“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Güzgülər içimin çöl tərəfidi

Ayrılıq deyirəm…
Ayrılıq
Bədənimin sol tərəfidi.
Gözlərim deyirəm…
Gözlərim
Gedənlərin yol tərəfidi.
Güzgülər içimin çöl tərəfidi,
Güzgülərdə sevmə məni.
Ürək görünmür orda!
Yox! Qayıtma deyirəm,
Əvvəl ayağa dur ürəyimdə.
Ayağa dur ki, sənin
Çiyninə başımı əyim.
Güvənməkdən başlayır sevməyim…

Əllərim bir tənha qucaqdı sənsiz

Əllərim bir tənha
Qucaqdı sənsiz.
Həsrətin yamanca
Qoçaqdı sənsiz.
Stolumun üstündə
Titrəyən şamım üşüyür.
Sənsiz açılan səhərim,
Düşən axşamım üşüyür.
Çiynim bədənimdə intihar yeri,
Asılacaq qolum varmış.
Elə hər gün ürəyimdən keçirsən,
Nə tükənməz yolun varmış.
Ömrümü başı aşağı
Tutub boşaltmısan indi.
Səndən qalan tək xatirə
Təkliyimdi, təkliyimdi…