Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir. Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edir.
Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl guşələrindən biri olan, qala, istehkam mənasını daşıyan Qaxa yollanırıq.
Videoçarx ərazisi 1494 kv kilometrdən ibarət Qax rayonunun xəritədə təsviri ilə başlayır. Xəritənin təsvirində dağlar, çaylar, göllər, düzənlikər, həmçinin kəndlərin adı və yerləşdiyi ərazilər də qeyd olunmuşdur. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən Yevlax və Samux rayonları ilə həmsərhəddir.
Təqdim edilən videoçarxda Qax rayonunu bol su ehtiyatı ilə təmin edən Qanıxçay, Kürmükçay, Qapıçay, Ləkit çayı, Zərnə çayı, Əyriçay, Hamamçay kimi çayların, dağ zirvələrindən Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalının siyahısı və fotoları da verilmişdir. Zəngin təbiəti ilə məşhur olan İlisu kəndində 25 metr hündürlüyündə Ramramay, unikallığı ilə seçilən Ləkit kəndindəki Damcılı şəlalələri, Süskən kəndində çıxan mineral suyun Azərbaycanda məşhur olması haqqında məlumatlar əks olunmuşdur.
Videoçarxda keçmiş dövrdən indiki dövrə kimi bir sıra görkəmli şəxsiyyətlərin adları və fotoları da öz yerini tapmışdır.
Videoçarxda hər daşının altında bir tarixin yaşadığı qeyd olunaraq, tarixin müxtəlif mərhələlərini özündə yaşadan abidələr diyarı Qaxın tarixi abidələri, ziyarətgahlarının fotoları qeyd olunmuşdur. Fotolar sırasında Qum bazilikası, Şam qalası, Həsənqala, Kümük məbədi, Alban məbədi, İçəri bazar və s. yer alır.
Videoçarxın sonunda bir-birindən fərqli dadları özündə birləşdirən Qax mətbəxinə məxsus sürhüllü, xingili, qırs, quru ətdən hazırlanan yeməklər və müxtəlif plov növlərinin fotolarını izləmək olar.
Videoçarxın giriş hissəsində Akif İslamzadənin “Bura Vətəndir”, davamında isə Pərvin Piranovun “Qax” mahnıları verilmişdir.
Videoçarx aşağıdakı linkdə yerləşdirilib:
Vətənimizə aid videoçarxlar müntəzəm şəkildə davam etməkdədir.