Sinəmizdə əbədi qövr edən eşqin közüdür,
Adəmdən Xatəmədək vəhy olan eşqin sözüdür.
Bizə can bəxş eləyən eşqə mücərrəd nə demək?!
Bizi ali məqama çatdıran eşqin özüdür.
Əsil insan odu ki, bircə üzə qail ola,
O da nurdan yaranan saf və pak eşqin üzüdür.
Hər şeyə dörd göz ilə baxmağa görməkmi denir?! –
Yeddi qatdan o yanı göstərən eşqin gözüdür.
Məcnunun məskəninə çöllü-biyaban deməyin,
O adi səhra deyil, İlahi eşqin düzüdür.
Qorxusu olmaz, Oday, zülmətin eşq əhli üçün,
Aşiqin – nur çiləyən sevgili eş – gündüzüdür.