Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir.[2] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[3] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[4]

Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir.[5][6] Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.[6][7][8][9] Rəsmi dil türk dilidir.[10] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[11] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir.[12] Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[13]

XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[14] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir.[15] İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması “Üç Paşalar”ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[16] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.

Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[17]

Mündəricat
1 Etimologiya
2 Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
2.1 Təbii ehtiyatları
2.2 İqlimi
2.3 Daxili suları
3 Ərazi
3.1 İnzibati-ərazi bölgüsü
4 Əhali
4.1 Dil
4.2 Din
5 Tarix
5.1 Qədim dövr
5.2 Cumhuriyyət dövrü
5.3 İkinci dünya müharibəsi dövrü
5.4 Avropalı dövlətlərlə müttəfiqlik
6 Siyasət
7 İqtisadiyyat
8 Təsərrüfat sahələri
9 Ordu
10 Təhsil
10.1 Universitetler
10.2 Məktəbəqədər təhsil
10.3 İbtidai təhsil
10.4 Orta təhsil
10.5 Ali təhsil
11 Bayramlar və xüsusi günlər
11.1 Rəsmi bayramlar
11.2 Dini bayramlar
12 Şəkillər
12.1 İstinadlar
12.2 Xarici keçidlər
Etimologiya
Türkiyə adı iki komponentə bölünür: Türk etnonimi və “sahib” mənasında istifadə olunan –iyə şəkilçisi. “Türk” və ya “Türük” sözlərinə tarixdə ilk dəfə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbası istifadə edilərək səkkizinci əsrdə tikilən Orxon abidələrində rast gəlinib.[18] Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia şəklində qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[19] Ancaq imperator burada “türklər” adı altında macarları ifadə etmişdir.[20] Oxşar şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[21] Osmanlı İmperiyası da müxtəlif vaxtlarda digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
İki qitədə: Avropa və Asiyada yerləşən Türkiyənin sahəsi 779 min km 2 -dir. Ölkənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli adlanmaqla ümumi ərazinin 3%-ni (23,7 min km 2 ), Asiya hissəsi isə Anadolu adlanmaqla ümumi ərazinin 97%-ni əhatə edir. Avropa və Asiya hissələrini bir-birindən Egey dənizi, Bosfor və Dardanel boğazları ayırır. Türkiyə ticarət və hərbi-strateji yollar (avtomobil və dəmir) kəsimində və 3 dəniz (şimalda Qara, qərbdə Egey, cənubda Aralıq dənizi) əhatəsində yerləşir, bu da onun coğrafi və geosiyasi mövqeyinin əlverişliyini müəyyən edir. Türkiyə dağlıq ölkədir. Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 m-dir. Mərkəzi hissədə Anadolu yaylası, kənarlarında isə silsilələr yerləşir (şimalda Pont, cənubda Tavr). Anadolu yaylası 3 rayona bölünür: Qərbi, Daxili və Şərqi. Qərbi Anadolu – Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar şimal-qərbinin (Şərqi Frakiya) relyefi düzənlik olduğundan kənd təsərrüfatı baxımından əlverişlidir. Daxili Anadolu – Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m olan dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Şərqi Anadolu – İranla sərhəddə yerləşməklə ərazisində Türkiyənin ən yüksək nöqtəsi (5165 m) ucalan Ağrıdağdan ibarətdir. Pont dağları Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Pont dağları Sinopdan şərqdə 3000–3700 m-ə qədər ucalır (ən hündür nöqtə Trabzon yaxınlığında Qaçqar – 3937 m). Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə Türkiyə-İran sərhəddinədək Tavr dağları uzanır. O, Qərbi, Mərkəzi və Şərqi Tavrlara bölünür[22].

Təbii ehtiyatları
Türkiyə təbii ehtiyatlarla o qədər də zəngin deyildir. Əsasən xromit (Toros), həmçinin daş və qonur kömür, civə, sürmə, mis, molibden, manqan, volfram, dəmir filizinin ehtiyatı vardır. Bəzən neft-qaz ehtiyatının olduğu da göstərilir[22].

İqlimi
Qara dəniz sahillərində iqlim Aralıq dənizindən rütubətli subtropikə keçid təşkil edir. Burada iqlim yumşaqdır, bu da ölkənin mərkəz hissəsindən gələn soyuq atmosfer axınlarının qarşısını alan dağlar və dəniz hava kütlələri ilə əlaqədardır. Egey və Aralıq dənizi sahillərinin iqlimi subtropik Aralıq dənizi tiplidir (isti və quru yay, yumşaq və yağıntılı qış). Türkiyənin daxili hissələrinin iqlimi kontinental tipli subtropikdir. Ölkədə yanvarın orta temperaturu 4; 7 0 C, iyulun isə 20; 24 0 C-dir. Qərbə 635 mm, şərqə 2500 mm yağıntı düşür (əsasən oktyabr-mart). Şərq hissə çox şaxtalıdır (ən minimum temperatur -40 0 C burada qeydə alınıb)[22].

Daxili suları
Konya düzənliyi istisna olmaqla ölkə ərazisində çay şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə yararlı deyildir. Yaşıl İrmak, Qızıl İrmak əsas, həmçinin Fərat, Dəclə çayları, Van isə gölüdür[22].

Ərazi
Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[23]

Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[24]

Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.

İnzibati-ərazi bölgüsü
Əsas məqalə: Türkiyənin inzibati bölgüsü
BlankMapTurkeyProvinces.png

Ankara
Kırklareli
Ədirnə
Təkirdağ
Çanaqqala
Balıkəsir
Bursa
Yalova
İstanbul
Kocaeli
Sakarya
Düzce
Zonquldak
Bolu
Biləcik
Əskişəhər
Kütahya
Manisa
İzmir
Aydın
Muğla
Dənizli
Burdur
Uşak
Afyon
İsparta
Antalya
Konya
Mersin
Karaman
Aksaray
Kırşəhər
Kırıkkale
Çankırı
Karabük
Bartın
Kastamonu
Sinop
Çorum
Yozqat
Nevşəhər
Niğdə
Adana
Hatay
Osmaniyə
Qəhrəmanmərəş
Kayseri
Sivas
Tokat
Amasya
Samsun
Ordu
Girəsun
Ərzincan
Malatya
Qaziantep
Kilis
Şanlıurfa
Adıyaman
Gümüşxanə
Trabzon
Rizə
Bayburt
Ərzurum
Artvin
Ərdəhan
Qars
Ağrı
İğdır
Tuncəli
Elazığ
Diyarbakır
Mardin
Batman
Siirt
Şırnak
Bitlis
Bingöl
Muş
Van
Hakkari
Əhali
Əsas məqalə: Türkiyə əhalisi
Türkiyə Statistika Qurumunun 31 dekabr 2016-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 79.814.000 nəfərdir .[25] Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .[26][27]

Dil
Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır. Türkiyə türkcəsi bütün Türk xalqlarının əsas dili hesab olunur. Bunun səbəbi Türkiyə türkcəsinin bütün türk xalqları tərəfindən anlaşılmasıdır.

Kondanın sorğusuna əsasən
Türkiyədə 18 yaşdan yuxarı
olan əhali arasında ən çox
danışılan 5 dil (2006)[28]
Ana dili Nisbəti
Türk dili

84.54%
Kürd dili

11.97%
Ərəb dili

1.38%
Zaza dili

1.01%
Laz dili

0.12%
Digər

0.98%
Din
Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir.[29]

Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. Ümumilikdə nəzər saldıqda Türkiyə rəsmi dini olmayan bir dövlətdir və ölkənin konstitusiyasında da bu özünü Türkiyə vətəndaşı olan hər bir kəsin din və vicdan azadlığında təzahür edir. Ölkə ərazisində ümumilikdə məscid sayı isə 80.000-dən çoxdur.

Türkiyə torpaqlarında müsəlman olmayanların sayı 1914-cü ildə 19% olduğu halda bu sayı 1927-ci ildə 2.5%-ə düşmüşdür. Müasir dövrdə ölkədə katoliklər və ortodokslar da daxil olmaqla müxtəlif məzhəblərdən 120.000 xristian vardır ki, bu da ölkə əhalisinin 0.2%-dən daha azdır. Ölkədə açıq olan kilsə sayı isə 236-dır. İstanbul şəhəri 4-cü əsrdən bu yana Şərq Ortodoks Kilsəsinin mərkəzi hesab olunur.

Türkiyə ərazisində yaşayan yəhudi sayısı isə 26.000 hesablanmışdır. Türkiyədə ilk yəhudilər e.ə. 5-ci əsrdən etibarən məskən salmışlar. Sonradan 20-ci əsrdəki miqrasiyalara baxmayaraq hələ də az da olsa, ölkədə yəhudi əhali qalmaqdadır.

Tarix
Əsas məqalə: Türkiyə tarixi
Qədim dövr

Celsus kitabxanası
Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması – Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.

Cumhuriyyət dövrü
Əsas məqalə: Türkiyə Qurtuluş Savaşı

Türk süvari birliklərinin İzmirə girişi
XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökumətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi “Milletin müdafiəsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə hökumətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.

İkinci dünya müharibəsi dövrü

1941-ci ildə Türk əsgəri tərəfindən Ayasofya Muzeyinin minarəsindən yerləşdirilən MG08 pulemyotu.
1941-ci il iyunun 18-də isə Türkiyə hökuməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş “Millətin müdafiəsi haqqında” qanuna əsasən hökumət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.

1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.

Avropalı dövlətlərlə müttəfiqlik

İkinci Qahirə Konfransında ABŞ prezidenti (Dövlət Başçısı) Roosevelt, Türkiyə Respublikasının Prezidenti İnönü və İngiltərə Baş naziri Churchill (3 dekabr 1943), Qahirə.
1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə hökuməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.

Siyasət
1919-1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etdi, prosesin yekun mərhələsində isə Osmanlı səltənəti süquta uğradı, müasir sərhədlər daxilində (Hatay bölgəsini çıxmaq şərti ilə) Türkiyə Respublikası quruldu.

İqtisadiyyat

Levent, İstanbul maliyyə mərkəzi
Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhzullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.

Təsərrüfat sahələri
Türkiyə – sənaye-aqrar ölkəsidir. XX əsrin 80-ci illərindən başlayaraq Türkiyədə gətirilmə xammal və müəssisələrin köçürülməsi və ya bu ölkədə məhsullarını istehsal etməsi sayəsində emaledici sənaye yüksək inkişaf edir. Qara və əlvan metallurgiya, neft emalı (İzmir şəhərində), kimya (Bandırma şəhərində), tikinti materialları istehsalı, yüngül (toxuculuq), yeyinti sənayesi fərqlənir. İstilik Elektrik Stansiyaları (İES) əsas elektrik enerjisi istehsalı mənbəyidir, həmçinin bu stansiyalar kömürlə işləyir. Suriya ilə sərhəddə, Fərat çayının üzərində böyük hidroenerji kompleksi (SES) yaradılmışdır (həm Suriya, həm də Türkiyə istifadə edir). Neft və qaz idxal olunur. Elektrotexnika və elektronika sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Türkiyədə kənd təsərrüfatı da inkişaf etmişdir. Kənd təsərrüfatında əkinçilik heyvandarlığa nəzərən xüsusilə seçilir. Anadolu yaylası kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə pambıq, günəbaxan, şəkər çuğunduru, zeytun, fındıq, tütün, üzüm, dənli bitkilər (buğda, arpa, qarğıdalı, çəltik, vələmir) becərilir. “Samsun” və “Trabzon” növlü tütünlər, həmçinin fındıq əkininə görə dünyada seçilir. Türkiyə pambıq yığımına görə dünyada VI (0,8 mln ton), buğdaya görə dünyada IX (20 mln ton), şəkər çuğunduru yığımına görə isə IV-dür (2,7 mln ton). Heyvandarlıqda qoyunçuluq (anqor tiftiyi), quşçuluq və maldarlıq inkişaf etmişdir. Türkiyə nisbətən inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Daxili sərnişin və yük daşımalar əsasən avtomobil nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollarının uzunluğu cəmi 3,4 min km-dir. Xarici ticarət əlaqələrində dəniz nəqliyyatı əsas əhəmiyyət daşıyır. Mühüm dəniz limanları İstanbul, İzmir, Samsun, İsgəndərundur. “Türk hava yolları” həm daxili, həm də xarici sərnişin daşımaları həyata keçirir[22].

Ordu
Əsas məqalə: Türkiyə Silahlı Qüvvələri
21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıqladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur .[30][31] 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .[32][33]

Təhsil
Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid “Tələbə Seçmə Sınağı” vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

Universitetler

İstanbul Texniki Universiteti Maçka kampusu

Boğaziçi Universiteti
Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet – İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir. Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.Planlı təhsil, müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.

Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.

1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.

Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.

İbtidai təhsil
Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.

Orta təhsil
Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.

Ali təhsil
Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.

Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:

Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.[34]
Bayramlar və xüsusi günlər
Əsas məqalə: Türkiyə bayramları
Rəsmi bayramlar
1 yanvar – Yeni il
23 aprel – Milli Suverenlik və Uşaq Bayramı
1 may – İşçi Bayramı
19 may – Atatürkü anma, Gənclik və İdman Bayramı
30 avqust – Zəfər Bayramı
29 oktyabr – Respublika Bayramı
Dini bayramlar
Ramazan Bayramı (3 gün)
Qurban Bayramı (4 gün)