Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
GÜNAHKAR DEYİLƏM
Ünvanlı ithaf
Gözünü həyata yuman anında,
Fələklər qoymadı olam yanında.
Azdım fitnələrin burulğanında,
Bir parçan olmuşam canında Sənın-
Günahkar deyiləm yanında Sənin.
Allaha,Tanrıya ağ olsalar da,
Namərdcə,arxadan hey vursalar da,
Arada buzlardan dağ qursalar da,
Gəzir hərarətin qanımda Sənin-
Günahkar deyiləm yanında Sənin.
Çəkdilər araya həsrət çəpərin,
Quyular qazdılar dərindən-dərin.
Boğuldun selində qüssə,kədərin,
Üzsəm də göz yaşı camında Sənin-
Günahkar deyiləm yanında Sənin.
Bəsirət bağladı ala gözünü,
Haqqdan üstün tutdun düşmən sözünü.
Söndürdün məhəbbət,ülfət közünü,
Oldum xəfif işıq şamında Sənin-
Günahkar deyiləm yanında Sənin.
Səni məndən etdi iblis,şeytanlar,
Dinsizlər törətdi hey nifaq,qanlar.
Mənim qəlbim təmiz,mələklər anlar,
Olmasam da şöhrət,şaninda Sənin-
Günahkar deyiləm yanında Sənin.
QIŞ GƏLİR
“Vətənimdir” – silsiləsindən
Qarlı qış boylanır, baxır qapıdan,
Soyuq nəfəsiylə özün göstərir.
Hələ ki, xəbər yox quşbaşı qardan,
Yəqin zirvələrdə, nəfəsin dərir.
Bir gün ağ örpəyin sərəcək yerə,
Çirkin nə vardısa üstün örtəcək.
Külək çovğun olub çəkəcək nərə,
Çalalar, çökəklər, qarda itəcək.
Çox canlı gedəcək qış yuxusuna,
Quşlar köç edəcək kim bilir hara.
Daha bir ilimiz yetəcək sona,
Gözlər dikiləcək gələn bahara.
Xizəklər, kirşələr düşəcək işə,
Sevinc bəxş edəcək qar uşaqlara.
Yaşlılar qorxacaq, sürüşə, düşə,
Çoxlu duz səpəcək buza, qarlara.
Olsa da nə qədər qarı, boranı,
Qış bizi yeni bir yaza səsləyir.
Uyudur sehriylə dağı, aranı,
Qoynunda doğacaq, bahar bəsləyir.