Həyatı və Yaradıclığı

Raquf Hidayətov Bərdə rayonunda anadan olub.İbtidai və orta təhsilini Bərdə rayonunda alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Yazar Raquf Hidayətovun şeirləri 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” jurnalında Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü Həyat Şəminin xeyir-duası və köməkliyi ilə dərc olunub.Şeirləri dövri mətbuat səhifələrində dərc olunmaq üçün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən müxtəlif mətbu orqanlara göndərilib.

SOLUB AÇAYDIM

Gülləri gördükcə yadıma düşür,
Sağikən sən gülə güllər dərərdim.
O güllər qəlbindən lent tək ötüşsün,
Dərdiyim gülləri sənə verərdim.

Mən sənə gül verib süst dayanardım,
Verdiyim gülləri sən qoxlayardın.
Sən gülü güllərə mən qısqanardım,
Qəlbini gözümdən sən oxuyardın.

Mən indi nə qədər görsəm də, güllər,
Sən xatirəylə dərddən ölürəm.
Nə qədər ömrümdən ötsə də, günlər,
Güllərin içində səni görürəm.

Qalmışam mən indi tənha həyatda,
Mən sənsiz bir gül də üzə bilmirəm.
Dərd olub bu həyat mən məhkum vaxtda,
Bir gül də qəbrimə düzə bilmirəm.

Kaş sənin ömrün də gül tək olaydım,
Sən də güllər təki solub açaydın.
Kimsənin qəlbinə sevinc dolaydı,
Həsrətli könlümə ətir saçaydın.

ADINI SƏN QOY

Həyat Şəminin şeirinə nəzirə

Özün çaldır havamızı,
Adını özün qoy.
Qurduğumuz yuvamızın,
Adını özün qoy.

Darıxmağa darıxıram,
Yarpaq kimi soruxuram,
Sənsizliyə doluxuram,
Adını özün qoy.

Çıxmamışam mən özümdən,
Dönməmişəm mən sözümdən,
Getməyirsən sən gözümdən,
Adını özün qoy.

İlkin gündən gərəyimdə,
Xoş arzu diləyimdə,
Bir sən idin ürəyimdə,
Adını özün qoy.