QORXU

Başımda fikirlər pərən-pərəndi,
Anlaya bilmirəm özümü daha.
Şirin yuxulara möhtac olmuşam,
Yuma bilməyirəm gözümü daha.

Beynimdə sualım, qəlbdə ahım var,
Sanki günəş doğmur, sökülməyir dan.
Özümün özümə etirafım var,
Qorxuram deyəsən tənha qalmaqdan.

Əvvəllər sözümün gücüydü təklik,
İndi ilhamımı alır əlimdən.
Şeirimin, fikrimin özüydü təklik,
Artıq qələmimi salır əlimdən.

Sarır tənhalığın dumanı, çəni
Yaşamaq eşqiylə vuran qəlbimi.
Elə bil ki, ölüm haqlayıb məni
Yarıda qoyacaq ilham pərimi.

Şaxta yox, sazaq yox – dost-düşmənimdən,
Duyduğum yalanlar dondurur məni.
Nə bilim, bəlkə də yaxınlarımın,
Eyhamlı baxışı yandırır məni.

Daha nə faydası – belədi dünya,
Haqqı əlimizdən alan danışır.
Bizi həqiqətdən elədi dünya,
Doğrunun yerinə yalan danışır.

GİLEY

Fikrimmi qarışır, ağlımmı çaşır? –
Bilmirəm nəyim düz, nəyim səhv mənim.
Ürək gecə-gündüz çağlayır, daşır,
Artıq bu məhəbbət edir məhv məni.

Ruhumu söykəyib xəyallarıma,
Səndən gileyləndim, səndən danışdım.
Adın həkk olunub dodaqlarıma,
Sənin varlığına yaman alışdım.

Xəyalən görüşdük, xəyalən güldük,
Həyatda bilmədik xoşbəxtlik nədi?!
Bəzən yuxuları qənimət bildik,
Yuxu eşqimizə bir bəhanədi.

İndi sən xoşbəxtsən öz aləmində,
Düşünmə halından öc alıram mən.
İndi sən xoşbəxtsən, bu xoşbəxtlikdən
İnan ki, indi də güc alıram mən.

Bilmirəm qəlbləmi, ruhlamı sevdin?
Amma bilirəm ki, yerim görünür.
Mənim məhəbbətim dağ misalidir,
Hər gün çiskin düşür, duman bürünür.

Sıxılma, darıxma, yorma özünü,
Daha öz günəşin, öz də danın var.
Amma ki, unutma, unutma bunu,
Əbədi qəlbində yadadanın var.

DAYAN, DƏLİ KÜRÜM

Nədəndir bir belə sənin əsəbin?
De görüm, kimlərə tutub qəzəbin?
Pisliyi silməkdir yəqin hədəfin,
Dayan, dəli Kürüm, bəndləri aşma!

Ayağını saxla, bir dur, sakitləş,
Bu qədər coşmağın əbəsdir, əbəs.
İnan, olmayacaq bundan alan dərs,
Dayan, dəli Kürüm, bəndləri aşma!

Hər kəs məskunlaşıb öz torpağında,
Yaşayır ömrünü aran-dağında.
Yaşlılar neyləsin ahıl çağında?
Dayan, dəli Kürüm, bəndləri aşma!

Heyifdi, dağıtma səddini, dəyməz,
Kimsəyə bildirmə həddini, dəyməz.
Əymə dost-düşmənə qəddini, dəyməz,
Dayan, dəli Kürüm, bəndləri aşma!

İllərdi qəlbində xəyallar quran
Analar düşünməz özünü bir an.
Çünki övladıdır gözündə duran.
Bala Kür xətrinə bu qədər coşma,
Dayan, ana Kürüm, bəndləri aşma!