Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirildi. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Rasim Gənzəli 12 kitabın müəllifi, eyni zamanda geniş oxucu kütləsinin sevgi və ehtiramını qazanmış qələm sahibi kimi nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da ədəbiyyatsevərlər tərəfindən yaxşı tanınır və sevilir. Yaradıcılıq gecəsinin təşkilatçısı və aparıcısı, “Hüseyn Cavid ədəbi məclisi”nin sədri, şair Kəmaləddin Qədim məclisin bu vaxtacan keçirdiyi tədbirlərdən danışaraq, bugünkü görüşün böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı, Rasim Gənzəli yaradıcılığına kiçik ekskurs etdikdən sonra ilk olaraq sözü AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyevə verdi. M.Əliyev R.Gənzəlini 55 illik yubileyi münasibətilə təbrik edərək, onun nəsr yaradıcılığı barədə məruzə ilə çıxış etdi, yazıçının əsərlərindəki milli ruhu, türkçülük ideyalarını yüksək dəyərləndirdi.
Daha sonra “Rasim Gənzəlinin bədii nəsri” kitabının müəllifi, professor Mahmud Allahmanlı və professor Asif Rüstəmli Azərbaycan ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr vermiş yazıçının yaradıcılıq yolu barədə ətraflı çıxış edərək, R.Gənzəliyə bundan sonra daha böyük yaradıcılıq uğurları arzuladılar.
Professor Elçin İsgəndərzadə yazıçı haqqında xoş sözlər söylədikdən sonra müəllifə “Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru” diplomunu təqdim edərək, bu münasibətlə dostunu bir daha təbrik etdi.
AMEA Folklor İnstitutunun şöbə müdiri, şair Nizami Muradoğlu yazıçının əsərlərindəki yüksək ideallara böyük dəyər verərək, həmin əsərlərin dissertasiya mövzusu kimi tədqiqata cəlb olunmasının vacibliyini diqqətə çatdırdı.
Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər R.Gənzəlinin əsərləri haqqında danışarkən, yazıçının qazandığı uğurlarda sevimli həyat yoldaşı, şair Kamilə Dönməzin sevgisinin əhəmiyyətli rolu olduğunu bir daha diqqətə çatdırdı.
Tanınmış qiraət ustası Pünhan İsmayıllı da öz növbəsində yubilyarı və onun ömür-gün yoldaşını təbrik edərək, Kamilə Dönməzin Rasim bəyə ünvanladığı səmimi sevgi şeirini səsləndirməklə məclisə xoş ovqat bəxş elədi.
Tədbir iştirakçılarından şair Oqtay Rza, Səfər Alışarlı, Şəmistan Əlizamanlı, Aləm Kəngərli, Kamil Məhərrəmoğlu, Giya Paçxataşvili, Etibar Qərib, Ələsgər Talıboğlu, Qiymət Məhərrəmli, Xanəmir Telmanoğlu, İsmayıl Həkim, Fazil Kərimov, Hüseyn Sözlü, Arzu Nehrəmli və başqaları Rasim Gənzəliyə xoş arzularını bildirdilər, ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Yazıçının qardaşı, professor Hacı Müzəffər duyğulu çıxışı ilə mərasim iştirakçılarını bir anlıq Rasimin uşaqlıq illərinə qaytardı, onun necə dəyanətli və fədakar bir şəxsiyyət olduğundan qürurla söhbət açdı.
Sonda müəllif görüşdə iştirak edən bütün qonaqlara, əsasən də tədbirin qədirbilən təşkilatçılarına dərin minnətdarlığını bildirdi, oxucularını hələ neçə-neçə dəyərli əsərləriylə sevindirəcəyinə söz verdi.

Qiymət MƏHƏRRƏMLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Bakı şəhəri üzrə xüsusi müxbiri,
filologiya üzrə fəlsəfə doktoru