Elnarə GÜNƏŞ,
Gündəlik Analitik İnformasiya Agentliyinin
İsmayıllı şəhəri üzrə xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Şaxta baba kimdir, insanlar ona nə üçün bu qədər maraqlıdırlar? Çoxlarımız uşaq ikən bircə dəfə də olsa Şaxta babaya məktub yazmışıq. Bəs Şaxta babaya göstərilən bu etimad, sayğı nədən qaynaqlanır. Niyə uşaqlar onun mütləq bu məktuba cavab verəcəyinə ümid bəsləyirlər? Doğrudanmı Şaxta baba uşaqlara bayram axşamlarında hədiyyələr çatdırır? Bu kimi suallar məni çoxdandır düşündürürdü. Elə bu səbəbdən də kiçik bir yazı işləməyi qərara aldım. İnsanın yaşından asılı olmayaraq bəzən hansısa nağıllara inanmaq kimi ehtiyacları olur. Dünyanın bütün problemlərini unutmaq üçün bəzən hansısa nağıllara inanmalı, gözəl anları, gözəl məqamları yaşamalıyıq. Elə Şaxta baba məsələsi də həmin ehtiyaclardan biridir. Bütün dünyanın qəbul etdiyi Yeni ilin bayramını Şaxta babasız təsəvvür etmək olmur. Bütün bayramların öz atributları olduğu kimi Şaxta baba və öz əsasını rus folklorundan götürmüş “Qar qızı” da Yeni ilin milli atributudur.
Şaxta Babanın dünyanın müxtəlif ölkələrində fərqli adları var. Yeni İl Bayramını, körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri
Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.
Bu günkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.
Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir. 1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır.. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib.
Ölkəmizdə də hər Yeni ilin gəlişi ilə barabər küçələrdə qırmızı əbalı, üzlərinə uzun ağ saqqal qoyan “Şaxta babaları” da görürük. Cəmiyyətimizin yaşca ən kiçik nümayəndələri olan uşaqlar, məhz bu “Şaxta babanın” gəlişini çox səbirsizliklə gözləyirlər.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə – xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. İnşallah ki, yeni il də məhz elə bu xoş arzularla qədəm qoyar. Dünyamız dinclik olar.
Dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi Yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramı ilə bağlıdır. Yeni il şənliklərinə hər xalq öz əlavələrini edib. Şaxta babaya hər il dünyada yaşayan milyonlarla uşaq məktub yazır. Həmin məktublardan biri də elə bu yaxınlarda mənə rast gəlib. Məktubu birinci sinif şagirdi yazıb.
– “Salam şaxta baba mən Qasımova Ruhəngiz Rusan qızı İsmayıllı rayonunda yaşayıram. Hər yeni il gəldiyində qardaşım Elgiz və mən sənin gəlişinə çox sevinir, səni görmək üçün səbirsizləşirik. Biz səni çox istəyirik, hər il ən xoş arzularımızı ifadə edən məktublar yazır, səndən arzuladığımız hədiyyələri gözləyirik. Ümid edirəm ki, bu ilki məktubumuzu mütləq oxuyacaq, və yeni ildə gəldiyin zaman bizə bol-bol hədiyyələr gətirəcəksən. Bilirsən ən çox bizi sevindirəcək hədiyyə nə ola bilər? Sən bu yeni ildə Dağlıq Qarabağımıza azadlıq gətir. Düşmənlərimizin işğal etdikləri torpaqlarımızı işğaldan azad elə. Bu sənin bizə edə biləcəyin ən böyük bayram hədiyyəsi ola bilər. Müəlliməmiz bizə öyrədib ki, Vətən sevgisi dünyanın ən ülvi sevgi hissidir. Vətənin azadlığı insanların azadlığı deməkdir. Həm də eşitmişəm ki, Qarabağ çox gözəldir. Mən də oraları gəzib, görmək istəyirəm.”
Məktubu gördüyümdə çox kövrəldim. Kaş ki, bu uşağın arzuları tezliklə çin olaydı. Deyirlər uşaqların duası daha tez eşidilir. İnşallah ki, Ruhəngizin bu yeni il arzusunu Ulu Tanrı tezliklə gerçəkləşdirər. Amin! Əziz oxucular, qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarınız mübarək!