüzü, sizin yarımçıq qalan arzularınızı… Biz sizi hər zaman xatırlayacağıq”- şəhid oğlunun məzarı üzərində çarəsiz ananın,atanın söylədiyi bu təsirli cümlələr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq “Yarımçıq qalmış” tamaşasındandır. 2016-cı ildə dörd günlük Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanıb. Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı olub. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrilib.

    Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edir.

    Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq növbəti tamaşa isə yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası xalqın şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

    Şuşa Teatrının təqdimatında “Dəmir Yumruq”

    Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günündə “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək. Qələbə ruhlu şeirlərdən ibarət olan kompozisiyada bir sıra tanınmış şairlərin şeirləri ilə yanaşı, teatrın redaktorlarının yazdığı şeirlər də səsləndiriləcək. Tədbirdəki əsas qayə inkişaf etməkdə olan gənc nəsilə fəxarət hissini aşılamaq və eyni zamanda dövlətçilik ənənələrinin təbliğ etməkdir.

    Şəhidlərin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu”

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2-ci Qarabağ Müharibəsində əldə olunmuş zəfərin 3-cü ildönümü ilə əlaqədar olaraq zəfər həftəsi adlı Musiqi- İncəsənət festivalı keçirir. Bu çərçivədə Kukla Teatrı noyabrın 8-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşasını hazırlayıb. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın saat 12:00 seansı yalnız şəhid övladları üçün təşkil olunub. Tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.

    Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə – tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bilir.

    “Bir nəfəs qədər” yaxın olanlar

    44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, yaralanmış qazilərimizə, bu ağrını yaşayan əsgər övladlarına və zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan “Bir nəfəs qədər” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub.

    Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşada Fikrət Əmirovun musiqisindən, həmçinin, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

    Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Mənbə: https://azertag.az/

  • EMIN Dubayda “Best Music Fest”də çıxış edib

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində noyabrın 1-dən 5-dək “Sea Breeze Resort”un əsas tərəfdaş qismində çıxış etdiyi “Best Music Fest” musiqi festivalı keçirilib. Tədbirin üçüncü günündə səhnədə EMIN, Jony (Cavid Hüseynli), Bahh Tee (Bəxtiyar Əliyev) və gənc ifaçı Tüken (Türken Salmanova) çıxış ediblər.

    Musiqi Festivalı Dubayın məşhur «Madinat Jumeirah Dubai” kurort kompleksində keçirilib. “Best Music Fest” beş gün ərzində davam edən məşhur hitlər, eksklüziv yeniliklər və sevimli mahnılar bayramıdır. Burada Azərbaycan ifaçılarının çıxışları xüsusi maraqla qarşılanıb.

    Bununla yanaşı, festival çərçivəsində “Sea Breeze Resort” pavilyonu “Caspian Dream Liner” layihəsini təqdim edib. Bir neçə ay davam edən “Best Music Fest” musiqi festivalının təşkilatçısı qismində “Russkaya mediaqruppa” və “Be in Music” çıxış ediblər.

    Mənbə: https://azertag.az/

  • Məmməd Araz yaradıcılığı Argentinanın ədəbiyyat portalında

    Argentinanın populyar “Poemas del Alma” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın ispan dilinə tərcümə edilmiş “Dünya sənin, dünya mənim…”, “Əlvida, dağlar!”, “Azərbaycan – dünyam mənim” şeirlərinin dərcinə başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – İspaniya filoloqları Raul Poggi Alexandro, Eva Kontreras və ispan dili mütəxəssisləri Tutuxanım Yunusova və Aysel Əliyevadır.

    Azərbaycanın Xalq şairi Məmməd Araz “İstiqlal” ordeni, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı kimi fəxri adlara layiq görülüb.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Poemas del Alma” portalı səhifələrində mütəmadi olaraq Aleksandr Puşkin, Aleksandr Düma, Xorxe Luis Borxes, Anna Axmatova, Marina Svetayeva, Xulio Kortasar, Alberto Moravia kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

    Mənbə: https://azertag.az/

  • Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək

    Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil edilir.

    Tədbirdə Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Ə.Marağayinin yaradıcılığı mövzusunda məruzə ilə çıxış etdikdən sonra Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov) konsert proqramı təqdim olunacaq.

    Konsertə giriş sərbəstdir.

    Mənbə: https://azertag.az/

  • Naftalan şəhərində mədəniyyət müəssisələrinə baxış keçirilib

    Xəbər verdiyimiz kimi, noyabrın 3-də mədəniyyət naziri Adil Kərimli Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

    Qəbuldan sonra nazir Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

    Əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib.

    Daha sonra Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

    Nazir son olaraq Naftalan şəhər Uşaq musiqi məktəbində olub, müəllim və şagird kollektivi ilə görüşüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib.

    Qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

    Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. 

    Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, şəhidin adının əbədiləşdirilməsi, Qarabağ bölgəsində rəqs və xalçaçılıq sənətlərinin inkişafı və digər məsələlərlə bağlı olub. 

    Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılması, obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Mənbə: https://culture.gov.az/

  • Regionun ən böyük kitab sərgisinə sayılı günlər qaldı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.

    Tədbirdə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.

    Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

    Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

    Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

    Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Həmçinin, Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgidə iştirak edəcəklər.

    Eyni zamanda Türkiyə Respublikası görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunacaq.

    Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

    Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

    Sərgiyə giriş ödənişsizdir.

    Mənbə: https://culture.gov.az/

  • “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında” Nazirlərlər Kabinetinin Qərarı

    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilsin.

    2. Bu Qərarın 1-ci hissəsinə əsasən həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçirilsin. 

    3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

    Əli Əsədov

    Azərbaycan Respublikasının Baş naziri

    Bakı şəhəri, 31 oktyabr 2023-cü il

    № 390

    Mənbə: https://culture.gov.az/

  • Gənc xanım yazar Arzu Hüseynin şeiri ”Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseynin “İndi həsrətinlə nəfəs-nəfəsəm” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkay…/turkay1sayi11noyabr2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Azərbaycan Aşıqlar Birliyində hazırlanmış daha bir kitab işıq üzü görüb

    Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı bu kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərindəki sovet repressiya maşınının qurbanlarından olan Şair Ağacanın həyat və yaradıcılığına həsr olunub.

    Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Qərbi Azərbaycanın Şorayıl mahalındakı Qarakilsə (Qaraisə) kəndində anadan olub. Erməni zülmündən yaxa qurtarmaq üçün sonradan Borçalıda (Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində) məskunlaşıb, ömrünün çox hissəsini burada yaşayıb-yaradıb. Borçalıda aşıq sənətinin inkişafında böyük xidmətləri olan Ağacan Cabbar oğlu 1943-cü ildə sovet hökuməti əleyhinə təbliğatda günahlandırılaraq həbs olunub, yalnız Səməd Vurğunun köməkliyi ilə həbsdən yaxasını qurtara bilib. 1949-cu ildə ikinci dəfə həbs olunub və Sibirə sürgün edilib. 1951-ci ildə Sibirdə sürgündə ikən vəfat edən Şair Ağacanın nəşinin qalıqlarını 1956-cı ildə bəraət aldıqdan sonra Borçalıya qayıdan həyat yoldaşı məzardan çıxararaq Vətənə gətirib və burada yenidən torpağa tapşırılıb.

    Şair Ağacanın yaradıcılığı indiyədək əsaslı şəkildə tədqiq olunmasa da, bu böyük saz-söz ustadının şeirləri və yaratdığı dastanlar bu gün də aşıqların repertuarında mühüm yer tutur.

    “Bakı Mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, rəyçi folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, tərtib edən isə Şakir Qurbandır.

    Mənbə: https://azerab.az/

  • Ustad aşığın şeirlər kitabı nəşr olunub

    Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur.

    AAB-dən AZƏRTAC-a bildirilib ki, bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. Belə ki, ustad aşığın saz-söz ictimaiyyətinə sənət ərməğanı kimi bu günlərdə işıq üzü görən “Könüllər oxşayar sözü aşığın” adlı kitabda ustad aşığın gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr də yer alıb.

    Xatırladaq ki, Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi olan aşıq məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilməsi ilə yanaşı, həm də çoxlu dastan və rəvayətlər bilməsi ilə məşhurdur, kamil bir sənətkar kimi tanınır, bədii yaradıcılıqla məşğul olur.

    Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

    Mənbə: https://azerab.az/

  • Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” adlı sərgi açılıb

    Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” (“Təbiətin vibrasiyaları”) hesabat sərgisinin açılışı olub. Sərgi Şabranda keçirilmiş və müasir Azərbaycan rəssamlarını bir araya gətirən eyniadlı simpoziumun yekunudur.

    AZƏRTAC xəbər verir ki, ekspozisiyaya Şabrandakı simpoziumun iştirakçılarının yaratdığı rəsm əsərləri daxil olub. Sərgidə Anar Hüseynzadə, Zümrad Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Aydın Əsgərov, Anar Bəylər, Saliha Bəylər, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy və Vüsalə Ağaraziyevanın əsərləri yer alıb. Rəssamlardan hər biri simpoziumun keçirildiyi “Shabran Wellbeing Resort” otelinin fonduna bir rəsm əsəri təqdim edib.

    Açılış zamanı, həmçinin rəssamların Şabrana səfəri barədə çəkilmiş sənədli film də nümayiş olunub. Tədbir kiçik musiqili konsertlə başa çatıb.

    Xatırladaq ki, “Vibe of Nature” simpoziumu Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” otelinin dəstəyi və Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü ilə “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin kuratoru qismində Azərbaycanın tanınmış rəssamı Bəhram Xəlilov çıxış edib.

    Mənbə: https://culture.gov.az/

  • Daşkənddə Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunub

    Özbəkistan Yazıçılar Birliyinin dəvəti ilə Daşkənddə olan Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil olunan tədbirdə bir qrup şair və yazıçı iştirak edib.

    Tədbirdə giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi Vahid Əzizin Özbəkistana səfərini bütün poeziyasevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Zəngin ənənələrə malik Azərbaycan poeziyasının Özbəkistanda bu gün də çox sevildiyini qeyd edən natiq bu cür görüşlərin ədəbi əlaqələrin genişlənməsinə təsir göstərdiyini vurğulayıb.

    Xalq şairi Vahid Əziz dəvət üçün Özbəkistan Yazıçılar Birliyinə öz təşəkkürünü bildirib. Axırıncı dəfə təxminən qırx il bundan əvvəl Özbəkistanda olduğunu bildirən şair bu səfərin və özbək poeziyasevərləri ilə görüşlərin onda böyük həyəcan yaratdığını qeyd edib.

    Daha sonra çıxış edən özbək alim, filoloq Nurbay Cabbarov, Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəm iki ölkə arasında ədəbi əlaqələrdən söz açaraq, ruhən yaxın olan bu iki xalqın poetik zövqlərinin də eyni olduğunu vurğulayıblar. Günümüzdə iki qardaş ölkənin şairlərinin, söz sənət ustadlarının çox sıx əlaqədə olduğunu, qarşılıqlı görüşlərin, səfərlərin həyata keçirildiyini qeyd edən natiqlər bütün bunların poeziyalarımızın inkişafına, yeni axtarışlara rəvac verdiyini vurğulayıblar.

    Yazıçı, tərcüməçi Babaxan Şərif iki qardaş xalq poeziyası arasında oxşar cəhətlərdən söz açaraq qarşılıqlı tərcümələrin, xüsusi ilə də ikidilli nəşrlərin hər iki xalqa məxsus ədəbiyyatının inkişafına, yeni stil, üslub, məna, janr rəngarəngliyinə səbəb olduğunu qeyd edib. O, poeziyanın yayılması, təbliği, poeziyasevərlərə əlçatanlığı baxımından şeir antologiyalarının, almanaxların nəşrinin vacibliyindən söz açaraq bu qəbildən olan nəşrlərin xüsusilə gənc şairlərin yaradıcılığına stimul verdiyini qeyd edib.

    Özbəkistanın tanınmış yazıçı-dramaturqu Kuçkar Norkabil iki ölkə arasında ədəbi əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, tərcümələrin, birgə konfrans, seminar, simpoziumların, forumların keçirilməsinin faydalı olduğunu bildirib. Özbəkistanda Azərbaycan ədəbiyyatına, poeziyasına böyük sevgi və rəğbətin olduğunu söyləyən natiq özbəkistanlı şair və yazıçıların Azərbaycanda da eyni coşqu ilə qarşılandıqlarını vurğulayıb.

    Görüşdə Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrdən danışılıb.

    Mənbə: https://azertag.az/

  • Gənclər Kitabxanasında “Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterial hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar qardaş xalqın qəhrəmanlıq, şücaət və fəxarət dolu tarixindən bəhs edən geniş videomaterial hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materialda bu əlamətdar tarixin bütün Türk dünyası üçün qürur mənbəyi olduğu vurğulanır.

    Videomaterialda son yüzillikdə Türkiyənin bütün Türk dünyası üçün qürurverici tərəqqi yolu keçməsindən, həyatın bütün sahələrində inamlı addımlar ilə irəliləməsindən bəhs edilir.

    Eyni zamanda, əsrlərə arxalanan Azərbaycan-Türkiyə qardaşlığından, tarixin müxtəlif sınaqlarında bu iki ölkənin qarşısına çıxan maneələrdə bir-birilərinə dəstək olmaları, bu çətinliklər qarşısında daima nümayiş etdirdikləri məğrur, sarsılmaz mövqe haqqında geniş məlumat verilir.

    “Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterialda tarixə adlarını qızıl hərflərlə yazan dünyaşöhrətli şəxsiyyətlər – Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu, müdrik siyasəti haqqında məlumat verilir, iki liderin müstəqillik, türk qardaşlığı, dostluğu və həmrəyliyi mövzusunda söylədikləri dəyərli fikirlər yer alır.

    Türkiyə Cümhuriyyəti ilə bağlanan ikitərəfli müqavilələr, beynəlxalq aləmdə iki dövlətin birgə səylərinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında da məlumat öz əksini tapır.

    Qeyd edək ki, “Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterial ilə bu linkdən tanış olmaq olar.

    Mənbə: https://azertag.az/

  • Apellyasiya Komissiyasının iclasları yekunlaşdı

    19-26 oktyabr 2023-cü il tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilmişdir.

    İclaslarda Apellyasiya Komissiyasının üzvləri – nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 nəfər namizədin nəticələrinə yenidən baxılmışdır. 47 namizəddən 9 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

    Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur.

    Rəcəbova Mesed Ramiz qızı, Əliyeva Leyla İlqar qızı, Abbasova Gülnarə Çingiz qızı, Nəbiyeva Tərgül Rauf qızı, Aslanova Anaxanım Nəsir qızı, Mustafazadə Gülay Telman qızı, Dəmirzadə Xanım Dəmir qızı, Aslanova Nərmin Şahin qızı, Şükürova Aytən Asif qızı iclaslarda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilmişdir.

    Qərarlara əsasən Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülüsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilmişdir.

    Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Gəncədə çıxış edib

    Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

    Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Gəncə Dövlət Dram Teatrında çıxış edib.

    Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

    Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

    Mənbə: https://culture.gov.az/

  • Cultech Akademiyasına qeydiyyat başladı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Cultech Akademiyası üçün müraciətlərin qəbuluna başlandı.

    Cultech Akademiyası proqramları mədəniyyət texnologiyaları sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib.

    Mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursunun nəznində tələbələrə “Flutter” ilə mobil proqramlaşdırmanın əsasları, tətbiq interfeysinin hazırlanması, vidcet strukturları, mənbələr və alətlərin öyrədilməsi nəzərdə tutulub. Həmçinin tələbələrə artırılmış reallıq (AR) texnologiyalarının əsas prinsipləri və praktiki vərdişlər tədris ediləcək.

    Kurs 4 ay müddətinə yekunlaşacaq. Təlimin sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.

    Qeydiyyat oktyabr ayının 31-nə kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub Cultech Akademiyası bölməsindən qeydiyyat üçün müraciət edə bilər.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Adil Kərimli Tərtərdə vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 3 noyabr tarixində saat 10:00-da Tərtər rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 29) Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

    Vətəndaşlar 1 noyabr 2023-cü il tarixinə qədər Qarabağ Regional Mədəniyyət İdarəsinin qarabagh@culture.gov.az elektron poçt ünvanı, (022) 236-31-79 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Dövlət Pantomim Teatrı Qusarda tamaşaçıların görüşünə gəlib

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir. 

    Layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı oktyabrın 25-də Qusar şəhərinə səfər edib.

    Qusar Ləzgi Dram Teatrında pantomimçilər qusarlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan dahi Hüseyn Cavidin “İblis” əsərini nümayiş ediblər.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.

    Peşəkar pantomimçilərin ifasında mürəkkəb pantomim elementlərin icra olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

    Qusar rayon rəhbərliyi “Heydər Əliyev İli” çərçivəsində onların qonağı olan Dövlət Pantomim Teatrının kollektivinə təşəkkür edib, teatrın bu gəlişinin Qusar teatrsevənləri üçün əsl bayram olduğunu vurğulayıb.

    Xatırladaq ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

    Mənbə: https://culture.gov.az/

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Şeirləri, məqalələri, hazırladığı xəbərlər, araşdırmalar “Möhtəşəm Azərbaycan”, “Sözün sehri” “Azad qələm”, “Azad Azərbaycan” “, “Olaylar”” “, “Təzadlar”, “Kaspi, “Şərq”, “Kredo”, “Respublika gəncləri” qəzetlərində, “Azad qələm” dərgisində, “kenanaydinoglu.com”, “edebiyyat-az.comв”, “gundelik.info” “koseyazilarimiz.com” “olaylar.az”, “kultur.az”, “artkaspi.az”, “sherg.az”, “carci.az”, “edebiyyatqazeti.az”, “mediaxeberleri.az” “azxeber.com”, “oxu.az” və s. saytlarda yayınlanıb.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstəkв” ” layihəsi çərçivəsində şeirləri, məqalələri “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları”, “Alkış” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunu, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti


    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007), “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010), “Anam Təbrizim, Təbrizim!” (Təbriz, “AzərTuran”, 2023), “Darıxmışam dostlar üçün…” (Bakı, “Şirvannəşr”, 2023) adlı şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsüdür. Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) Əlavə Təhsil Müəssisəsinin müdavimidir.

  • “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa – “Nurlu ömrün anları”

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində oktyabrın 30-da İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Nurlu ömrün anları” (İftixar Piriyev) tamaşası təqdim olunacaq.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tamaşada Ulu Öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canlandırılır, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olunur, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən müharibəsinin Zəfər təntənəsi əks etdirilir.

    Teatr Xadimləri İttifaqında təqdim olunacaq tamaşa saat 19.00-da başlanır. Giriş sərbəstdir.

    Mənbə: https://azertag.az/

  • “İRS” jurnalının ispan dilində növbəti nömrəsi çapdan çıxıb

    Madriddə “İRS” jurnalının ispan dilində növbəti nömrəsi – “IRS Herencia” çapdan çıxıb. Jurnal Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil olan və 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Qarabağın ərazilərinin böyük hissəsinin işğaldan azad olunması ilə başa çatan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasının üçüncü ildönümü ərəfəsində işıq üzü gördüyündən, jurnalın səhifələrində bu mövzuya müntəzəm surətdə mühüm yer ayrılır.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

    Məqalədə Qarabağı bu il ziyarət edən meksikalı müəllif Taliya İşkanın “Şuşa. Onilliklər ərzində işğaldan sonra ikinci nəfəs açılıb” adlı məqaləsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və işğal altında olan ərazilərin azad edilməsindən sonrakı hadisələrə obyektiv qiymət verilir.

    Tarixsevərlər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlının məqaləsi ilə maraqla tanış ola bilərlər. Məqalədə əzəli Azərbaycan ərazisinin – keçmiş Qarabağ xanlığının Zəngəzur mahalının qərb hissəsinin Ermənistana verilməsi tarixindən söhbət açılır.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü il rəsmi şəkildə “Heydər Əliyev İli” elan olunub. Jurnalın bu nömrəsində təqdim olunan məqalədə tarixçi Eldar Abbasov çoxsaylı mənbələrə istinadla Heydər Əliyevi Qarabağın Ermənistana verilməsi kimi öz separatçı planlarını həyata keçirməkdə əsas maneə hesab edən erməni millətçilərinin “yenidənqurma” illərində (1985-1987) ona qarşı diskreditasiya kampaniyasından danışır.

    Azərbaycanın tarix və mədəniyyətinin müxtəlif aspektlərinə dair məqalələr xüsusi maraq doğurur. Xüsusilə, Əminə Məlikovanın XIX əsrin ikinci yarısında ilk neft bumunda Bakını təsvir edən fotoqrafa həsr olunmuş “Bakı Dmitri Yermakovun obyektivində” adlı məqaləsini qeyd etmək lazımdır. Ramiz Dənizin “Marağa rəsədxanası – orta əsrlərin elm məbədi” məqaləsində görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin təşəbbüsü ilə XIII əsrin ikinci yarısında cəmi 12 ilə tikilən Marağa rəsədxanasından söhbət açılır.

    Xalq tətbiqi sənəti sahəsinin mütəxəssisləri Aydın Məmmədovun dünya şöhrəti qazanmış Azərbaycan xalçalarının naxışlarının xüsusiyyəti barədə məqaləsi ilə tanış ola bilərlər. Təbiət mühafizəçiləri isə Səbinə Tumanskayanın və Zəminə Cəfərovanın çəkdikləri fotolara baxaraq, Göygölün təkrarsız mənzərələrindən zövq almaq fürsəti əldə edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Noyabrda “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılışı olacaq

    Noyabrın 2-də “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi olacaq.

    Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.

    Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutub.

    Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaq ikən çəkdikləri rəsmlərlə təmsil olunurlar.

    Rəsm əsəri sərgilənəcək iştirakçılarla tanış olmaq üçün bu linkə keçid edin.

    Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır

    8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 22-dən noyabrın 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

    Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

    Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.

    Mənbə: https://azertag.az/