İnsan mənafeyi etibar, cəsarət, qürur, iftixar və digər bu kimi ülvi hisslər ilə formalaşır. Xoşbəxt o xalqdır, o cəmiyyətdir ki, öz içərisindən həmin hissləri yaşaya biləcəyi şəxsiyyətləri yetişdirmiş olsun. Bu baxımdan zamanın bütün sınaqlarından çıxmış və həyatın hər üzünü görmüş Azərbaycan xalqı sözün həqiqi mənasında xoşbəxt xalqdır. Çünki əgər biz bu gün iftixar hissi ilə danışa biləcəyimiz şəxsiyyət varsa bu da Azərbaycan xalqının tarixi qələbəsi, xoşbəxtliyidir. Öz ölkəsinin dar günündə ona sahib çıxa bilən, xalqını, millətini, dövlətini çətin durumdan xilas etmək üçün heç bir təhlükədən çəkinməyən insanlara qəhrəman, tarixi lider deyilər. Xalqımız zaman-zaman öz tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev xalqına, millətinə yüksək səviyyədə xidmət etmiş, torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıqla çalışmış, dövlətimizin inkişafı, demokratiyasının genişləndirilməsi xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində bütün lazımı tədbirləri həyata keçirmişdir. Çətin, keçməkeçli və bir o qədər də şərəfli tarixi yollar keçmiş Azərbaycan xalqı öz tarixi xilaskarını, fədakar liderini məhz ən çətin günlərində tapdı. Elə həmin məqamlardan da xalq-prezident birliyi, sədaqəti, intizamı formalaşdı. Azərbaycançılıq ideyaları, Milli mental dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edildi. Xalqın istəyi ilə 1993-cü ilin 9 iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qətiyyət və bacarıqla vətəndaş müharibəsinin qarşısını aldı. Bu ondan irəli gəlirdi ki, artıq xalq inam bəsləyəcəyi, etibar edəcəyi bir lider tapmışdı. İnam və etibar sayəsində sabitlik əldə edildi. İyulun 15-də isə Ulu öndər Azərbaycan Respublikasının ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Respublikamızın müstəqillik həyatında yeni bir başlanğıc oldu. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. 1993-2003-cü illər müasir Azərbaycanın tarixində Sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Genişmiqyaslı islahatların aparılması, iqtisadi inkişafın sürətləndirilməsi, tez bir zamanda bazar iqtisadiyyatına keçid ölkəmizin inkişafını sürətləndirdi. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, tədricən ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu. Azərbaycan regionun ən nüfuzlu dövlətinə çevrilərək böyük beynəlxalq nüfuz qazandı. Mətbuat və söz azadlığı, azad vətəndaş cəmiyyəti formalaşdı. Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yeniləşməsində, Müstəqil Azərbaycanın daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Biz cəmiyyət olaraq onun ideyaları əsasında öz milli şüurumuzu bərpa etmişik. Ümummilli Liderin müdrik siyasəti bu gün də mükəmməl şəkildə davam etdirilir. Məhz bu siyasi kurs Azərbaycana yeni-yeni nəaliyyətlər, uğurlar gətirir. Bunun nəticəsi olaraq ötən 23 ildə Azərbaycan yalnız region deyil, həmçinin Avropanın da siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmişdir. Beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. İqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Respublikamızın ümumbəşəri dəyərlərə istinad edən mütərəqqi inkişafı, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurları göz önündədir.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, kosmos ölkəsinə çevrilməsi siyasi, mədəni, iqtisadi sahələrdə dünya ölkələri arasında uğurlar qazanması, 2015-ci ildə İlk Avropa oyunlarına, sonra İslam həmrəylik oyunlarına, Şahmat olimpiadasına və gələcəkdə futbol yarışlarına ev sahibliyi etmək kimi yüksək səviyyəli beynəlxalq layihələrə imza atması sübut edir ki, dövlətimiz davamlı və dinamik inkişafa nail olmuşdur. Bu gün hər bir vətəndaşın qəlbində milli iftixar hissi və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissi kimi ülvi duyğular dərin kök atmışdır. Mövcud vəziyyət bunu deməyə əsas verir ki, Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır. Biz də cəmiyyət olaraq öz üzərimizə düşən işləri, öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Dövlətimizin inkişafı naminə gərəkən hər bir zəhmətə qatlaşmalıyıq. Vətəndaş olaraq hər birimiz Möhtərəm cənab prezidentimiz ilham Əliyev cənablarının ətrafında sıx birləşməli, səylə çalışmalıyıq ki, dövlətimiz günü-gündən inkişaf etsin, bütün dünyaya nümunə göstərilsin. Bu bizim həm vətəndaşlıq borcumuzdur, həmçinin də ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında olan vacib borcumuzdur. Çünki müasir Azərbaycan Heydər Əliyevin xalqımıza miras qoyduğu ən dəyərli əmanətdir.
Ziba Məmmədova,
Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin Biologiya müəllimi