1423756700_sefa-xanim

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini
doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!

Mətbuat xidməti

Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

Ehtiyac

Mənim yuxularım qarışır, Ana!
Qarışır, içindən çıxa bilmirəm.
Darıxır ürəyim içimdə, Ana!
Darıxır, özümü yıxa bilmirəm.

Sənin əllərinin kəraməti var,
Gəl, topla dağınıq ruhumu yenə.
Qan verən yaramı ürəyinə sar,
Bir tək ürəyini sıxa bilmirəm.

Zaman tərs yellənir, ömür viranə,
Dağıdıb küləklər könül evini.
Ya ruhum sovrulub bir küncə yenə,
Ya da ki çıxmışam yoxa, bilmirəm.

Bu suçlu taledə müttəhim özüm,
Hakim də özüməm, qınama, Ana!
Elə dəyərsizə ağlayır gözüm,
Sonradan üzünə baxa bilmirəm.

02.06.2015

Məhəbbət

Nə qədər qaçsan da küncə bucağa,
Gəlib düz içindən keçər məhəbbət.
Doldurar badəyə şərbət əvəzi,
Axan göz yaşını içər məhəbbət.

İcazə istəməz, çalar qəlbini,
Göz yaşı gətirər, verməz səadət.
İçində cücərən yaşıl ümidi,
Qazıyar kökündən, biçər məhəbbət.

Qapayar, gözlərin doğrunu görməz,
Dilində bal dadar acı həqiqət.
Getmək istədimi əliboş getməz,
Ruhunla dünyadan köçər məhəbbət.

Dəlib ürəyini keçsə də gözəl,
Axan göz yaşını içsə də gözəl.
Ruhunla dünyadan köçsə də gözəl…
Nəğmədi, haraydı, haydı məhəbbət
Tanrıdan insana paydı məhəbbət…

16.04.2013