Dağların arasında
Dəniz olub ağ duman.
Dağlara dəniz gəlib
Baxıram heyran-heyran.
Hər səmadan bir taya,
Hər buluddan bir əlçim,
Hər dəryadan bir içim
Yığılıb dəniz olub.
Dağların arasında
Sıxılıb dəniz olub.
Görünür yorğun düşüb,
Dərəyə lövbər salıb,
Bir az yatmaq istəyir.
Göyləri çox gəzibdir,
Qayalı dağ istəyir.
Dağlara dəniz gəlib
Sahili sıldırımlar.
Dincəlir bu dənizdə
Şimşəklər, ildırımlar;
Dağkəlilər yol azıb,
Cüyürlər çaşbaş qalıb.
Qağayının yerini
İndi də qartal alıb…
Səhər şəfəqlərilə
Yanır dənizin üstü.
Dəyir sahil daşına,
Doğranır əlçim-əlçim,
Burulur tüstü-tüstü.
Bəh, dağların gözündə
Bu nə şirin uyğudur,
Bu nə zərif duyğudur,
Bu nə gözəl xəyaldır!
Hələ külək əsməsin, –
Göyün bağrı sökülər;
Dəniz doluxsunmasın,
Suya dönüb tökülər.