SEVDİYİM GÜNAH
Gəl ah göndərək dağlara,
Dağları bu ah saxlasın.
Kasıb daxması könlümdə,
Səni də allah saxlasın.
Hava eşq,torpaq eşq,su eşq,
Ölümə oxuyan Qu eşq.
Sevdiyim günahdı bu eşq,
Bizi bu günah saxlasın.
Ayna tutub ötən çağa,-
Belə kim girsə bu bağa,
Gözümdə suya qoymağa,
Bir cüt ətirşah saxlasın.
AHIMLA VERDİM EŞQƏ CAN
Dağılıb saçın üstünə,
Əl elə qaçım üstünə.
Çılpaq ağacın üstünə,-
Sən də budaq-budaq yeri.
Ahımla verdim eşqə can,
Aramıza düşmədi qan.
Hər tərəfi alıb duman,
Nə düz qalıb,nə dağ yeri.
Gözüm zəvvar,yaxan da pir,
Düymələri açdım bir-bir.
Bir öpüşün heykəlidir,-
Üzümdəki dodaq yeri.
ZALIM GÖZƏL ŞAİRİ DƏ QINAYAR
İstəmirəm qarşılaşaq yalandan,
İstəmirəm yolun məndən yan düşə.
Ömür boyu üzü gülməz bu eşqin,
Yar könlünə şöhrət düşə,şan düçə.
Saz sinəmdə pərdə-pərdə oynadı,
Gözüm tutan bəxtəvər də oynadı.
Qol götürüb hamı dərdə oynadı,
Az qaldı ki aralığa qan düşə.
Kirpik çaldın,könlüm batdı qana yar,
Ayna tutsam,baxışların qanayar.
Zalım gözəl şairi də qınayar,
Vay halına belə vaxtda can düşə.