mm

DÜŞÜNCƏ

Küləklər səmanın silgiləridir,
Sıxdı buludları, yudu göyləri.
Şəfəqlər Günəşin gölgələridir,
Bir anda yandırdı odu göyləri.

Təzadlar olmasa yaşamaz aləm,
Kainat görünməz nizamla dönür.
Qiyamət yaradar təbiətdə kəm,-
Bir ulduz yananda bir ulduz sönür.

Bu sonsuz kəhkəşan nurdan yaranıb,
Günəşi, ulduzu, ayı da nurdur.
Torpağa can verən yağışın, qarın,
Göylərdən süzülən suyu da nurdur.

Üzür Yer gəmimiz öz ləngəriylə,
Sonsuz kainatın ənginliyində.
Hələ də qorunur sirr səngəriylə,
Dünya öz tükənməz zənginliyində.

BİLƏ-BİLƏ

Düşmən danır haqqımızı,
Həqiqəti bilə-bilə.
Min fəsadla ləkələyir,
Əmanəti, bilə-bilə.

Olan-olmazı talayır,
Kökümüzü baltalayır,
Hər fürsətdə tapdalayır,
Ləyaqəti, bilə-bilə.

Dörd yanımız şeytan, iblis,
Bəd fikirli xain-xəbis,
Hər yandan yağdırır pis-pıs,
Həqarəti, bilə-bilə.

Böhtan yayır barəmizdə,
Qurdalanır yaramızda,
Qarışdırır aramızda,
Ədavəti, bilə-bilə.

Nə həs qanır, nə hüs qanır,
Nə yorulur, nə usanır,
İrişə-irişə danır,
Ədaləti, bilə-bilə.

Söz gəzirlər sözümüzdə,
Qıl çəkirlər gözümüzdən,
Axtarırlar özümüzdə,
Qəbahəti, bilə-bilə.

Qalmışıq bu çilədə biz,
Çırpınırıq tələdə biz,
Aldanırıq hələ də biz,
Bəd niyyəti bilə-bilə.

Nədir bəla, nədir illət?
Yetər, çırpın, oyan millət,
Bəsdir çəkdin bunca zillət,
Xəyanəti bilə-bilə.

Birləş, qoru torpağını,
Qoru vahid bayrağını,
Qeyrətinlə poz yağının,
Vəhdətini bilə-bilə.