YAMAN TƏLƏSDİLƏR DOSTLAR
Dönəndən qəm aşığına,
Gözlərimin yaşı xına.
Yön aldım gün işığına,
Yolumu kəsdilər dostlar.
Min cürə çəmlə etdilər,
Birləşib, cəmlə etdilər,
Sağımdan həmlə etdilər,
Solumu kəsdilər dostlar.
Atımdan yerə saldılar,
Sonra dövrəyə aldılar,
Dizimə balta çaldılar,
Qolumu kəsdilər dostlar.
Bir getmişdim, beş qayıtdım,
Quzğunlara leş qayıtdım,
Bu dəfə də boş qayıtdım,
Dolumu kəsdilər dostlar.
Sinəmdə dağ basdırmağa,
Çolaq-axsaq basdırmağa,
Məni sağ-sağ basdırmağa,
Yaman tələsdilər dostlar.
BU DAŞ ATILAN DAŞ DEYİL
darıxmağın daşın atdım
daha darıxan deyiləm
o ilan soyuqluğunu
sinəmə sıxan deyiləm.
Xatirə Fərəcli
İstər kölə ol, istər hürr,
Bu daş atılan daş deyil.
Darıxmaq alında möhür,
Bu daş atılan daş deyil.
Ruhun tir-tir əsirsə də,
Nə müəmma, nə sirsə də,
Araya şeytan girsə də,
Bu daş atılan daş deyil.
Ələ yatmayır tiyəsi,
Yox bu məchulun niyəsi.
Ağ etmə, ağıl yiyəsi, –
Bu daş atılan daş deyil.
“Ya Rəbb” de, göylərə əl aç,
Eşqdir hər dərdə əlac.
Aç, göylərdən dər də əlac,
Bu daş atılan daş deyil.
Ürək kövrək, qəlb incədi,
Nə yazmısan qəlbincədi.
De, kimdən bu qəlb incidi?-
Bu daş atılan daş deyil.
Tərpətmə kül altda qoru,
Ruhunu səbrində qoru.
Rəvandı təbin də, qoru,
Bu daş atılan daş deyil.
BÖLÜK-BÖLÜKDÜ
Bir bölük dərddi dərdim,
Dərdim bölük-bölükdü.
Dedim bir məlhəm qoyum,
Gördüm bölük-bölükdü.
Bu dərdin qan adımı?
Toxundun qanadımı?
Üstünə qanadımı
Sərdim, bölük-bölükdü.
Seçmədi sərdə fəndim,
Keçmədi dərdə fəndim,
“Bu nasıl dərd, əfəndim?” –
Sordum, bölük-bölükdü.
Gəl yaşayaq bir ömür,
Dərvişsayaq bir ömür.
Mən başayaq bir ömür,
Sürdüm, bölük-bölükdü.
Bu bazar, açıq bazar,
Özündən ha çıx – bazar…
Ərənlər məzar-məzar,
Yurdum bölük-bölükdü.
VAXTIDI
Bir az ağır olun, nolar,
Batman gəlməyin vaxtıdı.
Savalandan yola çıxıb,
Atnan gəlməyin vaxtıdı.
Görüb oxu – kürəkdəki,
Kimdi əsən külək təki?!
Yaşanarmı ürəkdəki
Çatnan, gəlməyin vaxtıdı.
Dərd sinədə sırıq-sırıq,
Sirr verdiyin ağzıcırıq,
Düşmən neylər ki, bu qırıq
Zatnan, gəlməyin vaxtıdı.
Dözməklə kar aşandımı?
Ruhsuz bir gün yaşandımı?!
Barışmaq yaraşandımı
Matnan?- Gəlməyin vaxtıdı!