Pəncərəmi açmışam,
Günəş gəzir otaqda.
Küsmüş bir qonaq kimi
xəbərsiz getdi şaxta.
Bir qonaq ki,
söhbəti çox uzundu;
qəm gətirirdi səsi.
Bir qonaq ki,
iliklərə sızırdı
acı, soyuq nəfəsi.
Pəncərəmi açmışam.
Çöldən evə yaz gəlir.
Yaz yox,
yazın qoxusu.
Hələ yerin canından
çıxmamışdır soyuqların qorxusu.
Pəncərəmdən gələn yaz
yazılmamış bir nəğmənin
ilk xalları kimidir,
Bir körpənin xəyalları kimidir.
Həqiqətdir, əfsanəyə bənzəyir,
Bir xəyaldır, həqiqəti bəzəyir.
Hələ zərif çiçək kimi
özü küləkdə əsən
ilıq, yeni nəfəsdir.
Olsun,-olsun, nə zərər.
Qışı yola salana,
baharı duymaq üçün
İnanın, bu da bəsdir.
Havadan birəm-birəm
enir qar.
İnsanlar!
Ay insanlar!
Könlümüzdədir bahar…

Mənbə: Klassik Ədəbiyyat İnciləri