“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bir fransız filmi var; “8 qadın” (“8 femmes”)… Orda “qadın” adlı varlığın ilahiləşdirilməsi və şeytaniləşdirilməsi 111 dəqiqə boyunca tamaşaçını təzadlı duyğuların qoynuna atır…
Təsadüf dediyimiz qanunauyğunluq nədirsə, bu filmlə Şahanənin sevimli “525-ci qəzet”dəki “Rifah istəyi, yoxsa nəfsin əsarəti…” adlı yazısı sentyabrın əvvəlində ard-arda gözlərim önündə təzahür etdi. Şahanə qadın təzadına, hər zaman göz önündə olsa da, təfəkkürü dumanlandıran qadın həqiqətinə bir cümlə həsr etmişdi öz yazısında: “Niyə uzun müddətli xaqanlığımızı (söhbət 40 min il bundan öncə başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən, 37 min il) mövcud olmuş ana xaqanlığından, matriarxatdan gedir) kişilərə inanıb həvalə etmişik?” İlahi sualdır, məncə… Çünki, cavabı sonsuzluqda gizlidir. Heç eynimə də gəlmir ki, Şahanə öz sualına “məhz güclərindən, qüvvətlərindən, dözümlülüklərindən dolayı” cavabını verib. Mənimçün cavab bu gün üçün sevgidir… Sabahkı gün bu cavab “xəyanət”, “cəza”, “sitayiş”, hətta daha irəli gedib “qurban etmək istəyi” də ola bilər…
lll
Uşaqlığım ən təlatümlü illərin qoynuna atılmış məktub parçası olub; gah illərin altında qalıb, əzilib, gah anamın göz yaşıyla islanıb, rəngləri, yazıları bir-birinə qarışıb, gah da əldən-ələ gəzərək qırıq-qırıq oxunub… Amma mənim varlığıma şükür edən az olub, çox az. Heç kim üzümə məhəbbətlə, yaxud nəvazişlə baxıb “yaxşı ki varsan!” deməyib. Şikayət etmirəm, əsla! Bu da bir tale payıdır, qoyulub ovcumuza. Məşhur deyimdəki kimi, Tanrı məni yaradanda artıq qalan gili ovcuma qoyub: “Nə istəsən düzəlt!” – deyib. Mən hələ o bir ovuc gillə oynamaqdayam…
Şahanə isə ürəklə “Yaxşı ki var gül balalar…” deyir. Yazı “3 ALMA”nın yeni layihəsi: “Göyərçinim, gəl görüm” şeirli, şəkilli “əlifba” kitabı haqqında qeydlərdən ibarətdir. Amma Şahanə özünün uşaqlıq həsrətini də yazısına hopdura bilib. Elə səmimi etiraf edir ki: “Uşaqlar üçün nəzərdə tutulmuş hər şeyi sevirəm, xüsusən də kitabları”. Və bu sevginin, bu incəliyin arxasınca günümüzün uşaqlarının ruhundakı boşluqların səbəbini, qaynağını da hayqırır: “Etiraf etməliyik ki, ölkəmizdə yaxın illərə qədər uşaq ədəbiyyatı sahəsində ciddi problemlər var idi. Nəşriyyatlar belə kitablara maraq göstərmir, yazıçılar isə nəşriyyatın maraq göstərmədiyi bu sahəyə çox da enerji sərf etmək istəmirdilər. Buna görə də uzun müddət bu sahədə böhran dövrü yaşandı…”
lll
“Tənhalığın simfoniyası” da Şahanənin “525-ci qəzet”in oxucularına hədiyyə etdiyi yazılardandır. “Çətinliyə baş vurmaq” serialının baş qəhrəmanı haqqında yazılan bu yazıda hamıdan gizlətdiyimiz və sadiqliyimizə görə bizə heç bir xoş gün vəd etməyən tənhalığımız var.
Şahanə yazır: “Hərdən ürküdücü olur tənhalıq. İnsan özü özünü dinləməkdən o qədər bezir, o qədər yorulur ki, yanında başqa bir səs, başqa bir nəfəs istəyir. Həmin an hər şeyini verməyə hazır olursan bəlkə də. Təki öz beynimin içərisindən çıxım, ağzımdan çıxan kəlməni eşidə bilən biri olsun, o da mənə cavab versin istəyirsən”.
lll
Bütün bu narahatlıqların fonunda Şahanə sevincdən kövrəlməyə də vaxt tapır. Valideynlərinin 50 illik yubileyi ərəfəsində sevdiyim peçenyelərdən danışır. Yox, siz “Əlli il deyildi, əllicə gündü…” adlı yazıda peçenye haqqında bir cümlə də oxumamısınız, bilirəm. Sadəcə, mən, yataqxana pilləkənində oturub bir qutu peçenyeni göylərin hədiyyəsi kimi qəbul edən gənc ananın yanındaydım bu yazını oxuyanda. Onun əllərindən peçenye alıb yeyirdim… Və o peçenye limonlu idi!
lll
“525-ci qəzet”in mən tanıdığım təbəssümüdür Şahanə Müşfiqin yazıları. Siz heç bir kitabın ağlamağını, bir jurnalın xatirə danışdığını, bir qəzetin gülümsədiyini görməmisiniz ki?! Görməmisinizsə, özünüzü oxucu saymayın…
“Səhnənin gülən üzü – Afaq Bəşirqızı”, “Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson”, “İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” kimi sənədli esselərində Şahanə özü də gülümsəyir… Bu təbəssümün yaz gürşadı kimi anidən şıdırğılanması da var, payız leysanı kimi qəfildən titrəyəni də…
“İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” adlı sənədli essesində Şahanə yazır: “Arzu! Bir insan övladının heç zaman bitib tükənmək bilməyən istəkləri! Əslində, insanı həyata bağlayan da məhz budur: arzu və ümid. Keçmiş nə qədər cah-cəlallı, nə qədər rahat, nə qədər hüzurlu olsa da, insan gələcək istəyir, çünki gözləntiləri var, arzuları var. O gözləntiləri, coşğun dağ şəlaləsi kimi qəlbində aşıb daşan, beynini dumanlandıran, gözlərini alovlu günəştək parıldadan o arzuları bircə anın içərisində daha öncə artıq yaşadığın, gördüyün, nə olacağını əzbər bildiyin keçmişin üçün qurban vermək mümkünmü ki?! Verərikmi? Yəqin ki, yox”. Mən bu cavabla razılaşıram!
Amma “Ruh sən özün deyilmisən, özündən vaz keçə bilərmi insan?” sualına veriləsi bir düjün cavabım var…Bu cavabların hər birində məndən bir parça, keçmişimdən, bu günümdən, gələcəklə bağlı gözləntilərimdən bir incə ştrix var… Yox, deməyim, bu cavabları hələ yazmayım. Qoy, bu da mənim qadın sirrim olsun!
“Səhnə və ekran sənətimizin ulu korifeyi: Məmmədrza Şeyxzamanov” adlı yazıya kiçik bir əlavə etmək istəyirəm. Hazırda Gəncədə, Mərkəzi Univermaq Mağazasının sol tərəfindən dolanıb keçən küçədə Şeyxzamanovların (Şeyxzamanlıların) mülkündə avtomobil yuma məntəqəsi fəaliyyət göstərir. Bu, bizim tariximiz üçün acınacaqlı faktdır… Çox istərdim ki, üstündən insan talelərinin qara yelləri əsən bu mülk ev muzeyi kimi yaşasın, öz tarixini elə özü danışsın…
lll
Şahanə “525-ci qəzet”də oxuduğu kitablar haqqındakı qeydlərini də oxucularla bölüşür. Beləcə, mənim kimi kitabsevərlərə zövqlü oxu saatlarından əlavə düşünmək üçün də zaman tanıyır. Məsələn, mən hələ İlqar Kamilin “Yerlə göy arasında” romanını oxumamışam. Amma Şahanənin “Yerlə Göy arasında qalanların romanı” adlı yazısını oxuduqca bu roman haqqında düşünə bildim… Bu, Şahanənin öz publisist qələmiylə oxucuya təsir etmək bacarığıdır.
“Mustafa Məsturun romana çevrilmiş pıçıltıları” adlı yazısında isə Şahanə özü də əsərlərini oxumadığı bir müəlliflə söhbətin avantaj olduğunu qeyd edir. Çünki bu məqam yazıçı-oxucu münasibətlərində tamam başqa əhval yaradır. Tanıdığın bir adamın yazılarını daha rahatlıqla həzm edə bilirsən…
“Ağrılı mətləblərin uğurlu bədii ifadəsi” adlı yazısında Şahanə yazıçı Aqşin Babayevin yeni hekayələrindən danışır. Qeyd edir ki, “Çağdaş ədəbiyyatımızın problemlərindən biri də uzunçuluqdur”. Nə yalan deyim, Şahanənin bu iradından özümə də pay götürdüm. Və çoxdandır yazdığım nəsr əsərlərini gizlətməyimə daha bir haqlı səbəb tapdım. Məni qane etməyən bir əsəri oxucuya sırımaq kimi niyyətim yoxdur…
Şahanə isə Aqşin Babayevin “Ağrı” və “Divardakı portret” hekayələrində “geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq, haşiyəyə çıxmaq” kimi lazımsız nüansların olmamasını qeyd edir. Və oxucu üçün hekayələrin qısa anonsunu da verir.
Bir də Şahanənin “Məmməd Araz yaradıcılığının rənglər dünyasındakı əksi” adlı yazısı var. “Qoçaq qız” deyə xitab etdiyim Şahanə Müşfiq rəssam Kirman Abdinin “Məmməd Araz qrafik albomu”ndan elə qəribə maraqla söz açır ki… Əslində, bu maraq özü də məni sevindirdi. Hardasa özümlə, üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyi ilə qürur duydum. Axı bu Birliyin həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” layihəsinin yekunlarına dair nəşr olunan “Səs… Söz… Rəng” adlı toplunun tərtibçilərindən biri də mən idim… Və səsin sözə, sözün də rəngə çevrildiyinin şahidi olmuşdum.
Şahanə isə məhz bu yazısında Məmməd Araz poeziyasının rənglərdəki təzühürünü “oxşayır”, “sevir”: “Hazırda qarşımda olan və günlərdir vərəqlədiyim “Məmməd Araz qrafik albomu” da bir rəssamın şairin poeziyasına və şəxsiyyətinə sonsuz sevgisinin təcəssümüdür. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər və Azərbaycan Karikaturaçı Rəssamlar Birliklərinin üzvü Kirman Abdinin bədii təxəyyülünün və yüksək sənətkarlığının əksi olan tabloların hər birində başqa, tamamilə yeni Məmməd Araz “doğulur” sanki”.
lll
İllər əvvəl televiziyada redaktor işləyəndə Norma Cinlə – Merilin Monro ilə tanış olmuşdum. O gündən bu qadın haqqında qeyri-adi düşüncələrim vardı. Gah ən çətin zamanda düşünürdüm: “Norma Cin olsaydı, bu çətinliyin üzünə necə gülərdi?” Gah da özüm gülürdüm… Gülüşümün onun gülüşünə oxşamadığını bilə-bilə…
Bu gün Şahanə Merilindən – Norma Cindən “gözəllik ikonu” deyə bəhs edir. Haqsız da deyil. Axı, o, doğrudan da, gözəlliyin çox şeyə bədəl olduğunu sübut edən bir həyat yaşayıb…
Bütün zamanların seks-simvolu, azad sevginin etalonu sayılır Norma Cin… Amma o, qadınları nikah masasına oturdacaq bir cümlə də miras qoyub dünyada: “Özünün də dediyi kimi, karyera mükəmməl bir şeydir, amma siz soyuq qış gecələrində karyeranızı qucaqlayıb yata bilməzsiniz”.
Mənsə… Etiraf edim ki, bir zamanlar Norma Cinin ən çox bu sözlərini sevirdim: “Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə”.
İndi isə Edit Piafın sözlərini sevirəm, artıq bədbəxtliklərin gözünə arzu adlı kül üfürə bilirəm… O “Sərçəcik” deyirdi ki: “Ən böyük arzular heç vaxt gerçək olmur”.
Yaxşısı budur, daha susum. Səhər açılır…