Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.
Ana dilinin saflığı uğrunda mübarizə aparan Mirzə Cəlil qiymətli nəsr əsərləri, parlaq publisistikası ilə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanıb. Böyük ədibin dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə hərəkatına yol açıb, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərib.
Bu il demokrat ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi, həmçinin ölkəmizin mədəniyyət müəssisələrində yubileylə bağlı müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.
Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması planlaşdırılır.
Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi də yer alıb.
Bakı Xoreoqrafiya Akademiyasında “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans və “Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı” mövzusunda dəyirmi masa keçiriləcək.
Təhsil Nazirliyinin müəssisələrində yubileylə əlaqədar müxtəlif mövzularda elmi konfrans və fotolardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri” mövzusunda respublika konfransı, Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.
Bundan əlavə, Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin həyat və yaradıcılığına və “Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər planlaşdırılır.
Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri də olacaq. “Molla Nəsrəddin” Ensiklopediyası”nın, “Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyasının, “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstəricinin nəşri nəzərdə tutulur.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, birliyin bütün filiallarında və Mirzə Cəlilin Bakıdakı ev-muzeyində anım gecələrinin keçirilməsi və s. tədbirlər də sənəddə yer alıb.
Mənbə: http://www.azertag.az