Zaməddin oğul

Hərdən Karqayaya yolun düşəndə,
Sənin yanındayam zənn elə mən də.
Məni o cənnətə apar özünlə,
Bax o gözəlliyə heyrət gözümlə.
Dinlə, nə danışır o dağ yelləri,
Dinlə, ilk uşaqlıq laylamı çalan,
Orda qərib səsli anadilləri,
Ah, həsrət illəri, həsrət illəri.

Bakı, 08.10.1997

Şirin dilim

Saçlarından tel əsəndə,
Telinə qurban olmuşam.
Dilin sözə tələsəndə,
Dilinə qurban olmuşam.

Təzə çıxan süd dişinə,
Qəh-qəhəli gülüşünə.
Tırıp- tırıp yerişinə,
Çox baxıb heyran olmuşam.

Yanağının gülü solsa,
Könlün bir an tutqun olsa,
Bir ağrıyla gözün dolsa,
Mən ürəyi qan olmuşam.

Keçib getdi ayım, ilim,
Sən açıldın, qönçə gülüm,
” Ana” deyən gündən dilin,
Ən xoşbəxt insan olmuşam.

MÜƏLLİMİM
O elə şəfqətli, elə gözəldi,
Yox idi gözümdə heç bərabəri.
O, bir arzu idi, xoş bir əməldi,
Yaşayır könlümdə illərdən bəri…

Necə məlahətli, qəşəngdi səsi
Axan saf suların təranəsitək;
Necə də istiydi doğma nəfəsi,
Necə də böyükdü köksündə ürək!

Qarlı qış axşamı soyuq küləklər
Körpə ürəklərə gətirəndə qəm,
Onun bir sözüylə açar çiçəklər,
Nura qərq olardı elə bil aləm!

Min nəğmə gələrdi qulağımıza
Daim çiçəklənən könül bağından.
Elə bil çıxırdıq təzə bir yaza
Soyuq, cansıxıcı qış otağından.

O bizim şəfqətlə sığallayanda
Hərdən başımızı bir ana kimi
Onun ətrafında biz də bu anda
Olardıq nur görmüş pərvanə kimi.

Heyif ki, əl çatmaz o gözəl günə,
Aradan keçmişdir neçə qış, bahar!
Ancaq saçlarımın üstündə yenə
Sanki o əllərin hərarəti var.

Ah, ey uşaqlığın gözəl günləri,
Əziz müəlliməm, hardasınız siz?
O məktəb illərim dönsəydi geri,
Önündə hörmətlə indi çöküb diz —

Deyərdim: — Bu şeirim, sənətim üçün
Həmişə, həmişə borcluyam sənə.
Şərəflə keçirib ömrünü bütün,
Nəsillər böyütdün doğma vətənə.

Sözü inci kimi düzdün dilimə,
Öyrətdin düşünüb cümlə qurmağı.
Qələmi bir dayaq edib əlimə,
Çox usta çıxartdın uca bir dağı.

Coşqun bir çay kimi, bir bulaq kimi
Sən həyat eşqilə coşdun, çağladın,
Mümkün olsa idi açmaq qəlbimi
Görərdin orada həkk olub adın.

Sən uşaq könlümün eşqi, ilqarı,
Andıydın, ustadım, dostum, yoldaşım!
Bununçün bu adı daşıyanların
Önündə hörmətlə əyilir başım.