***

Səndən sonra
tutunduğum sevgilər
çürük ağac budağı çıxdılar,
əl dəyməmiş
sındılar, töküldülər…
Səndən sonra
yan aldığım limanlar
bütün gəmilərə bağlı çıxdılar.
Səndən sonra
bir də üzü gülmədi
qürub vaxtı günəşin.
Səndən sonra
daha əvvəlki olmadı
yazdığım şeirlərim…
Səndən sonra…
Səndən əvvəl
nə vardı ki?!
nə olaydı səndən sonra???

***
Səssiz bir sükutla bağırır gecə,
Saat əqrəbləri çalır ömrümü.
Çiy palçıq zənn edir məni bu dünya,
Gündə bir qəlibə salır ömrümü.

Alır verdiyini gözüm doymamış,
Bükür göy əskiyə bəyaz günümü.
Bəzən də aldadır saf uşaq kimi,
Ovcunun içinə alır ömrümü.