em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

BU GECƏ

Gecə yuxuma gəldin,
Gözümə inanmadım,
Ağlım çıxdı başımdan,
Mən sənə toxunmadım.

Ətrindən bihuş oldum,
Sənə doyunca baxdım.
Heyran oldum hüsnünə,
Güldü üzümə baxdım.

Arzularım gül açdı,
Ay da baxıb sevindi.
Nurlandı ev-eşiyim,
Ulduzlar bizdən dedi.

Qxudu şən bülbüllər,
Meh əsdi sərin-sərin,
Qəlbim şam kimi yandı,
Olmadı heç xəbərin.

Dünya bir cənnət idi,
Sənsə gözəl bir mələk,
Kaş ki, ayılmayaydım,
Yatıb, qalaydım gərək.

NEYLƏYİM

Hamı xoş söz demir arxamca mənim,
Üzümə gülənlər yalandan gülür,
Yaxşılıq şumunda cücərmir dənim,
Bağımın çəpəri gizlin sökülür.

İnsana inam var odlu sinəmdə,
Xeyirxah əməllər sahibiyəm mən.
Sığır bir ürəyə sevinc də, qəm də,
Kimsə inciməyib şirin dilimdən.

Ayıra bilirəm yaxşını, pisi,
Hamı əməlinin haqqını alır,
Əyilən görmüşəm hər vaxt nakəsi,
Zaman namərdləri pis günə salır.

Məşhər ayağında, Haqq divanında,
Düzlər alnıaçıq dayanıb, durar,
Ucalar yanında, dağlar yanında,
Alçaqlar həmişə boynunu burar.

Ömrün hər anında, hər vədəsində,
Etibar etmişəm dosta, yoldaşa,
Vallah rast gəlmişəm dağ zirvəsində
Dərədən arxamca atılan daşa.