“Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı
Tanrı bizə beş verib, birini də biz verək,
Əyriylə işimiz yox, nə veririk düz verək,
Bunu hər il etməyi özümüzə söz verək,
Elə edək bir kimsə bilməsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.
Böyük Vətən sevgisi kiçik kənddən başlayır,
Kiməsə arxa durmaq bircə fərddən başlayır,
Bilin, Cənnətin yolu mərhəmətdan başlayır,
Bu hiss canında yaşar hər kəsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.
Tanrının mərhəməti başınızdan ələnsun,
Düzü-dünya saflığa, ülviliyə bələnsin,
Bir körpə gülüşündən hər yana nur çilənsin,
Musiqiyə dönüşsün – bir həzin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.
Sinəsində ürək yox, qara daş bəsləyən var,
Pulu övladından çox oxşayıb-süsləyən var,
Baxın, orda – uzaqda deyəsən səsləyən var,
Gedəyin arxasınca bu səsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.
İmkanım yoxdur deyib, amandır, dad etməyək,
Bir qoğal da bəs eylər kimsəni şad etməyə,
Bir nağıl da bəs eylər könlü abad etməyə,
Kərəm görüb sevinsin Lələsin, əzizlərim,
Mərhəmətli olmağa tələsin, əzizlərim.
16.11.2016