rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

L A L Ə L Ə R
“Vətənimdir” – silsiləzindən

Gözəl vətənimin alyanaq gülü,
Məcnuna döndərib nazlı bülbülü.
Süstləyib al rənglə çəməni, çölü,
Zinətdir bahara, yaza lalələr.

Şəvətək sürməni çəkib gözünə,
Tər xallar yaraşır göyçək üzünə.
Qonub ozanların qoşma sözünə,
Göz, qaş eyləyirlər, saza lalələr.

Bu zövqü-səfadan doyan yox hələ,
Hüsnündən eşq axır əqlə, xəyalə.
Içi şəbnəm dolu, qızıl piyalə,
Gəlməsin nəzərə, gözə lalələr.

Bürüyüb ən gözəl, bəzəkli dona,
Bir yaz ömür verib, Yaradan ona.
Yayadək gül ömrü çatacaq sona,
Açacaq gəiən yaz, təzə lalələr

Utancaq, ismətli, həyalı qızdır,
Duruşu, baxışı işvədir, nazdir.
Bu zərif, tər gülə,nə yazsan azdır,
Layiqdir hər tərif, sözə lalələr.

Dövranla qoşadır çox nişanəsi,
Vətəni, məskəni, yurdu, xanəsi.
Gözəllər-gözəli, gül əfsanəsi,
Xudanın bəxşidir, bizə lalələr.

GÖRDÜM

“Vətənimdir” – silsiləsindən

Yenə gəldi bahar, gözəl yaz çağı,
Təbiət bəzəndi gəlin sayağı.
Gəzərkən oyanmış bağçanı, bağı,
Şeirimi hər qönçə, gülündə gördüm.

Yenicə almışdım qələmi ələ,
Nəğməkar quşlar da gəldilər dilə.
Istədim söz qoşam, sarı bülbülə,
Nəğməmi bülbülün, dilində gördüm.

Al Günəş gür yanan, Rəbbin çırağı,
Yuxudan oyadıb qocaman dağı.
Gül, çiçək tutmayır qoynu, qucağı,
Qoşmamı dərənın , selində gördüm.

Dağa zinət verir, hər yalçın qaya,
Cəhd edir baş vursun ulduza, aya.
Hər kəlməm dönüşdü, bir əkssədaya,
Sözümü dumanın, belində gördüm.

Ruhumu oxşadı sabahın mehi,
Təbimi oyatdı çəmənin şehi.
Jalələr kəlməmin məğzi- təşbehi,
Hecamı süsənin, telində gördüm.

Könül fərəh daddı, qəlb nəşələndi,
Dövran cuşa gəldi, təbb təzələndi.
Ilhamım, qələmim nura bələndi,
Cənnəti Vətəndə, elimdə gördüm