ia

SADİQ OL ÖMÜRLÜK ƏRİNƏ ARTIQ

Təbrik eləyirəm bu toy-düyünü,
Sənin sevgi andı içdiyin gündür.
Mənim həyatımın ən ağır günü,
Səninsə yad birin seçdiyin gündür.

Ürəyə mən necə dağ çəkməyim ki?
Nəfəsin toxunur yad nəfəsinə.
Gecələr yuxuya haram qataraq,
Tabe olacaqsan körpə səsinə.

“Mübarək” deyirəm bilmirəm axı
Niyə kədərliyəm, şən deyiləm bəs?!
Ömürlük bir olaq demişdik sənlə
Nədən yanındakı mən deyiləm bəs?

Onsuz da bugündən mənim deyilsən,
Etdiyim bu tufan, ruzigar əbəs.
Sənin gözündəki kədər yaşları
Mənim gözlərimdə intizar əbəs.

Nə qədər qurmuşduq birgə xəyallar,
Hamısı bir anda bax oldu hədər.
Sevgi sənin üçün ötəri bir hiss,
Bacarsan sevərsən onu mən qədər.

Yox, sənə bədbəxtlik arzulamıram,
Kimsəni qoymaram yerinə artıq.
Daha özgəninsən, mənim deyilsən,
Sadiq ol ömürlük ərinə artıq.

YARA OLDUN ÜRƏYİMƏ

Ayrılıq…
Üç heca, yeddi hərfdən ibarət bu acı söz…
Eşidilər-eşidilməz ağır gəlir qulağa…
Acı çırpıntılar qənim kəsilir yumruq boyda ürəyə…
Amma hər başlanğıcın bir sonu var deyirlər.
Fəqət, istəmədim bu sevginin acı bir sonluqla bitməsini…
Ayrılıqla bitməsini…
Çox falçıya getdim alın yazımı öyrənmək üçün…
Anam isə hey danladı, danladı məni…
Danladı, ən böyük qüvvə Allahdır oğul, ondan istə-deyərək…
Dinləmədim…
Öz ağlımla hərəkət etdim…
Tutmuşdu gözlərimin önünü sənə olan sevgim…
Nə qədər sevmirəm desəm də….
Nə qədər unutdum desəm də…
Hər adını duyduğumda bir xatirə canlanır gözlərim önündə…
Və o an anlayıram hələ də dəli kimi sevdiyimi…
Mən sənin üstündə ağacdakı yarpaq kimi əsərkən,
Sən məni itirməkdən əsla qorxmadın…
Hər dəfə doldurub şərab dolu qədəhimi…
“Bir ömür səninləyəm” deyən sənin sağlığına içdim…
Evin soyuq divarları arasında…
Mən səndən “yar” olmanı istəyərkən..
Sən “yara” oldun bu yaralı ürəyimə…
“Heç vaxt getməz” deyib xəyal qurarkən,
Baxdım ki, “sənsizlik quyusu”nun dibindəyəm artıq.
Təəssüf…Bilmədin yerini…
Dünən “hər şeyim” olan sən…
Bu gün artıq “heçnəyim”sən…
Bəlkə gözlərin, bəlkə gülümsəmən aşiq etmişdi məni sənə…
“Yalnız sən” olacaqsan demişdin mənə.
Haqlı idin…
Yalnız olan mən oldum sonunda…
Bir ömür xoşbəxt olmağını tək dilək tuturam…
Və heç bir zaman mənim olmayacağını bilsəm belə…
Səni çox sevirəm…