GƏL
Yolunu gözləməkdən
Gözlərimə qan gələr,
Bilmərəm heç ömrümə
Haçan axşam yetişər,
Ya ki, haçan dan gələr.
Sənsiz zaman dəyişik,
Sənsiz məkan dəyişik.
Rəvamı heç dünyamı
Belə nakam dəyişim.
Yoxsan bir anım bir il,
Gəlsən ilim an gələr.
Gəlsən cana ruh gələr,
Gəlsən ruha can gələr.
Al əlimdən dincliyi,
Yuxumu haram eylə.
Bircə təbəssümünlə
Yerə-göyə sığmayan
Hisslərimi ram eylə.
Hicranına dözməyə
Daha tabım qalmayıb.
Qıfılbənd suallara
Bir cavabım qalmayıb.
Biçarə pərvanəyəm,
Gəl özünü şam eylə.
Gündüzü yerinə qoy,
Axşamı axşam eylə.
Bu nəsə özgə şeydi, –
Vallah yaşamaq deyil.
Ümiddən əl üzülməz
Hələ hər şey öndədi –
Ömür – yaşa, bax – deyir.
Yaxşım, pisim qarışıq,
Qalmışam çaş-baş indi,
Bilməm küsüm, barışım?
Küsmək yaraşandımı,
Ürək – yaşa bax – deyir.
Bircə gəlişə bənddi,
İtsin qaşqabaq – deyir.
Sən yoxsan, göyüzü də
Dumundı, bax, çəndi, bax.
Bu duman əlçim-əlçim,
Bu duman qətrə-qətrə,
Gözlərimə endi, bax.
Ömür nə – bir əsim meh,
Ömür nə – gün düzümü.
Yoxsan seçə bilmirəm
Gecəmdən gündüzümü.
Daha həmənki deyil,
Gəl halıma indi bax,
Bu nə ölmək sayılır,
Nə də ömür-gündü, bax.
Gəl… Gəl… Gəl…
YAZIĞIN GƏLSIN
Çiynini fil yükü altına vermə,
Qarışqa, özünə yazığın gəlsin.
Misqalla ölçülən öz yükün ilə,
Barış qal, özünə yazığın gəlsin.
Çox da ömrü boyu əkin əkməyən,
Həmişə sahibdi dolu təknəyə.
Olarsan özgənin yükün çəkməyə
Alışqan, özünə yazığın gəlsin.
Dönməmiş uğruna it ulyanlara,
Dinməzcə qoşul yat uyuyanlara.
Mənəmlik havasın at – milyonlara
Qarış qal, özünə yazığın gəlsin.
Özü bir oyundu, düzü, dünyanın,
Seyrəlir birbəbir düzü dünyanın.
Edərlər başına düzü-dünyanı,
Darısqal, özünə yazığın gəlsin.
ƏLI BALTA TUTAN ÖZÜMÜZÜKSƏ
Bu quşlar təzədən nəğmə oxumaz,
Bu meşə təzədən çiçək qoxumaz,
Gül açmaz, qardaşım, bir də yuxumuz,
Əli balta tutan özümüzüksə.
Göydən öz yolunu ay azar düşər,
Atılan qarmaqlar dayaza düşər,
Tumurcuq arzumuz ayaza düşər,
Əli balta tutan özümüzüksə.
Tor görər gözümüz burundan yazaq,
Ürək şaxta udar, püskürər sazaq,
Xeyri yox, min deyək, milyon da yazaq,
Əli balta tutan özümüsüksə.
Ünümüz sərhədə çatar dayanar,
Səbrimiz son həddə çatar dayanar,
Dağda yatan igid çətin oyanar,
Əli balta tutan özümüsüksə.
NEYLƏYIM
M.Araza
Məmməd Araz, yenə könlüm xəzandı,
Hicran niyə bir bu qədər uzandı?
Yalan oldu bağça-bağın yaz andı,
Bağlar məni tanımadı, neyləyim?!
Kim veribdi Araza bu bəstəni,
Gecə-gündüz ürəyimdə səslənir.
Qınamıram vicdanları xəstəni,
Sağlar məni tanımadı, neyləyim?!
Bu qəm hardan ömrümüzə əkilmiş,
Hicran, nisgil qoşun-qoşun tökülmüş,
Sinəm üstə çalın-çarpaz çəkilmiş
Dağlar məni tanımadı, neyləyim?!
O nədir ki, varlıqları heç edən,
Min gümanı bircə anda puç edən,
Can evimdən karvan-karvan köç edən
Ahlar məni tanımadı, neyləyim?!
Istəyimiz cilovlanıb qanunda,
Qeyrətimiz oyalanır qınında,
Xınalanan dizlərimin qanından
Dağlar məni tanımadı, neyləyim?!
ÇAT GÖRÜM
Haqq danışan dilə, qardaş, nə divan,
Nədi Göygöl, nədi Göyçə, nədi Van?
Araz olub vüsalına nərdivan,
Oğulsansa, bircə addım at görüm.
Nə vecinə, kim alışa, kim yana,
Bir ah çəkdim az qaldı ki, sim yana,
Könül versən Mıkırtıca, Semyona,
Min il belə istəyinə çat görüm.
Bu dərd vaxtsız saçlarıma qar salar,
Söz var, desəm, ürəkləri qarsalar,
Araz axar damarımdan yarsalar,
Bu zülümlə Savalanda yat görüm.
Çətin bir də hicran bizdən gen düşə,
Könül gülə, arzulara gün düşə,
Gözləmə ki, ay dolana, gün düşə…
Çalış özün günü-günü qat görüm.