TƏNHALIQ
Torpağı , havası , suyu yerində,
Payızı , baharı , yayı yerində,
İncə gözəlliyi , boyu yerində,
Niyə solub gedir bu fidan belə?
Dürlü qayğılardan biçilib donu,
Yellər sığal çəkər oxşayar onu,
Nəğməli quşları yarpağı sanı,
Niyə solub gedir bu fidan belə?
Keçid ağzındadır , yolaq üstədir,
Axarlı-baxarlı bulaq üstədir,
Baxan deyir baxtı ayaq üstədir,
Niyə solub gedir bu fidan belə?
İKİ SƏFİL
Pilləkənlərdə əyləşib
İki səfil yanaşı,
Onların soyuqluğundan
Buza dönüb altlarındakı
Pilləkən daşı.
Birinin əlində
Pivə şüşəsi,
O birinin qarşısında
Boşalmış, yalanmış
Koserv qutusu.
Hərəsi öz aləmində…
Biri tez-tez gəyirir,
O biri tez-tez əsnəyir.
…Adam it günündədir,
İt isə adam olmaqdan ötəri
İtliyindən çıxıb deyəsən
bir az…
Hər canlı özündən çıxmasa
Dünyada səfil olmaz.