em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

MƏNƏM

Əl tutmağı şərəf sayan,
Elə həyan, yurda həyan,
Dərd içində çapalayan,
Yaxşıların biri mənəm.

Öndə oldum mən həmişə,
Adım düşdü dilə- dişə,
Mat qalmışam mən bu işə,
Tay hamıdan geri mənəm.

Zirvələrdə əsdim, coşdum,
Vətənə nəğmələr qoşdum,
Şəhid getdi neçə dostum,
Neyləyim ki, diri mənəm,

Gözü yaşlı, gözü nəmli,
Hər misrası zilli, bəmli,
Bu dünyanın dərdli, qəmli,
Həsrət adlı şeiri mənəm.

GÖZƏL NƏ VARSA

Ay güllərin tacı, sən olan yerdə,
Çiçəyi neynirəm, gülü neynirəm,
Sən elə mənimçün dünya malısan,
Qızılı neynirəm, ləli neynirəm.

Sən olan dünyada ömür bahardı,
Ətrindən doymuram gülüm, çiçəyim.
Sən varsan bu aləm könlümə yardı,
Səninlə xoşbəxtəm hüri, mələyim.

Zülmətə qərq olar sevgisiz həyat,
Ömrümün Ayı sən, Günəşi sənsən.
Sevgindi qəlbimə, ruhuma qanad,
Vallah gözəllikdə sən bir dənəsən.

Eşqinlə nəğmələr qoşuram sənin,
Sən varsan heç zaman batmaram yasa.
Mən səni de nəyə bənzədim axı?
Sənə bənzədirəm gözəl nə varsa.