m

SEV ALLAHI

Gün gələcək görəcəksən, qiyamətdə, qiyamətdir.
Namaz qılmaq, səcdə etmək, Allaha bir itaətdir.

Gəlin gedək biz Kəbəyə, ki Allahdan əhv diləyək.
Kəbə evi uca məqam, çün Allaha ziyarətdir.

Tanrı bizi xəlq eyləyib,.təbib nədir, loğman nədir.
Dərdimizə çarə varsa, İlahidən şəhadətdir.

Hər kim sevsin əhli beyti, odur mənim göz bəbəyim.
Xəyanəti bağışlamaz, çün Allahdan əmanətdir.

Xoş o kəsin halına ki, əməli saleh olacaq.
Qiyamətdə yanmayacaq, cənnət ona zəmanətdir.

Bir gün gəlsə can ağrısa, sən qılmasan namazını.
Qal qibləyə, dua eylə, sev Allahı kifayətdir.

Etibarin təbi gəldi , İlahidən qəzəl yazdı.
Şeir yazmaq, qəzəl yazmaq, özü də bir ibadətdir.

Mənim də adımı orduya yazın

Yazmışam, cənab Ali Baş Kamandan!
Mənim də adımı orduya yazın.
Musəlləh əsgərəm mən də bu gündən.
Mənim də adımı orduya yazın.

Qurduğun bu ordu nizamlanıbdır.
Hər əsgər, hər zabit silahlanıbdır.
Vətən borcu çiynymizdə qalıbdır.
Mənim də adımı orduya yazın.

Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşam.
Xocalı, Ağdamsız, yaralı quşam.
Cəbrayıl, Laçınsız, gül tək solmuşam.
Mənim də adımı orduya yazın.

Millət uca tutur öz bayrağını.
Odlar ölkəsinin köz bayrağını.
Asaram Şuşada söz bayrağını.
Mənim də adımı orduya yazın.

Səbrimiz tükənib, qırılıb simi.
Alaq Qarabağı,gözəl elimi.
Qəhrəman olarıq Mübariz kimi.
Mənim də adımı orduya yazın.

Düşmənlə döyüşə mən də hazıram.
Səngərləri keçib, səngər qazaram.
Qələbə gününə şeir yazaram.
Mənim də adımı orduya yazın.

İZİN VER GÖZƏLƏ BİR ŞEİR YAZIM

Bir ahu baxışlı maralı gördüm.
İzin ver gözələ bir şeir yazım.
O, sevən ürəyi yaralı gördüm.
İzin ver gözələ bir şeir yazım.

Elə bil açılan tazə çiçəkdi.
Qönçədi, lalədi, güldü,ləçəkdi.
Yazmasam, deyərlər dəli əl çəkdi.
İzin ver gözələ bir şeir yazım.

Elə bil darağı çəkibdi telə.
Elə bil vuruldum bu incə belə.
Səndən gözəl deyil, gözəldi belə.
İzin ver gözələ bir şeir yazım.

Bəlkə xəyaı kimi ğözümə gəlib.
Bəlkə gəl demişəm, sözümə gəlib.
Hələ kül olmayan közümə gəlib.
İzin ver gözələ bir şeir yazım.

Bu oda, alova döz, ondan dəlir.
İçimi yandıran köz ondan gəlir.
Bu təb ondan gəlir, söz ondan gəlir.
İzin ver gözələ bir şeir yazım.

Sən də bir almasan, o da bir alma.
Sən Allah bulud tək boşalıb dolma.
Sənə çox yazmışam tamahkar olma.
İzin ver gözələ bir şeir yazım.

Ayaqda durmusan,gəz,əl Allahın.
Göyçək Allahındır, gözəl Allahın.
Şeir Allahındır, qəzəl Allahın.
İzin ver gözələ bir şeir yazım.

Onsuz da sevmişəm, sevirəm səni.
Belə ovsunlayıb yatırma məni.
Sən Allah günaha batırma məni.
İzin ver gözələ bir şeir yazım.

DƏRDSİZ ADAM

Biz düzənlə getmirik ki,
Ya enişdi, ya yoxuşdu.
Sağlam adam görmürük ki,
Ya xəstədi, ya naxoşdu.

Şimşək olub göydə çaxdım.
Yağış olub çaya axdım.
Dünyanın tamına baxdım,
Ya acıdı, ya meyxoşdu.

Dünya kimə vəfa edib.
Bu dünyadan kimlər gedib.
Bu dünyaya neçə ədib,
Neçə şair şeir qoşdu.

İçimizdə qəm göyərir.
Tam uduruq, kəm göyərir.
Dərdim dəmadəm göyərir.
Dərd əhlinin dərdi xöşdu.

Ağ dən düşüb qara telə.
Verdik ömrü əsən yelə.
Dərdsiz adam varsa belə,
Ya sərsəmdi, ya sərxoşdu.