Zalım dünya badə tutmuş, qanı şərab etməkdədir,
Gənclik getmiş, yerdə qalan canı xarab etməkdədir.
Gül ilə ol sən aşina, təzəklə dostluqdan çəkin,
Kim kiminlə yoldaş olsa özünə bab etməkdədir.
Naşı əlinə düşərsə poladdan qılınc düzəlməz,
Gəl ki, çiy gili bişirib ustalar qab etməkdədir.
Gecə gündüz ilə qoşa, hər zərərin bir xeyri var,
Qar yağanda dağ başına bulaqlar ab etməkdədir.
Eşit aqil nəsihətin, səbr edib susmağı öyrən,
Unutma, sənin özünə ətrafın tab etməkdədir.
Əsməra, dişləyib düzəlt, ağzında köntöy dilini,
Acı dil günah içində, əlin savab etməkdədir.
20-05-2012