Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində son layihə olaraq paytaxtdakı “Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən tərəflər mədəniyyət və ədəbiyyat sahəsində birgə layihələrin icrası, müxtəlif tədbirlərin keçirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyətinin, ədəbiyyatının təbliği, elmi və mədəni irsinin öyrənilməsi, “Turon” Mərkəzində “Azərbaycan” və “Dostluq” guşələrinin, fondlarının yaradılması, qarşılıqlı olaraq konfranslarda, seminarlarda, elmi və ədəbi simpoziumlarda, müsabiqə və festivallarda iştirak, Azərbaycan dilinin öyrənilməsi imkanının yaradılması, kitabxanalar arasında təcrübə və kitab mübadiləsinin həyata keçirilməsi, ölkələrin mədəniyyəti və ədəbiyyatı haqqında mühazirələrin və təqdimatların təşkili nəzərdə tutulur.
Tərəflər mədəniyyət və ədəbiyyat sahəsində mövcud məsələlər üzrə birgə nəşr layihələri, tanınmış ədəbiyyat nümayəndələri, şair və yazıçılarla görüşlər, təmsil etdikləri sahənin aktual məsələlərinə dair seminarlar, dəyirmi masalar, konfranslar, habelə kitab təqdimatları təşkil edəcəklər. AMM “Turon” Kitabxana-İnformasiya Mərkəzinin Azərbaycan kitabxanaları ilə əlaqələrinin yaradılması və genişləndirilməsinə dəstək veriləcək.
Bundan başqa “Turon” Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün Mədəniyyət Mərkəzinin muzeylərinə mütəmadı olaraq ekskursiyalar təşkil olunacaq, onlar üçün xüsusi kurslar keçiriləcək.
Memorandumu Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Turon” İnformasiya-Kitabxana Mərkəzinin direktoru Dildora Abduəzizova imzalayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Mənbə: https://azertag.az